|
|
|
|
Vətən Müharibəsi nəticəsində azad edilmiş ərazilərimizin savaşdan dərhal sonra bərpasına başlanılması, bir sıra infrastruktur layihələrin həyata keçirilməsi, o cümlədən, elektrik enerjisi ilə təminat və yol infrastrukturunun yenidən qurulması bir daha onu göstərir ki, bu məsələ Azərbaycan dövləti üçün prioritetdir. İşğaldan azad edilmiş ərazilərimizə qayıdacaq əhalinin məşğulluq məsələlərinin həlli sahəsində də genişmiqyaslı işlər aparılır. "Böyük Qayıdış"dan sonra orada yaşayacaq yerli vətəndaşlar üçün məşğulluğun təmin olunması dövlətin davamlı diqqət mərkəzində olan mühüm məsələdir.
İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, Azərbaycanın işğaldan azad olunan ərazilərinə qayıdan əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi qayıdış prosesinin effektivliyini əhəmiyyətli dərəcədə artıracaq: "İşğaldan azad olunan ərazilərimizə əhalinin qayıdışını təmin etmək və bunu stimullaşdırmaq məqsədilə diqqət mərkəzində saxlanılmalı olan vacib məsələlərdən biri də həmin ərazilərimizdə məşğulluğun təmin olunmasıdır. Sakinlərin işlə təmin olunması məqsədilə həmin ərazilərimizdə yeni layihələrin icrası üçün həm əlverişli coğrafi mühit, həm də sürətli yenidənqurma bərpa işləri nəticəsində yaradılan infrastruktur hesabına çox böyük imkanlar mövcuddur. Böyük qayıdışdan sonra orada yaşayacaq yerli vətəndaşlar üçün məşğulluğun təmin olunması dövlətin də diqqət mərkəzində olan mühüm məsələdir. Bildiyimiz kimi, artıq əhalinin doğma yurd yuvasına qayıdışına start verilib. Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsi davam edir. 2026-cı ilə kimi isə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarına 34500 ailəni köçürmək nəzərdə tutulur. Məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışını effektiv həyata keçirmək üçün onların məşğulluq imkanlarını artırmaq mühüm əhəmiyyət kəsb edir. "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda bu məsələyə xüsusi önəm verilib. Proqramdakı Tədbirlər Planına görə, onların məşğulluq imkanları qiymətləndiriləcək və qeydiyyatı aparılacaq, həmin şəxslər üçün fərdi məşğulluq proqramları tərtib olunacaq. Eyni zamanda iqtisadiyyatın tələbatına uyğun qısamüddətli ixtisasartırma təhsil proqramları təşkil olunacaq. Min nəfər qısamüddətli ixtisas atrırma, 5 min nəfər isə qısamüddətli təlim proqramlarına cəlb ediləcək. Digər tərəfdən ərazilərdə işçi qüvvəsinə tələbat müəyyən ediləcək, işəgötürənlərin işçi qüvvəsinə, işsizlərin iş yerlərinə çıxışı üçün səmərəli mexanizm yaradılacaq. Ərazilərdə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması üçün güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Bunlar isə regionda məşğulluğu maksimal səviyyədə təmin edəcək".
P.Heydərov hesab edir ki, əhalinin işğaldan azad olunan ərazilərimizə qayıdışından sonra bölgədə məşğulluq problemi hətta Azərbaycanın digər regionlarından fərqli olaraq daha sürətli şəkildə öz həllini tapmış olacaq.
İqtisadçı-ekspert Fuad İbrahimlinin sözlərinə görə, Qarabağda aparılan bərpa işləri ölkədə məşğulluq səviyyəsinə də müsbət təsir göstərir. Məşğulluğun təmin edilməsinin əsas şərtlərindən biri tələb olunan müvafiq infrastrukturun yaradılmasıdır: "Keçmiş məcburi köçkünlərin bu prosesdə aktiv iştirakı üçün şübhəsiz ki, bir çox peşə təlimi proqramlarının həyata keçirilməsinə ehtiyac var. Qarabağda ölkənin beşdə biri yenidən qurulur və bu prosesdə fəhlədən menecerə, bənnadan memara qədər çoxlu sayda peşə sahiblərinə ehtiyac var. Bölgənin həm də turizm nöqteyi-nəzərdən yüksək potensialı olduğu üçün gələcəkdə bu istiqamətdə də yüksək inkişafa nail olunacağını zənn edirəm. Qarabağın təbii turizm potensialı sayəsində əhalinin bir qismi işlə təmin olunacaq ki, bu, məşğulluq probleminə böyük bir töhfədir. 3 ildən az bir vaxtda işğaldan azad olunmuş ərazilərdə görülən işlər onu deməyə əsas verir ki, qısa müddət ərzində həmin ərazilərdə məşğulluq sahəsində də heç bir problem olmayacaq".
Millət vəkili Mahir Abbaszadə bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə əldə etdikdən sonra qarşıda duran əsas məsələlərdən biri işğaldan azad edilən əraziləri bərpa etmək, dağılmış iqtisadiyyatı Azərbaycanın ümumi iqtisadiyyatına çevirməkdir: "Hazırda həm Şərqi Zəngəzur iqtisadi rayonunda, həm də Qarabağda sürətli infrastuktur layihələri həyata keçirilir. Hətta bəzi ərazilərdə gedən tikinti prosesi artıq başa çatmaq üzrədir. Bu ərazilərdən məcburi köçkün düşmüş insanların yenidən öz ata-baba yurdlarına qaytarılması istiqamətində real addımlar atılır. Məhz bu məqsədlə cənab Prezident İlham Əliyev tərəfindən 2022-2026-cı illəri əhatə edən "Böyük Qayıdış"ı təmin etməklə bağlı Dövlət Proqramı qəbul olunub. Həmin proqramın müxtəlif müddəalarında müxtəlif nazirliklərə konkret tapşırıqlar verilərək həm tapşırıqların yerinə yetirilməsi ilə bağlı maliyyə mənbələri göstərilib, həm də qarşıya qoyulan məqsədlərin, işlərin nə qədər vacib olduğu bir daha ortaya qoyulub".
