Başını qaldırıb yorğun baxışlarla rəfiqəsinin üzünə baxdı. Elə bil dünyanındərdini çiyninə yükləmişdilər. Kirpiklərindən daş asılmışdı, göz qapaqları davam gətirmədi, nəzərlərini yerə dikib susdu. Tələbəlik illəri bir anlıq kino lenti kimi gözünün önündən keçdi. Rəfiqəsi nəsə deyir, osa heç nə eşitmirdi.
Laləylə Tibb Universitetində bir qrupda oxumuşdular. Çox savadlı, inadkar qız dı, dediyini edəndi. Hələ birinci kursda qərara almışdılar ki, cərrah olacaqlar. Hər ikisi əlaçıydı. Dördüncü kursda Aygünün başına fəlakət gəldi - atası qəfildən vəfat etdi. Atasına çox bağlıydı, yoxluğuyla barışa bilmirdi. Ruhdan düşdü, xeyli müddət dərsə gəlmədi, qiymətləri aşağı düşdü. Lalə rəfiqəsinə dəstək olmağa çalışırdı, əlindən gələni edirdi ki, həvəsdən düşməsin, amma xeyri olmadı.Aygün dərsə gələndə də başından qara yaylığı açmırdı, tez-tez doluxsunur, hönkürtüylə ağlayırdı. Tələbə yoldaşları ona təskinlik vermək istəyirdilər. Ən çox Lalə əl-ayağa düşür, qaçıb su gətirir, çox vaxt da ona qoşulub ağlayırdı.
Aygün atasını belə tez itirəcəyini ağlına da gətirə bilməzdi. Cəmi əlli yaşı vardı, sağlam, həyatdolu adamdı. Qızını da çox sevirdi. Ona baxanda üzünə təbəssüm qonur, ciddi görkəminə yumşaqlıq çökürdü. Ata-baladan əlavə, həm də dostdular, atasından məsləhətsiz hərəkət etməzdi. Atasıyla fəxr edirdi, barəsində danışmaqdan doymazdı. İndi Aygünün dünyası alt-üst olmuşdu, yaşamağın dadı qaçmış, arzuları çilik-çilik olmuşdu. Əlaçı rəfiqəsindən xeyli geri qalırdı, cərrah olmaq niyyəti yadından çıxmışdı. Atasının arzusuyla həkimliyi seçmişdi. Atası onu həkim görmək istəyirdi. İndi nə mənası vardı...
Aygün diplom aldığı gün çox ağladı, atasının bu günü görməsini çox istəyirdi. Bir dəstə gül alıb atasının qəbrini ziyarətə getdi. Səssiz-səssiz atası ilə danışdı, ürəyini boşaltdı.
Aygünün bəxti gətirmədi. Arzuları atası ilə bərabər qara torpağa gömüldü. Ailə həyatı da yarımçıq qırıldı, həyat yoldaşını gənc yaşında itirdi. Ağır günlərdə atasını çox arzuladı, ona çox ehtiyacı vardı. Amma həyat elə bil onu sınayır, gücünü, dözümünü yoxlayırdı.İki övladı vardı, onlar üçün yaşamalıydı.
Lalə eynəyini çıxarıb stolun üstünə atdı. Hiss edirdi ki, rəfiqəsi ona qulaq asmır. Nəsə xatırlayıb ayağa qalxdı, su süzdü, cəld hərəkətlə cibindən dərman çıxarıb tərs-tərsAygünə baxdı, həbi dilinin üstünə qoydu. Bir qurtum su içib udqundu. Sonra ağır addımlarla qayıdıb yerində oturdu.
-Qulaq as, Aygün, uşaq deyilsən. Gördün nə hala düşdüm? Dəqiqənin də hökmü var. Dərmanımı beş dəqiqə gecikdirsəydim, vəziyyətim necə olacaqdı, bilmirəm. Hələ yaxşı ki, həkiməm, başıma çarə qıla bilirəm. Sənin vəziyyətin çox ağırdı. Yara çox böyüyüb, hər dəqiqə deşilə bilər. Müalicələr effekt vermir. Fistula götürülməlidi. Yoxsa qanına çirk yayılar. Əməliyyat olunmalısan.Az-az qanaxman da var. Ayaq üstə iki-üç saatdan artıq dayanmaq olmaz. Uzanmalısan. Damarlarının gücə düşməsi təhlükəlidi. Müayinələrinin cavablarını özün də gördün. Getmə, xahiş edirəm, gəl əməliyyat edək, sağal, sonra gedərsən. Özünü virusa qurban vermə, balaların var. Virusa yoluxsan, sağalmayacaqsan. Geriyə dönüş olmayacaq, - deyib doluxsundu, səsi titrədi, sözün ardını gətirə bilmədi. Stolun üstündən eynəyini götürüb yaşarmış gözlərinə taxdı. Sanki bununla gözündən axan yaşı gizlədəcəkdi. Masaya dirsəklənib əllərini üzünə dayadı, gərgin halda rəfiqəsinin nə deyəcəyini gözlədi.
