Gözlərini açıb özünü boş, yarıqaranlıq otaqda gördü. Gözünün quyruğu ilə ətrafa göz gəzdirdi. Xəfif hərəkətdən göz qapaqları ağrıdı, sanki ağır yük asılmışdı kirpiklərindən. Gözlərinə əziyyət vermək istəməyib kirpiklərini bir-birinə kilidlədi. Harada olduğunu xatırlamaq istədi. Beyni keyləşmişdi. Yadına heç nə düşmədi. Gözlərini bir də açdı. Gözləri sözünə baxmadı, bir saniyə keçməmiş yenidən yumuldu. Gözüyumulu fikirləşirdi, ağlına heç nə gəlmirdi. Ağır-ağır nəfəs alırdı. “Bura haradır?” sualına cavab tapmırdı. Bir müddət gözlədi. Bir də cəhd elədi. Güclə gözlərini açdı. Qarşıya baxdı, kələkötür divar ağ əhənglə əhənglənmişdi. Bəzi yerlərdə suvaq görünürdü. Bura evə bənzəmirdi. Baxışlarını tavanda gəzdirdi, alaqaranlıqda güclə sezilən məftildən asılmış lampanın yəqin ki, içi çoxdan tökülmüşdü. Qaşlarını çatıb fikrə getdi. Yenə ağlına heç nə gəlmədi. Tərpənmək istədi. Canı ağrıdı, həm də elə bil nəsə tərpənməyinə mane olurdu. Başı gicəlləndi. Əvvəlki vəziyyətə qayıtdı. Yenə hərəkətsiz qaldı. Nəyinsə üstündə uzanmışdı, üstünə ağ örtük çəkilmişdi. Xoflandı, bir anlıq ona elə gəldi ki, ölüm ayağındadı, bir azdan örtüyü dartıb üzünü bağlayacaqlar. Can şirindi, qəfildən ağlına gəldi ki, öskürsün, görsün ki, səsi çıxır? Bərkdən öskürdü, öskürəyi boş otaqda yüngülcə əks-səda verdi. Diksindi, ürəyi şiddətlə döyünməyə başladı. Sevinən kimi oldu. “Yox, ölməmişəm, sağam, çox şükür”. Yenə tərpənmək istədi, bu dəfə hiss etdi ki, əli-ayağı uzandığı nədirsə, ona möhkəm bağlanıb. Gücünü toplayıb dartındı, bir şey alınmadı, çox möhkəm sarınmışdı. Nə qədər gücəndisə, xeyri olmadı. Qışqırmaq istədi, səsi çıxmadı, “kömək edin” demək istədi, dili sanki damağına yapışmışdı, kəlmə kəsə bilmədi. Bütün bədənini soyuq tər basdı. Əllərini dartıb sarğını qoparmaq istədi. Yenə olmadı. Vahimə içində, “əllərimi açın” deyə, bağırdı. Öz səsindən qorxdu. Hay verən olmadı. Çox keçməmiş qısa ağ xalatlı, bəstəboy, qaraqaş, qaragöz bir qızın nazlana-nazlana içəri girdiyini görüb dərindən nəfəs aldı. Qızın əlində şpris, sistem ləvazimatı vardı. Yalvarıcı baxışlarla ona baxdı, bildi ki, qız tibb bacısıdır, ona yardım etmək üçün gəlib. Tibb bacısı onun ayıldığını görüb, dodaqlarını büzdü, ikrahla ona baxıb, geri dönüb getdi. Hiss olunurdu ki, xəstənin ayılması heç vecinə deyil. Qapıdan çıxar-çıxmaz ucadan səsləndi:
- Doktor, düşmən ayılıb!