Millət vəkilinin sözlərinə görə, Dövlət Proqramı çərçivəsində görülən işlər içərisində əhalinin işğaldan azad olunmuş ərazilərə köçürülmə prosesinə uyğun olaraq onların məşğulluğu maksimum formada təmin ediləcək: "Böyük Qayıdış" prosesi mərhələli şəkildə həyata keçirildikcə məşğulluq sahəsində də ardıcıl tədbirlər təşkil ediləcək. Azərbaycanda məşğulluğun genişləndirilməsi hökumət siyasətinin ana xətlərindən birini təşkil edir. Əgər biz insanların dayanıqlı qayıdışını sosial ədalət prinsipləri əsasında həyat təminatına çalışırıqsa, burada əsas məsələlərdən biri evlərin təmiri ilə bağlıdırsa, digər məsələ də köçürülən əhalinin məşğulluq probleminin həlli və iqtisadi təminatı ilə bağlıdır. Bu məqsədlə İqtisadiyyat Nazirliyi tərəfindən Qarabağ iqtisadi rayonunda və Şərqi Zəngəzur iqtisadi rayonlarında sənaye məhəllələrinin salınmasına başlanılıb, orada fəaliyyət göstərəcək rezidentlərə lisenziyalar verilib. Laçın rayonunda şəhər mərkəzinə yaxın bir ərazidə də sənaye parkının salınması nəzərdə tutulub. Təxminən 46 müəssisə yaradılacaq ki, bu da 2000-dən artıq vətəndaşın daimi işlə təmin olunması deməkdir. İşğaldan azad olunan ərazilərdə həm kənd təsərrüfatının, həm sənayenin, həm də turizmin inkişafı üçün böyük potensialı yüksək qiymətləndirilir. Orada sağlamlıq, eyni zamanda qış və yaz turizminin inkişafı ilə bağlı da müvafiq nazirliklər öz işlərini görür".
M.Abbaszadə vurğulayıb ki, Prezidentin müvafiq tapşırıqlarına uyğun olaraq bu ərazilərdə kiçik və orta sahibkarlığın inkişafı üçün müxtəlif güzəştlərin tətbiqi nəzərdə tutulub: "10 il müddətində bu ərazilərdə fəaliyyət göstərəcək özəl sektor vergi və gömrük rüsumlarından azad olunub. Sosial müdafiə ödənişləri isə dövlət büdcəsi isə subsidiyalaşdırılacaq. Hazırda Qarabağa köçürüləcək insanların peşə fəaliyyəti, ixtisasları, öz dədə-baba yurdlarına qayıdarkən hansı işləri davam etdirəcəkləri barədə ciddi araşdırmalar aparılır".
İqtisadçı millət vəkili Azər Badamovun sözlərinə əsasən, işğaldan azad olunan ərazilərdə yol infrastrukturu, dəmir yolunun tikintisi əsas istiqamətlərdə başa çatmaq üzrədir. İki beynəlxalq hava limanı tikilib, üçüncü hava limanının tikintisi davam etdirilir. Bütün şəhərlərin baş planları təsdiq olunaraq tikintisinə başlanıb. O cümlədən, bir çox kəndlərin də təməlləri atılıb, Ağalı, Talış kəndləri və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qaytarılmasına başlanıb. Dövlət öz doğma yurdlarına qayıdacaq insanların iş məsələsini də qabaqcadan həll edir. Belə ki, bu ərazilərdə aqroparklar, sənaye zonaları, müəssisələr inşa olunur və hər bir yaşayış məntəqəsinə qayıdacaq insanların məşğulluq məsələləri həll edilir: "Təbii ki, işğaldan azad olunan ərazilərin kənd təsərrüfatı potensialı çox yüksəkdir. Bu ərazilərdə ağıllı əkin sahələri, ağıllı heyvandarlıq kompleksləri, bağlar və sairə tikilir ki, bu da müasir üsullarla kənd təsərrüfatı məhsulları istehsal etməyinə imkan verəcəkdir. 2022-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına dövlət büdcəsindən 2665,4 milyon vəsait sərf olunub. Ölkənin iqtisadi imkanları artdıqca işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılan vəsaitin həcmi də artırılır. Bu da görülən işlərin sürətlə icra olunmasına və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinin sürətlənməsinə gətirib çıxarır".
Millət vəkili əlavə edib ki, bu il dövlət büdcəsində işğaldan azad olunan ərazilərə 3 milyard manat vəsait nəzərdə tutulub: "Amma cari ildə büdcə gəlirlərinin proqnozda nəzərdə tutulduğundan çox olması dövlət büdcəsinə yenidən baxılmasını aktuallaşdırır. Dövlət büdcəsinə ediləcək artımlar da əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına, həm də ordumuzun güclənməsinə nəzərdə tutulacaq. Çünki bu gün ölkəmiz üçün əsas prioritet sahələr bunlardır. Hesab edirəm ki, dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulma və bərpasına 2260,0 milyon vəsaitin əlavə olunması keçmiş məcburi köçkünlərin öz ata yurdlarına qayıdışı prosesini daha da sürətləndirəcək və onların cənnətə çevrilmiş doğma yurdlarında firavan və təhlükəsiz həyatlarına davam etdirilməsinə yol açacaqdır".
Sevinc QARAYEVA