Aygünün halı özündə deyildi, beynində yüz fikir vardı, danışmağa heyi yoxdu. Yavaşca ayağa qalxıb qapıya sarı getdi.
- Bir söz deməyəcəksən?
- Başdan dedim sənə. Vəziyyət çox ağırdı. Həkimlərə ehtiyac var. Getməliyəm. İş yoldaşlarıma söz vermişəm. Getməsəm, qorxduğumu zənn edərlər, “aradan çıxdı”, deyərlər. Onsuz da insanlar təlaş içindədirlər. Həkim çatışmazlığı var. Dövlət bütün həkimlərə çağırış edib. Birinci yazılmışam, gedəcəyəm. Mənə heç nə olmaz, narahat olma. Borcumu yerinə yetirib, sağ-salamat geri qayıdacağam. Bir də ki, kimsə özünü qurban verməlidi, ya yox? – deyib gülümsədi. Qapıya yaxınlaşdı, çıxmaq istəyəndə çevrilib baxdı, rəfiqəsinin gözləri dolmuşdu.
Gecə saat 12-də növbəsi başlayacaqdı. Evə gəlib bütün işlərini sahmana saldı. Uşalarına yemək bişirib soyuducuya qoydu. Bir az uzanıb istirahət etdi. Saat səkkizdi. Tez çıxmalı, hotelə yerləşməliydi. Qonaq otağına keçdi. Uşaqları divanda oturub, həyəcanla televizorda pandemiya xəbərlərinə baxırdılar. Həm yoluxanların, həm ölənlərin sayı günbəgün artırdı. Sakitcə gəlib divana oturdu. Hiss etdirmədən uşaqlarını süzdü. Nəsə demək istədi, dillənə bilmədi. Kövrəldi. Hönkürməsin deyə, dişləri ilə dodaqlarını bərk-bərk sıxdı. Gözlərindən axan yaş yanaqlarına yuvarlandı. Cəld göz yaşlarını sildi. Böyük oğlu gözlərini ekrandan çəkib anasına baxdı, onun kövrəldiyini görüb çiynini qucaqladı.
- Ana, bizdən nigaran qalma, uşaq deyilik. Elə bilərik əsgərlikdəyik. Özümüz bişirib yeyəcəyik. Paltarları, qabları özümüz yuyacağıq. Kaş, bacımız olaydı, sən də narahat olmazdın.Düz demirəm? – deyib gülümsədi. Sonra mənalı-mənalı kiçik qardaşına baxdı, sanki ondan dəstək istəyirdi.
Kiçik qardaş mətləbi anladı. Divanın küncündən qalxıb anası ilə qardaşının arasında özünə yer elədi. Anasının əlindən tutub gözlərinə baxdı.
-Vallah, ana, qətiyyən narahat olma, Düzdür, sənin yerini heç kim verməz, amma biz – iki kişi əl-ələ verib dolanarıq. Bizim fikrimizi çəkmə, əsas özünü qoru, ehtiyatlı ol. Hər gün “Skayp”la danışarıq, sən də bizi görərsən.
Övladlarının sözləri Aygünü daha da kövrəltdi. Valideynlərini vaxtsız itirməsi onu çox həssas etmiş, həyatsevər, şən, zarafatcıl qızdan əsər-əlamət qalmamışdı. Bacısının olmaması da ona təsir edirdi, oğullarına hər sözü deyə bilmir, ürəyini boşalda bilməyəndə özünü tənha hiss etdirdi. İndi də ana-bacının yeri görünürdü. Övladlarını tapşırmağa kimsəsi yoxdu. Bir yandan da xəstəlik onu incidirdi. Oğullarını yerbəyer eləməmişdi, onların anaya ehtiyacları vardı. Aygün daha çox onların dərdini çəkirdi. Onları kədərləndirməmək üçün otaqdan çıxdı.