Bir neçə dəqiqədən sonra ağ xalatlılar başının üstünü aldılar. Onların nifrətdolu baxışlarından və danışıqlarından düşmən əlində olduğunu anladı. Dəhşətə gəldi. Yaman yerdə axşamlamışdı. Tibb işçiləri öz dillərində doğrayıb tökürdülər. Gözünün ucu ilə onlara baxır, nifrət yağan üzlərdən ölümlə üz-üzə olduğunu dərk edirdi. Heç nə başa düşmürdü. Bir tərəfdən də onu müayinə edir, əl fənərinin işığında təzyiqini ölçürdülər. Arada ona nəsə deyir, bəlkə də sual verir, cavab almayınca çığırışırdılar. Artıq huşu başına gəlmişdi, həkimlərinin belə qəssab olduğu qaniçənlərin əlində əsir olduğunun, ölümlə burun-buruna dayandığının fərqindəydi. “Kaş ki, öləydim, tikə-tikə olaydım, amma çaqqalların əlinə düşməyəydim. Necə oldu axı, necə? Niyə gülləni beynimə sıxmadım?” Qəzəbindən zəncir gəmirirdi. Əlləri bağlı olmasaydı, üstünə uzandığı çarpayı ilə başlarını əzərdi, dişlərilə heç olmasa birinin boğazını gəmirərdi, o anda onu güllələyəcəkdilər, olsun, kişi kimi ölərdi. Bir anın içində ağlından min dənə fikir keçdi. Bığlı, nəfəsindən sarımsaq iyi gələn yaşlı həkim ağzını iri açıb nəsə dedi. Uşaqlıqdan sarımsaq iyindən zəhləsi gedirdi, ürəyi bulandı, üzünü yana çevirdi. Gözlərini yumub fikrini toplamağa, buraya necə düşdüyünü xatırlamağa çalışdı.
Tibb bacısı sistemi hazırlayıb ştativdən asdı. Yaralının gözləri ona nifrətlə baxan qara gözlərə sataşdı. Kiçik bacısı yadına düşdü. Qara gözlü, bəstə boylu, uzun hörüklü dəcəl bacısı gözlərinə göründü. Dərindən köks ötürdü. Kaş evdə olaydı, öpüb, qucaqlayaydı bacısını. Nə gözəl günlər varmış... O günlər bir də qayıdacaqmı? Tibb bacısı sanki otaqda tək idi, özü üçün zümzümə edir, asta hərəkətlə işini görürdü. Zümzümə yaralıya tanış gəldi, diqqət kəsildi, qız Azərbaycan mahnısını mızıldanırdı. “Soysuz-köksüz oğru tayfa. Hər şeyimizi oğurlayıblar həyasızlar”. Qız arada çiyinlərini oynadırdı, ağzındakı saqqızı şişirdib partladır, yenidən mızıldanırdı.
Yavaş-yavaş özünə gəlirdi. Olub-keçənləri xatırlamağa başlayırdı. Düşmən onun başına 50 min rus rublu qoymuşdu. Erməni yaraqlılarının qənimi olan “Qaplan” ləqəbli azərbaycanlını diri tutana mükafat veriləcəkdi. İndi başa düşürdü ki, niyə onu öldürməyiblər, üstəlik dava-dərman da edirlər.
Diqqətlə tibb bacısına baxdı, onun hərəkətlərini izləməyə başladı. Buradan qurtulmalı idi. Bir balaca boşluq yaranan kimi istifadə etməli idi. Yəqin ki, bütün günü çarpayıya bağlı saxlamayacaqdılar. Qoluna batan iynənin ağrısından düşüncələri çilikləndi. Bir neçə dəqiqə keçmiş beyni yavaş-yavaş dumanlandı. Tezliklə yuxuya getdi...
1990-cı illərin ağır, təlatümlü günləri idi. Vətən darda idi. Torpağını qorumaq üçün hər kəs səfərbər olmuşdu. Dostları kimi müharibəyə o da könüllü getmişdi. Onu nə yoldan tutub aparmışdılar, nə də evdən. Torpaqlarımız düşmənlərimiz tərəfindən alındıqca, qız-gəlinlərimiz əsir düşdükcə, yurddaşlarımız öldürüldükcə dözməmişdi. Dostları ilə bərabər hərbi komissarlığa gedib, döyüş bölgəsində könüllü vuruşmaq istədiyini bildirmiş, istədiyinə nail olmuşdu.
Bütün döyüş bölgələrində vuruşmuşdu. Bədəninin müxtəlif nahiyələrində qəlpə yaralarının izləri aşkar görünürdü. Dəfələrlə yaralanıb xəstəxanaya düşmüşdü. Hər an ölə biləcəyini anlasa da, evə qayıtmamışdı. Öldü var, döndü yoxdu, dedmişdi, torpaqları azad etməyincə, döyüş yoldaşlarının qisasını almayınca geri dönməyəcəyinə and içmişdi.