Taksiylə karantin müddətində qalacaqları “Bulvar Hotel”ə gəldi. Adminsrtatora yaxınlaşıb özünü təqdim etdi. Administrator kompüterdə adını tapıb, qalacağı otağın kartını ona uzatdı, gülümsəyərək “xoş gəlmisiniz” dedi. Aygün təşəkkür edib, liftlə üçüncü mərtəbəyə qalxdı. Otağı tapmaqda bir az çətinlik çəkdi. Uzun dar dəhlizlər onu bir anlıq çaşdırdı. Xeyli gəzdikdən sonra otağını tapdı, qapısını açıb içəri girdi. Otağın gözəlliyi onu valeh etdi. Son dəblə dizayn edilmiş mebellər - divan, kreslo, vanna otağı göz oxşayırdı. Bir xeyli otağı nəzərdən keçirdi. Sonra əşyalarını şkafa yerləşdirib, pəncərə pəncərəni açdı. Dənizdən əsən meh üzünə vurdu, saçlarını oxşadı. Dərindən nəfəs alıb, havanı ciyərlərinə çəkdi. Dbulvara baxmaqdan doymurdu. Gözünü lampa işıqlarında bərq vuran ucsuz-bucaqsız gümüşü dənizdən çəkə bilmirdi. Bulvarda heç kim yoxdu. Aman Allah, həmişə səsli-küylü bulvar tamamilə tənha və kədərliydi. Elə bil bu dəqiqə ağlayacaqdı. “Lənət olsun, pandemiya! İnsanları qorxudan evlərinə məhkum etmisən. Amma sənin də axırına çıxarıq”, - deyə, mızıldandı. Dənizə baxa-baxa fikrə daldı. Telefonun zəngi onu xəyallardan ayırdı. İş yoldaşıydı. Aşağı düşməliydi. Bir azdan iş yerinə - Tibb Unuversitetinin klinikasına getməliydi. Pərdəni çəkib qapının kartını və mobil telefonunu götürdü, ev başmaqlarını çıxarıb, ayaqqablarını geyindi və otaqdan çıxdı. Fikirli-fikirli liftlə aşağı - vestibülə düşdü. Rəfiqəsilə səmimi görüşdülər. Hoteldən çıxıb bayırda toplaşmış həmkarlarla salamlaşdılar, hal-əhval tutdular. Çox keçməmiş avtobus gəldi. Aygün pəncərə tərəfdə oturdu. Gecənin qaranlığında küçə lampaları şəhərə ayrı gözəllik qatırdı. Yollarda “Biz birlikdə güclüyük!”, “Azərbaycan həkimlərinə eşq olsun!” şüarları yazılmış plakatlar ona xoş təsir bağışladı, bir az yüngülləşən kimi oldu.Gözləri yola dikilsə də, fikirləri tez-tez uzaqlara uçurdu. Hərdən rəfiqəsinin suallarına başını yelləməklə cavab verir, əslində isə deyilənlərieşitmirdi, ürəyi balalarının yanındaydı.
Avtobusdan düşüb eyinmə otağına keçdilər. Uniforma üstündən hava buraxmayan skafandr foma keçirib, gözlərinə plastmas eynək, ağızlarına maska taxıb, əllərinə əlcək geyinib liftə mindilər. Onbirinci mərtəbəyə qalxdılar. Yeni iş yerində ilk günü başladı.
Bircə nigaranlığı evdən və çox sevdiyi insandandı. Nə zəng vurur, nə də yazırdı. Pandemiyanın qorxusundan evdən çölə də çıxmırdı. O, taleyin verdiyi ikinci şansdı, onu sevirdi, bağlanmışdı. Çətin günlərinin dostu olmuşdu. Ağlayanda göz yaşını silmişdi. Xəyalında başını çiyninə qoyub sakitləşmişdi. Ondan atalıq qayğısı görmüşdü. Əzizi, doğması kimi sevmişdi. Amma düşünməmişdi ki, bir gün ona bağlanar, ürəyinin qapısını açar. İndi onun üçün həyatından keçməyə hazırdı.
Neytral zonaya çatanda bir anlıq dayandı, onu tər basdı. Artıq olumla ölüm arasındaydı. Bu zonanı keçdikdən sonra çirkli zonaya – ön cəbhəyə keçəcək, viruslu xəstələrlə təmasda olacaqdı. Elə bu vaxt telefonuna mesaj gəldi. “Salam. Öyrəndim. Özün getmisən. Çox cəsarətlisən. Gərək belə etməyəydin. Bu çox qorxuludu. Yoluxa bilərsən”.
“Salam. Kimsə getməlidi, ya yox? Hamı qorxub gizlənsə, axırı nə olar? Bura
gəlmək üçün, əlbəttə, cəsarət lazımdı”.
“Sən qəhrəmansan. Səninlə fəxr edirəm. Başqalarının bacarmadığını sən bacardın. Özünü qoru. Səni gözləyəcəyəm. Bircə özünü qoru”.
“Qoruyacağam”.
Kövrəldi, daha heç nə yaza bilmədi. Gözlərində gilələnən yaş damlaları kirpiklərində donub qaldı. Kürəyini divara söykəyib sakitləşməyə çalışdı. İki balasının kədərli siması gözünün qabağına gəldi, qulağı həkim rəfiqəsinin səsini çaldı sanki: “Virusa yoluxsan, dönüş yoxdur”. İçin-için ağladı. Eynəyi tərləmişdi. Heç nə görmürdü. Nə qədər vaxt keçdi, bilmədi. Rəfiqəsinin səsi düşüncələrinə son qoydu.
- Yaxşısan?
- Hə, yaxşıyam, - deyib gözlərini gizlətmək üçün başını aşağı əydi. Rəfiqəsi onun ağladığını hiss etsə də, özünü o yerə qoymadı.
- Keçək növbəmizi təhvil alaq, - dedi və ona salfetuzatdı. - Hələ ki, neytral zonadayıq. Eynəyin tərləyib, gözlərini, eynəyi sil. Bir azdan çirkli zonaya keçəcəyik, səkkiz saat nə eynəyini, nə də maskanı çıxara biləcəksən. Su içmək, yemək olmaz. Əlini tez-tez spirtləyəcəksən. Xəstələrə çox yaxın getməyəcəksən, bir metr aralıdan söhbət edəcəksən.
Həmkarına diqqətlə qulaq asan Aygün gözünü və eynəyini silib divardan asılan güzgüyə yaxınlaşdı. Bir xeyli kosmonavt qiyafətinə baxdı. Həyəcanı keçmirdi. Özünü müharibə zonasında, ön cəbhədə hiss edirdi. Güzgüyə baxdıqca sanki bir səs onu sakitləşdirməyə çalışırdı . “Özünü ələ al, Aygün. Sakit ol. Qorxmaq, geri çəkilmək vaxtı deyil. Neytral zonadasan. Bir addım qalıb. Qorxma. Hər şey yaxşı olacaq!” Öz-özünə: “Qorxmuram”, - deyib, irəlidə - çirkli zonada dayanan rəfiqəsinə baxdı. Ora ön cəbhəydi. Rəfiqəsi ona sınayıcı nəzərlərlə baxır, nə qərara gələcəyini gözləyirdi. Aygün eynəyini taxdı, sağ əlini gicgahına aparıb hərbi təzim etdi:
- Cənab zabit, leytenant həkim Məmmədova ön cəbhəyə keçməyə hazırdır, - dedi və gülümsəyərək irəliyə addımladı, neytral zonanı keçib rəfiqəsinə yaxınlaşdı. Rəfiqəsi də onu təbəssümlə qarşıladı.
- Əhsən sənə, Aygün. Amma çox fikirləşdin. Atıq neçənci həkimdi ki, sənin kimi neytral zonada dayanıb fikirləşir. Bu nə sirdi, anlamıram, - deyib maskanın altından eşidiləcək qədər güldü.
Aygün də başını yelləyib:
- Yəqin şeytandı, məni yoldan döndərmək istəyirdi, alınmadı, - deyərək rəfiqəsinə qoşuldu.
Birinci iş günü olsa da, səhərə kimi ağır iş rejimi, yuxusuz gecə onu çox yordu. Yorğun halda pəncərəyə yaxınlaşıb, klinikanın on birinci mərtəbəsindən Alov qüllələrinə baxdı. Gecənin qaranlığında bu qüllələr çox möhtəşəm görünürdü. Səhərin açılmasına az qalırdı. Skafandrın içidə başından ayağına kimi axan tər onu çox qıcıqlandırır, narahat edirdi. İş saatı bitən kimi gözlərinə işıq gəldi, yorğun halda neytral zonaya yaxınlaşdı. Əynini soyunub çirkli paltarlar üçün qoyulmuş dolaba atdı, uniforma tər içindəydi. Dəhlizdən gələn soyuq meh kürəyini üşütdü. Neytral zonanı adlayıb liftə yaxınlaşdı. Ayaq üstə duracaq vəziyyətdə deyildi. Düyməni basıb liftin açılmağını gözlədi. Handan-hana liftin qapısı açıldı. İçəridə yuxarı mərtəbədən enən tibb işçiləri var idi. Salamlaşıb içəri keçdi. Halsızlıq və yorğunluq onu əldən salmışdı. Danışmağa taqəti yox idi. Gözlərini yumdu. İçəridə qızların səsi bir-birinə qarışmışdı. Lift birinci mərtəbəyə çatanda “çatdıq”, - deyə, qızlardan biri ucadan səsləndi. Deyəsən, ona eşitdirirdi. Gözlərini açıb səs gələn tərəfə baxdı. Qızlar gülüşə-gülüşə lifti tərk etdilər. Yorğun bədənini birtəhər sürüyüb çölə atdı. Geyinmə otağına gəlib əynini dəyişib, dəhlizə çıxdı. Dəhlizdəki işçi onun ad-soyadını qeyd etdikdən sonra binadan bayıra çıxdı. Küçəyə çıxmağı ilə küləyin ona şapalaq çəkməyi bir oldu. Bərk üşüdü. Külək boynundan girib kürəyindən çıxdı, bütün bədənini üşütdü. Paltosunun yaxasını əli ilə bərk-bərk tutub avtobusa sarı qaçdı. İçəri girən kimi sürücüdən qapıları bağlamağı xahiş etdi.Sürücü mənalı-mənalı ona baxıb, arxa qapını bağladı. Amma onun titrətməsi kəsmədi. Hətta qarnına sancı da doldu. Sancıdan qovrulurdu. Ayaqlarını yığdı, başını dizinə qoydu. Yanında əyləşən tibb bacısı narahat oldu.- Xanım, özünüzü pis hiss edirsiniz? Su verim?
- Yox, narahat olmayın, üşümüşəm yaman, indi isinərəm, keçər , -deyib susdu.
Yanda oturan həkimlərdən biri :
- İlk gün mən də bu günə düşmüşdüm. Sonra yavaş-yavaş öyrəşdim. Sən də öyrəşəcəksən, - deyib gülümsədi.
Aygün başını qaldırıb səs gələn tərəfə baxdı. Hər kəs ona baxıb gülümsəyirdi. Özünü ələ aldı, dikəldi, yavaş-yavaş özünə gəlməyə başladı. Hiss etdi ki, avtobusdakıların diqqət mərkəzindədi, onun halına acıyırlar. Utandı, üzünü pəncərəyə çevirdi. Elə bu vaxt sürücü səsləndi.