Çığırıb tər, su içində yuxudan ayıldı. Yuxusuna ağı deyərək ağlayan ağ saçlı bir qadın girmişdi. Yəqin anası idi. Balasını çağırırdı göylərdən. Qəbiristanda idi, öldüyünü zənn edirdilər. Özünü saxlaya bilmədi. Göz yaşları sel kimi axıb üzünü islatdı. Ürəyində “ağlama ana, sənə söz verirəm, qayıdacağam. Qurban olaram, saçların nə tez ağardı, ana!” Gücünü toplayıb qalxmaq istədi. Tibb bacısı özünü yetirib, əl işarəsi ilə nəsə başa salmağa çalışdı, əsəbiləşdi, deyəsən. Qalın dodaqlarını tərpətdi. Yəqin durma, olmaz, deyirdi. Yox, nə yolla olur-olsun, buradan çıxmalı idi. Gözü yolda qalanları vardı. Onu ölmüş bilir doğmaları. O, ölməyib, o, yaşayır. Nifrətlə qıza, sonra qollarındakı sarğıya baxdı. Tibb bacısı baxışları anlasa da, dinmədi, başını yellədi. Yaralı ağır-ağır gözlərini yumdu.
1993-сü ilin yayı idi. Ağdərədə qızğın döyüşlər gedirdi. Çoxlu itki versələr də, hücumun qarşısını almağa çalışırdılar. Səngərdə dayanıb əlindəki silahla atəş gələn nöqtələri susdurmağa çalışırdı. Günortadan başlayan atışma səngimək bilmirdi. Gecədən keçsə də atəş səsləri kəsilmir, güllə yağışı başının üstündən ətrafa yayılırdı. Qranatamyotların, qrad raketlərinin, minamyotların səsi qulaq batırırdı. Hər kəs həyəcan və təşviş içərisində idi. Gecədən səhərə ümid yox idi. Ürəyində Allaha yalvarırdı, bircə atəş səngisin. Yorğunluq, aclıq onu əldən salmışdı. Bircə uzansın, beş dəqiqiə dincini alsın. Üç gündü gözünə yuxu getmirdi. Kəşfiyyatdan yenicə qayıtmışdı. Düşmənin texnikası və silah-sursatı haqqında məlumatı vardı. Düşmən onun adı gələndə tir-tir əsirdi. Cəsarətli, qorxmaz, pələng kimi cəld idi. Ona görə yoldaşları ona Qaplan deyirdilər. Dəfələrlə düşməni mühasirəyə salıb əsir götürmüşdü. Döyüş yoldaşlarını əsirlikdən xilas etmişdi. Silahdaşları bilirdilər ki, ən çətin anlarda Qaplan onları darda qoymayacaq. “Sən bəbirsən-qaplansan, odda yanmazsan, suda batmazsan, sənə ölüm yoxdu, qardaş”, deyirdilər.
Günortadan keçsə də, göydən hələ də od yağırdı. Tər-suyun içində idi. Top-tüfəngin səsi olmasaydı, deyərdin ki, hər şeydən xəbərsiz gözəl təbiət insanları qoynuna istirahətə çağırırdı. Ətraf yamyaşıldır, baxdıqca ürəyin açılır. Amma sükut pozulmuşdu. Quşlar belə qorxularından səslərini çıxarmırdı. Ağacın budağında sakitcə oturub bir-birinə sığınmışdı. O, durduğu yerdən bir addım aralanmamışdı. Yerindəcə yavaşca addımlayır, yuxulamamağa çalışırdı. Sanki onu hər dəqiqə yatmağa çağıran şeytanı qovmaq istəyirdi. Hiss edirdi ki, ayaqları sözünə baxmır. Ayaq üstə durmaqdan keyləşib. Carəsi yoxdu. Postu atıb gedə bilməzdi. Allahdan möcüzə gözləyirdi. Elə bil bir anda möcüzə baş verdi. Ürəyindəkini Allah eşitdi. SəS-küy bir andaca kəsildi. Deyəsən, düşmən də yorulmuşdu, istirahət etmək istəyirdi. Sərxan əlini silahdan çəkib, tərləmiş kürəyini səngərin divarına söykədi: - Oxayy... Gözlərini yumdu. Anası yadına düşdü. Gözlərindən axan yaş qəhərə dönüb boğazında düyünləndı. Axır vaxtlar çox kövrək olmuşdu. ”Bağışla məni, ana, sənə çox çəkdirmişəm. Bağışla məni”. Cibindən siqaret qutusunu çıxarıb diqqətlə baxdı. İçində bircə siqaret qalmışdı. Köks ötürdü. “Deyəsən, bu gün mənim də sonum olacaq” –deyib, “ah” çəkdi. Siqareti damağına qoyub fikrə daldı. Evini, ailəsini, qardaş və bacılarını düşündü. Birdən hiss etdi ki, gözündən axan yaş siqaretin kötüyünü isladır. Tez üz-gözünü sildi. İstəmirdi yoldaşları onu bu halda görsünlər. Elə siqaretdən iki-üç qulab almışdı ki, əsgər yoldaşı Famil ona yaxınlaşdı.