- Hamı burdadırsa, tərpənək.
- Qalan yoxdu, getdik! - arxadan kimsə cavab verdi. Avtobusun sürücüsü himə bənd imiş kimi, dərhal mühərriki işə saldı.
Avtobus hotelə çatanda Aygün ürəyində Allaha şükür etdi. Birtəhər özünü sürüyüb avtobusdan yerə saldı. Ayaqları bir-birinə dolaşa-dolaşa yorğun addımlarla hotelə sarı addımladı. Həmkarları ilə bərabər hotelin girişində yoxlama əməliyyatından keçdi. Hər kəs vəsiqəsini göstərib, bir-bir içəri daxil oldu. Holun başında ofisiant oğlanlar yemək paylayırdılar. Aygün yaxınlaşıb yemək qoyulmuş sinilərdən birini götürüb liftə yaxınlaşdı. Əlləri əsə-əsə liftin düyməsini basdı, qapılar açılan kimi özünü zorla liftə atdı. Liftdən otağına qədər yol ona çox uzun gəldi. Qapıya çatanda yadına düşdü ki,kartı çıxarmaq lazımdır. Hirsi beyninə vurdu. Əlindəki sinini yerə qoyub, arxa cibindəki kartı çıxarıb qapının üstündəki qurğuya yaxınlaşdırdı. Qapı avtomatik açıldı. Sinini qaldırıb içəri girdi. Hiss etdi ki, artıq ayaq üstə dayana bilmir. Tələsik vanna otağına keçdi. Bədəninə su dəydikcə ağrılar canından çıxmağa başladı. Amma yenə də yorgunluq öz işini görmüşdü. Duşun altında dayana bilməyəcəyini anlayıb,tez suyu bağladı. Saçlarını dəsmalla qurulaya –qurulaya televizorun düyməsini basıb, pultla kanalları çevirdi. Aztv-də dostunun danışdığını görüb dayandı. Öz şeirlərini oxuyurdu. Aygünün üzünə təbəssüm qondu. “Sənin üçün çox darıxmışam, çox...”, dedi və gözləri doldu. Kresloya oturub, sinini qabağına çəkdi. Əsəbləri gərilmişdi. Yemək boğazından zorla keçirdi. Sinini kənara itələdi. Əlilə üzünü örtüb hönkür-hönkür ağladı. Nə qədər vaxt keçdiyini özü də bilmədi. Göz yaşını silib, özündə güc tapıb ayğa qalxdı. Pəncərədən al-əlvan işıqlı bulvar, tək-tük insanlar görünürdü. Yenə gözləri doldu, özünü yalqız, kimsəsiz hiss etdi. İki balasını düşündü. Fikirləşdi ki, yəqin hələ yatırlar. Bir az toxdadı. Onlar üçün yaşamalıydı. Bəs özü üçün nə vaxt yaşayacaqdı?..
Telefonun siqnalı səsləndi, mesaj gəldi. Ondan idi.
“Salam, narahat etmədim?”
“Salam, yox.”
“ İlk iş günün necə keçdi?”
“Yaxşı. Bir az yorulmuşam. Amma keçər...”
“Yat, səndən xəbər bilmək üçün yazdım.”
“Sağ ol. Qayğıma qaldığına görə. Gecən xeyrə qalsın.”
“Xeyrə qarşı”.
“Aman Allah, o mənə yalnız dost, ata qayğısı göstərir, hisslərimdən xəbərsizdir. Necə olacaq bu işin axırı...” Balışı qucaqlayıb yuxuya gedənə kimi ağladı...
Səhər telefon zənginə yuxudan oyandı.O idi. İkinci baharı. Həyatının günəşi. Zülmət həyatının yeni doğan günəşi. Dərdli, kədərli həyatının şeirli qonağı. Şairdi. Tanınmış insandı. Tez-tez əlaqə saxlayır, dərdinə şərik olur, özü də hiss etmədən onu özünə, qəlbinə bağlayırdı. Bir xeyli hal-əhval tutduqdan sonra sağollaşdı.