- Qaplan, acından ölürəm. Ver siqaretindən bir-iki qullab alım, iştahım kəsilsin. Ayaq üstə güclə dayanıram.
Sərxan kədərlə döyüş yoldaşının yumulmaqda olan gözlərinə baxdı, yazığı gəldi. Onsuz da çox kövrəlmişdi. Bir tərəfdən də yorğunluq kələyini kəsmişdi. Bir himə bənd idi. Heç nə deməyib damağında közərən siqareti dostuna uzatdı. Famil siqaretdən bir qullab alıb, tüstüsünü havaya üfürdü. Dərindən nəfəs aldı. Elə bu an əcaib bir səs sükutu pozdu. Elə bil nəsə partladı. Keyləşmş üzünə isti maye sıçradı. Bir anlıq nə baş verdiyni anlamadı. Əlini üzünə çəkib üzünü sildi və həmin dəqiqə gözü yerdə çabalayan başsız bədənə sataşdı. Elə bil canına cərəyan yeritdilər, az qala huşunu itirəcəkdi. Canından olanın kimliyini dərk etməyə imkanı olmadı, gurultu qopdu və partlayışın dalğası onu bir neçə metr kənara tulladı.
Gözlərini açanda dəhşətli mənzərədən az qala ağlını itirəcəkdi. Döyüş yoldaşları al qan içində dörd bir yana səpələnmişdilər. Bütün batalyon məhv olmuşdu. Azacıq dikəldi, gördü ki, xeyli aralıda qara geyimli saqqallılar meyitlərin üst-başlarını yoxlayırlar. Anladı ki, düşmənin mühasirəsindədir. Qandan qıpqırmızı qızarmış otun üstünə uzandı, bütün əzaları göynəyirdi, ayırd edə bilmirdi ki, harası yaralanıb. Qulaqları uğuldayırdı. Zarımağa ehtiyat edirdi, düşmənin əlinə sağ keçməkdənsə ölməyi seçərdi. “Kaş mən də öləydim”. Ürəyində neçə dəfə Allahdan ölüm dilədi. Güclə böyrü üstə çevrilib gözlərilə silahını axtardı. On-on beş addımlıqda düşüb qalmış əsgər yoldaşının sinəsinin üstündə avtomat vardı, barmağı da tətikdə donub qalmışdı. Ona sarı sürünmək istədi, bacarmadı. Gövdəsinə gücünü salıb ayağını tərpətmək istəyəndə ağrıdan az qala huşunu itirəcəkdi, özünə hakim ola bilmədi, inildədi. Artıq yaraqlıların danışığı aydın eşidilirdi, ona xeyli yaxınlaşmışdılar. Özünü ölülüyə vurdu. “Kaş üz-gözüm parçalanmış ola, məni tanımayalar, yoxsa dərimə saman təpəcəklər. Ermənilərə qan udduran Qaplan, indi əlsiz-ayaqsız qalmısan. Bircə qumbaram olaydı, özüm də ölərdim, bir-iki soysuz çaqqalı da cəhənnəmə vasil eləyərdim”. Gözləri qapalı olsa da, ona elə gəldi ki, günəş doğdu. Qeyri-ixtiyari gözlərini açdı. Ürəyində kəlmeyi-şəhadət çağırdı. Fikirləşdi ki, indicə güllə açılacaq. İndi bircə istəyi vardı: qəfil gülləyə tuş gəlib ölmək! Başının üstündəki bədheybət yaraqlı əlindəki fənəri onun sifətinə tuşlayıb diqqətlə gözdən keçirirdi. Birdən “Qaplan, Qaplan“ deyə, bağırmağa başladı. Anındaca beş-altı saqqallı tökülüşüb gəldi. Ona elə baxırdılar ki, sanki ilk dəfəydi insan görürdülər. Yaraqlıların başçısı yaxınlaşanda saqqallılar kənara çəkildilər. O, rus dilində:
- Nə oldu, axır ki, ələ keçdin, Qaplan? Bilirsən, sənin başına nə qədər pul qoyulub? Heç qoyaram öləsən? Mən o pulu almamış sən ölməyəcəksən. Hələ bir az yaşa, - deyib, üzünü yaraqlılara tutdu. - Aparın bu türk canavarını, amma ehtiyatlı olun, yaralı olsa da, təhlükəlidir, sizə cuma bilər. Qalan yaralı türkləri gəbərdin. Mənə yaralı əsir lazım deyil.
Söz yaraqlıların başçısının ağzından çıxar-çıxmaz silahlar işə düşdü.
- Yooox! - deyə Sərxan var qüvvəsiylə bağırdı. - Əclaflarrr!- Silahsızı, yaralını öldürmək kişilikdən deyil. Qisasımızı alacaqlar, günahsız qan yerdə qalmaz. Araba kölgəsində kişilənən alçaqlar.
Ölümü gözə almışdı, qəzəbini, hiddətini püskürürdü, istəyirdi ki, yaraqlılar qəzəblənib onu yerindəcə güllələsinlər, kişi kimi döyüş meydanında, yoldaşlarının yanında ölmək istəyirdi.
- Ara, hara tələsirsən? Bu musurmanlarda səbir yoxdu da. Səni də öldürəcəyik. Amma indi yox. Sən hələ mənə lazımsan. Ara, sən bahalı türksən, - yaraqlıların başçısı artıq yaralının ana dilində danışırdı, yəqin ki, Qarabağda yaşayan nankor ermənilərdəndi. -Səni generalla dəyişəcəyik. Hünərin çatsa, bir də qayıdıb gələrsən, onda sənin ananı ağladaram. Ya da yox, sən zəhmət çəkmə, bu gün, sabah biz Bakıya gələcəyik, orada görüşərik. Mənim babalarım necə sənin babalarını evlərində doğramışdılar, biz də sizi evlərinizdə gəbərdəcəyik.
Sərxan hirsindən partlayırdı, yenə dilini saxlamadı:
- Hə, axırda nə oldu? Mənim babam sənin babanın qulağını kəsdi. Tayqulağın nəvəsi.
Yaraqlıbaşının gözləri hədəqəsindən çıxdı. Avtomatının qundağını Sərxanın yaralı ayağına ilişdirdi. Yaralının bağırtısı göyə qalxdı. Yaraqlılar qəhqəhə çəkib gülüşdülər. Saqqallılardan ikisi onun qoluna girib sürüyərək xeyli aralıda dayanmış yük maşınının kuzovuna atdılar. Ağrıdan huşunu itirdi...
Üzünə dəyən şillədən ayıldı. Erməni yaraqlılarının komandiri Aşot başının üstündə dayanmışdı. Ona baxıb sırtıq-sırtıq hırıldayırdı. Sərxan ikrahla üzünü yana çevirdi. Aşot avtomatının lüləsilə onun üzünü özünə tərəf çevirdi.
- Ara, siz türklərə yaxşılıq yoxdu. Səni öldürmədik, ölməyə qoymadıq, yedirdik-içirdik, indi də sənə şad xəbər gətirmişəm, sən də üzünü o yana çevirirsən. Mağarıc verəcəksən, Qaplan, bir kəndinizi də aldıq. Kəndiniz deyəndə, yəni öz kəndimizi musurmanlardan təmizlədik. Biz böyük Ermənistanı quracağıq. Hə, sizinkilərdən çoxlu əsir götürmüşük, günortadan sonra hamısını it kimi güllələyəcəyik. Yox, güllə hayıfdı, başlarını əzərik, qoy əzabla ölsünlər. Səni diri-diri yandırardım, amma yuxarıdan əmr gəlib, səni bizim generalla dəyişəcəklər. Eybi yox, Bakıyacan gələcəyik, hamınızı qıracağıq, səni də özüm tapıb şişə keçirəcəyəm. Ara, musurman ətindən kabab necə ləzzətli olur...
Aşot özü ilə gətirdiyi konyakı qədəhə süzüb Sərxanın ağzına yaxınlaşdırdı.
- İçək, Qaplan, içək sənin başının sağlığına! Ara, səni tutduğuma görə bəlkə mənə medal da verərlər. İç, musurman, iç deyirəm sənə! Erməni konyakıdı, sizdə belə konyak yoxdur, - deyib yaraqlıların başçısı qəşş eləyib özündən getdi. Hiss olunurdu ki, əməlli-başlı sərxoşdur.
- İçək, deyirsən, içək də. Nə deyirəm? Böyük qələbədi. - Sərxan canını dişinə tutub Aşota etiraz etmədi. - Amma heç olmasa bir əlimi aç, qədəhi kişi kimi tuta bilim. Pulu da almısan, əsas məsələ puldu. Kişisənsə, əlimi açacaqsan. Kişi kişi ilə stəkan-stəkana vurar, elə deyil?
Söz Aşotu tutdu. Qan çanağına dönmüş gözləri axıb gedirdi. Bir xeyli Sərxanın üzünə baxdı, sanki götür-qoy edirdi, açsınmı-açmasınmı? Özünü sındırmadı.
- Ay musurman, elə bilirsən qorxuram səndən? Sənin nəyindən qorxacağam? O qədər sənin kimi musurman öldürmüşəm ki... Əlini açaram, amma bir şərtim var, Böyük Ermənistanın sağlığına içəcəksən. Bax açıram, artıq hərəkət eləsən, beynini dağıdacağam. Özün də dedin ki, pulu almışam, mənim itirəcəyim heç nə yoxdur.
- Tək əllə sənin kimi əjdahaya nə edə bilərəm ki?
“Əjdaha” sözü yaraqlıların başçısının canına yağ kimi yayıldı. Qəhqəhə çəkib xeyli güldü.
- Sən ağıllı türksən, qiymət verə bilirsən. Malades!
Aşot Sərxanın çarpayıya bağlanmış əlini açdı, konyakla dolu qədəhi ona uzatdı. Sərxan bir göz qırpımında qədəh qarışıq Aşotun əlindən yapışıb özünə tərəf dartı. Boynunu qoltuğunun altında sıxıb, əlilə ağzını tutdu.
- Qışqırsan, boynunu qıraram. O biri əlimi də aç, - deyib Aşotun boynunu bir az da sıxdı. Ağrıya dözə bilməyən Aşot zarımağa başladı. Başını güclə tərpədib razılaşdığını bildirdi. Əllərini uzadıb Sərxanın bağlı əlinin ipini açdı. Sərxan Aşotun boynundan asdığı avtomatı ələ keçirdi. Hirslə, amma astadan soruşdu:
- Səndən başqa kim var binda?
- Heç kim, hamı kazarmada qələbəni qeyd edir. Məni öldürəcəksən? Bayaq dedin, mənə pislik eləməyəcəksən, axı siz - türklər söz verəndə əməl edirsiniz. Sən igid adamsan, sözündən qaçmazsan.
- Siz - ermənilər də tülküsünüz, işiniz düşəndə başımıza fırlanırsınız. Bəli, mən sözümün ağasıyam, amma sizin kimi xainləri gərək öz silahınızla vurasan. Meyitləri də pulla satan goreşənlər, siz insan deyilsiniz.