Günlər keçir, Aygün getdikcə işinə alışırdı. Tez-tez evlə əlaqə saxlayır, balaları ilə maraqlanırdı. Vaxt ağır keçirdi. Səkkiz saatlıq iş, skafandr geyim, susuz, yeməksiz qalmaq, fizioloji təlabatları ödəməmək çox çətin idi. Amma öyrəşmişdi. İş qabağı su içmir, az yemək yeyirdi. Xəstələrin ağır vəziyyətdə olması, gecədən səhərə kimi yuxusuz qalmaq onu üzürdü, çəkisinin azalmasına, halsızlığa və immunitetin düşməsinə səbəb olmuşdu.Amma dözürdü. Bu, həkimlik borcu, peşəsinə hörməti və məhəbbəti idi. Ağır xəstələrə gecə -gündüz yardım edir, başlarının üstündən çəkilmirdi.Hər gün otuza qədər xəstəlik tarixlərini, təyinatları yazırdı. Skafandrın içində tərləsə də, tər başından ayağına kimi axsa da, bezmirdi, çünki peşəsini sevirdi. İnsanlara qayğısını, sevgisini əsirgəmirdi. Xəstələrin çox olduğunu görüb, kiçik tibb bacılarına kömək edirdi. Yaşlı xəstələri yedirir, tərli paltarlarını dəyişməyə kömək edir, qollarından tutub ayaqyoluna kimi aparırıdı. Ağır təzyiq ölçən aparatı bir xəstənin otağından digər xəstənin otağına daşıyaraq təzyiqlərini ölçürdü. Bütün işçilər onun xəstələrə qarşı qayğıkeşliyinə məətəl qalmışdılar. Tibb işçilərinin pıçıldaşmaqlarını da eşitmişdi: ”Necə sadə həkimdi, öz işi başından aşır, amma ağır xəstələrə qulluq edir. O gün görürəm, tibb bacısının işini görür. İşlədiyi səkkiz saat ərzində bir xəstə belə reanimasiyaya düşmədi. Gələndən hamıya özünü sevdirib. Bütün xəstələr ona dua edirlər”.
Güvəndiyi insan isə onu hər gün axtarır, qayğısına qalır, həyatdan möhkəm yapışmağa ruhlandırırdı. Səbirsizliklə ayın axırını, işinin başa çatacağını, onunla görüşəcəyi günü gözləyirdi. Sevgi onu yaşadırdı.
İşdən yorğun gəlib əl-üzünü yudu, bir stəkan çay içdikdən sonra bulvara düşdü, yeganə sirdaşı gümüşü dənizin ləpələrinə göz yaşları ilə baxdı. Ürəyinin çağrılmamış qonağı haqqında düşündü: “Ay Allah, bizi niyə qarşılaşdırdın? Ona bir şey olsa, mən nə edərəm? Birdən virusa tutular, ölər.Yox... Yox... Allah eləməsin”. Tez bəd fikirləri qovdu. Özünə təsəlli verməyə çalışdı: “Ay Allah, heç nə istəmirəm, təki ona bir şey olmasın. Olmaz, olmaz... Yaxşı insandı, Allah ona dəyməz...” Başını qaldırıb göyə baxdı, ürəyi sıxıldı. Uzaqdan həzin musiqi səsi eşidildi, daha da kövrəldi. Ürəyini boşaltmaq, rahatca ağlamaq üçün hotelə tələsdi.
Səhər işə gələndə növbətçi həkim tərəfindən məlumat aldı ki, palataya gecə üç xəstə qəbul edib. İkisi orta ağır, bir çox ağırdır. Həkim yoldaşı onu kənara çəkib məsləhət də verdi. “Aygün, özünü qoru, xəstəyə çox yaxın durma, hərarəti yüksəkdi. İki tərəfli pnevmaniyası var. Rentgeni yaxşı çıxmayıb. Buzlu şüşədi. Yaxşılaşma yoxdu. Oksigenə qoşmuşam, onsuz nəfəs ala bilmir. İstəyirsən, reanimasiya çağır. Özünü yorma. Mən çağırdım, “hələ yer yoxdu”, dedilər. İlk tibbi yardım burada oldu. Bir də ki, artıq gedirik. Son günlərimizi işləyirik. Nəyinə lazımdı, çox baş qoşma. Yaxın getmə, yoluxarsan. Gecə səhərə kimi çox narahat idi. Bərk öskürürdü. İndi sakitləşdirici vurmuşuq, yatır. Qalan bütün xəstələr stabildi, gecəni yaxşı yatıblar”.
Aygün diqqətlə həmkarına qulaq assa da, fikri xəstələrin yanında uçmuşdu. İndiyə qədər neçə ağır xəstə müalicə etmişdi. İş prinsipini yaxşı bilirdi. İşin bitməsinə sayılı günlər qalsa da, xəstələrini yarı yolda qoya bilməzdi. Gözləri ilə imdad diləyən insanlara yardım etməliydi. Son ümüdlərini qıra bilməzdi. Vicdanı qəbul etməzdi. Axı o həkimdi. Onları hökmən müalicə edəcəkdi. Özünə inanırdı. Həkim yoldaşı ilə sağollaşıb, xəstəlik tarixçələrini bir-bir vərəqlədi. Yeni xəstələrin xəstəlik tarixçələrini götürüb, xəstələri müayinə etmək üçün palataya girdi. İki xəstə eyni palatada yatdığına görə, onları bir xeyli sorğu-sual etdikdən sonra, üçüncü, palatada tək yatan xəstənin yanına getdi. Xəstə gözlərini yummuşdu, oksigen maskası ilə nəfəs alırdı. Hiss olunurdu ki, çətin nəfəs alır. Sinəsinin xışıltısı otağa yayılmışdı. Xəstə kənardan ona tanış gəldi. Yaxına gəlib diqqətlə baxdı. Elə bil onu ilan sancdı. Əlini üzünə tutub içini çəkdi. O idi, sevdiyi şair. Pandemiya dövründə virtual yazışdığı, şəxsi tanışlığı olmayan, üzünü heç vaxt görmədiyi insan. O! Aman Allah, vəziyyəti çox ağırdı. Təzyiq aparatı da qoluna bağlanmışdı. Təzyiqi çox yüksək, oksigeni çox aşağıydı. Özünü ələ alıb xəstəyə yaxınlaşdı, əlindən tutdu. Barmağına keçirilən oksimetriya göstəricisinə baxdı. Nəbzi və saturasiyası çox aşağı idi. İnsan gözləri qarşısında ölürdü. Tez tibb bacısını çağırıb təcili təyinatlar verdi. Tibb bacısı həkimin verdiyi təyinatları səbirlə yerinə yetirməyə başladı. Xəstəyə bir-birinin ardınca sistemlər qoşdu, venasına antibiotiklər yeritdi. Aygün artıq neçə saat idi xəstəsinin üstündə əsir, özünə gəlməsi üçün bütün reanimasiya tədbirlərini görürdü. Tibb bacısı işini bitirdikdən sonra Aygün yaxına gəldi. Xəstənin əlindən tutub gözlərini açmasını gözlədi. Xəstə handan-hana özünə gəldi. Gözlərini açıb kosmonavt paltarında dayanıb ona baxanları gördü. Heç birinin üzü görünmürdü. Tibb bacısı ona yaxınlaşıb gülə-gülə: “Müəllim, təbrik edirəm. Getmişdiz a... Sizi yoldan qaytaran gözəl həkimimiz...” - Aygün onun nə demək istədiyi anlayıb tez sözünü kəsdi. “Aydan xanım”... - dedi.
Tibb bacısı heç nə başa düşməyib qaşlarını çatdı. Aygün yalanının üstünün açılmasını istəmədi.
- Əsl adım Aydandı, - deyib tibb bacısına əlinin hərəkəti ilə nəsə başa salmaq istədi. Xəstə nəsə anlayacaq halda deyildi. Dərmanların təsirindən key kimiydi.
- Təşəkkür edirəm, həkim. Məni ölümdən qaytardınız. Minnətdaram. Sizə can borcluyam. Var olun. Bircə sağalsaydım.. - sözünü axıra kimi gətirə bilmədi. Bir neçə dəqiqə öskürdü. Ağzından qanlı bəlğəm gəldi.
- Doktor, xəstə qan qusur, - tibb bacısı həyəcanlandı, - Nə edək?
-Narahat olma, qankəsici iynə vuracağıq. Bərk öskürəkdəndi, kapilyarlar partlayır. Təcili bir qram çək, xəstənin venasına vur. Sonra öskürək əleyhinə sistem qoş, - deyib dərmanın adını dedi.
Aygün gün ərzində yerinə yetirilən təyinatları yazıb otaqdan çıxdı. Divara söykənib gözlərini yumdu. Sonra özünü saxlaya bilməyib hönkürdü. Səsinin eşidiləcəyindən qorxub, yenicə boşalan palataya keçdi. Pəncərənin qarşısında dayanıb doyunca ağladı. Taleyi onunla oyun oynayırdı. Sevdiyi insan zarafatla “sən başdan-ayağa virussan”,deyib onunla görüşdən qaçdığı halda, indi tale onları belə bir vəziyyətdə qarşılaşdırmışdı. “Görəsən məni tanıdı?” deyə, narahat olmağa başladı. “Yox, tanımadı. Bu formada adamı heç doğmaları tanımaz, qaldı ki, məni heç vaxt görməyən, səsimi eşitməyən insan ola”. Özünü sakitləşdirdi. “Sən indi daha güclü olmalısan, Aygün. Özünü ona tanıtdırmayacaqsan. Qoy səni tanımasın. Virusa yoluxduğuna görə utanmasın. Onu hökmən sağaldacağam. Tibb elminin bütün gücündən istifadə edəcəyəm. Onu ölməyə qoymayacağam. Onu yaşadacağam. Həyata qaytaracağam. Gecə-gündüz yanında olacağam. Səhhətim pozulsa belə”. Bir anlıq özünü unutdu, eynəyi gözündən çıxarıb, çirkli əlcəkləri ilə gözlərini sildi. Eynəyi gözünə taxıb xəstənin yanına gəldi. Xəstəni öskürək əldən salmışdı.Tibb bacısına sakitləşdirici vurmağı tapşırdı. Tibb bacısı otağı tərk etdi. Aygün Xəstəyə yaxınlaşıb oksinetriyaya baxdı. Yenə aşağı idi. Qəfildən xəstənin vəziyyəti dəyişdi. Gözləri bərəldi, boğulmağa başladı. Gözlərini həkimə zilləyib imdad istədi. Aygün oksigen maskasını təcili xəstənin ağzına taxdı. Oksigenin təzyiqini qaldırdı. Amma heç bir xeyri olmadı. Qışqırıb tibb bacısını çağırdı. Tibb bacısı əlindəki şprislə içəri girdi. “Gəl çevirək, xəstənin vəziyyəti birdən dəyişdi, boğulur. Kürəyini döyəcləmək lazımdı.” Onlar köməkləşib xəstəni bir böyrü üstə çevirdilər. Tibb bacısı xəstənin kürəyini döyəcləməyə başladı. Xəstənin vəziyyəti yaxşılaşmadı. Aygün qışqırdı:
- Qaç reanimasiyanı çağır. Xəstəni itiririk.