Danışa-danışa ayaqlarını çarpayıdan açıb cəld ayağa qalxdı. Əli ilə Aşotun ağzını qapadı, sürüyə-sürüyə pəncərəyə yaxınlaşdı. Doğrudan da həyətdə heç kim görünmürdü. Aşotu səssiz öldürmək qərarına gəldi. Tüfənglə öldürsəydi, səsə gələn ola bilərdi. Qəfildən başını fırlayıb, boynunu qırdı, cəmdəyini yerə atıb, avtomatın qundağı ilə başna bir neçə dəfə zərbə vurdu. Nəbzini yoxladı, döyünmürdü. “Get, çaqqal, cəhənnəmdə yerin hazırdı”. Meyiti qaldırıb çarpayıya uzatdı. Öz üst-başına baxdı, şalvarsızdı. Aşotun şalvarını çıxardıb əyninə keçirdi. Sonra cəld mələfəni onun üstünə çəkdi.
Avtomatın darağına baxdı, dolu idi. Pəncərəni açıb bayıra tullandı. Sakitlikdi, ins-cins görünmürdü. Ayaqyalın qaçaraq darvazanı açıb, sağa-sola baxdı, heç kim yox idi. Var gücü ilə qaçmağa başladı. Aralıda şosse yolu görünürdü, oradan getmək təhlükəli idi, hər an maşın gələ bilərdi. Qırğı kimi cəld ətrafa göz gəzdirdi. Yaxınlıqda ağaclıq vardı, bəlkə də arxası meşə idi. Başqa çıxış yolu yox idi, ağaclığa üz tutdu. Yaralı ayağı çox ağrıyırdı, canını dişinə tutdu, aradan tez çıxmalıydı, düşmənin işğal etdiyi ərazidə ləngimək olmazdı, axırı pis qurtara bilərdi. Nəfəsini dərmədən axsaya-axsaya irəliləyirdi. Meşəliyə çatmışdı, kol-kosu əlləri ilə yarıb addımlayırdı, hərdən ayağına tikan, tilişkə batırdı. Daş-kəsək pəncəsini əzirdi, amma çarəsi yoxdu, dözürdü. Ağacların seyrək yerinə çatanda bir az aralıda yol kənarında düşmənin yük maşınını görüb dayandı. Səs-səmir gəlmirdi. Ehtiyatla maşına yan aldı. Sükan arxasında saqqalı bir kişi yatmışdı. Qabaqda kiçik bir post görünürdü. İçəridə adam olub-olmadığı bilinmirdi. Kiçik pəncərə tozlu idi, içəri görünmürdü, amma saqqallılar olmamış olmazdı. Sərxan maşının kabinasına qalxdı, avtomatın qundağı ilə sürücünün başından vurub yan oturacağa yıxdı. Özü sükan arxasına keçdi. Bir neçə dəqiqədən sonra əsgər özünə gəldi. Sərxanı görəndə qeyri-ixtiyari əllərini qaldırdı. Sərxan əllərini aşağı salmasını işarə edib saqqallını hədələdi. Cavan sürücü tir-tir əsirdi. Sərxan mühərriki işə saldı. Sürücüyə tərəf baxmadan astadan dedi:
- Səsini çıxarsan, səni öldürəcəyəm. Buradan sağ çıxmağıma kömək etsən, səni buraxacağam.
Sərxanın sakit danışmasına baxmayaraq, sürücü özünə gələ bilmirdi, bütün bədəni titrəyirdi. Zorla:
- Öldürmə məni, anam xəstədir, dözməz. Nə lazımdı, edərəm, - dedi.
- Əsirlər hansı tərəfdədir? - deyə Sərxan soruşdu.
- O tərəfdə, - erməni əsgər əli əsə-əsə qarşıda görünən kəndi göstərdi. Sərxan maşını yerindən tərpətdi. Postun qapısı açıldı, saqqallı bir kişi gözlərini ovuşdura-ovuşdura maşına tərəf baxdı. Sərxan özünü itirmədi. Sürəti artırmadan yoluna davam etdi. Güzgüdən gördü ki, saqqallı içəri girib qapını bağladı, demək, duyuq düşməmişdi.
Postdan uzaqlaşandan sonra Sərxan sürəti artırdı. Erməni sürücü əlləri ilə gözlərini bağlayıb, hər dəqiqə öləcəyini gözləyirdi. Sərxan isə silah-sursatla dolu maşınla yoldaşlarına köməyə tələsirdi...