Özü xəstənin kürəyini döyəcləməyə başladı. Xəstənin nəfəs aldığını görüb, dərindən köks ötürdü. Oksigen balonuna gözü sataşdı, oksigenin bitdiyini gördü. “Yox!”-deyə ağlamağa başladı. Bu boyda şöbədə özündən və tibb bacısından və bir-iki xadimədən başqa heç kim yox idi. Çağırışa da heç kim gəlmədi. Tibb bacısı dəhlizin o biri başında telefonla yardım çağırmağa getmişdi. Başqa yol yox idi. Reanimasiya gələnə qədər özü ilk tibbi yardımları etməli idi. Maskanı və eynəyi çıxardıb bir kənara atdı. Xəstəni kürəyi üstə uzadıb ürəyini masaj etdi. Sonra ona ağız vasitəsilə oksigen verməyə başladı. Reanimasiya işçiləri içəri girəndə gözlərinə inanmadılar. Xəstə ağır vəziyyətdən çıxmışdı. Normal nəfəs alırdı.
-Siz nə edirsiniz, doktor? - reanimatoloq qolundan tutub Aygünü otaqdan çıxardı., - Təcili palatanı və şöbəni tərk edin. Siz artıq yoluxmusunuz. Karantinə götürüləcəksiniz. Biz xəstəni reanimasiyaya aparacağıq. Nə lazımdı edəcəyik. Niyə belə etdiniz? Bir xəstəyə görə özünüzü niyə qurban verdiniz? –həkimin səsi titrədi. - Hər gün nə qədər insan ölür. Xilas edə bilmirik. Bu da onlardan biri. Bu, virusdu. Hər gün nə qədər can alır. Niyə tanımadığınız birinə görə özünü yoluxdurdunuz? Niyə? Özünüzə yazığınız gəlmədi? Sizə medal verəcəklər? - Həkim Aygünün üstünə qışqırdı. Həmkarının danlağına dözə bilməyən Aygün özünü saxlaya bilməyib hönkürdü. Tibb işçiləri xəstəni çarpayı qarışıq otaqdan çıxardılar. Aygün göz yaşları ilə onun arxasınca baxdı.
- Doktor, yalvarıram, ona yaxşı baxın, o mənim son ümidimdi, - deyib sözünü sona kimi gətirə bilmədi. Əlini üzünə tutub ağladı. Deyəsən, həkim yoldaşı Aygünü indi anlamağa başladı .
- Narahat olma, Aygün, sən get əynini dəyiş, artıq işə çıxma. Sənin haqqında baş həkimə məlumat verəcəyəm. On beş gün karantində qalacaqsan. Müayinədən sonra evə buraxılacaqsan. Allah eləsin, sənə bir şey olmasın, – onu sakitləşdirməyə çalışdı. Sonra çevrilib xəstənin arxasınca liftə sarı getdi.
Aygün xəstəxananın rəhbərliyi tərəfindən ciddi karantinə götürüldü. Ona qabaqlayıcı tədbirlər olunsa da, bir neçə gündən sonra hərarəti qalxdı. Hərarətdüşürücü dərmanlar içsə də, xeyri olmadı. Boğulma başlayanda isə onu reanimasiyaya götürdülər. Ona verilən karantin müddətini ağır vəziyyətdə reanimasiyada keçirdi. Oksigen aparatına qoşuldu. Həkimlər onun sağalması, geri qayıtması üçün gecə-gündüz əllərindən gələni etdilər. Deyəsən, bu fədakar həkimə, balalarına Allahın yazığı gəldi. Bir ay çəkən ölüm-dirim savaşından sonra Aygün sağalıb evinə, balalarının yanına qayıtdı. Onun qəhrəmanlığından bütün qəzetlər yazdı. Sevdiyi insan da sağalıb xəstəxananı tərk etmişdi. Aygünün virusa yoluxmasını eşidib birdəfəlik ondan uzaqlaşmışdı. Aygün isə həyata nikbin baxır, artıq ağlamırdı. Taleyi ilə barışmışdı. Əsas odur ki, o, heç vaxt vicdan əzabı çəkməyəcəkdi. Alnıaçıq, üzüağ yaşayacaqdı. Artıq ürəyi sakit idi. Sevdiyi peşəsinə sadiq qalaraq həkimlik borcunu yerinə yetirmişdi. Ölümü göz qabağına qoyub, yoluxsa belə, canı qədər sevdiyi, bağlandığı virusdan qorxan insana ilk yardım tədbirləri edib, onu ölümdən qutarmış, tez sağalmasına səbəb olmuşdu. Artıq sevgi ona lazımsız əyləncə kimi görünürdü. Etibarsız birinə görə risk etməyə dəyməzmiş. Həyat gözəldi, yaşamaq gözəldi. İndi o, həyatı sevirdi və evdə yolunu gözləyən iki igid övladı vardı...
Aprel 2020.