Yaxın günlərdə tanınmış texnobloger, Prezident mükafatçısı, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas öz feysbuk hesabında vikipediya səhifəsinin silinməsi ilə bağlı məlumat paylaşıb və bu addımı şəxsinə qarşı qərəz kimi qələmə verib.
Məsələ ilə bağlı “525.az”a açıqlama verən texnobloger belə bir halla ikinci dəfə qarşılaşdığını qeyd edib: “Vikipediya səhifəm 3 il öncə Emin adlı şəxs tərəfindən müzakirəyə çıxarılıb silinmişdi. Vətən müharibəsi dövründə informasiya cəbhəsindəki fəaliyyətim və bunun nəticəsi kimi Prezident mükafatı aldıqdan sonra vikipediya səhifəm səsverməyə çıxarılmış və bərpa edilmişdi. Eyniadlı şəxs mənə qarşı qərəzli olduğundan, səhifəmi yenidən səsverməyə çıxardı və səhifə silindi”.
F.Pərdəşünas bildirib ki, sözügedən vikipediyaçılar planlaşdırılmış şəkildə və qərəzli fəaliyyət göstərirlər: “Vikipediya daxilindi böyük qruplaşmalar var. Hansı ki onlar məqsədli şəkildə əvvəlcədən razılaşdırılmış şəkildə bir-bir şəxslərə “hücum” edirlər, Azərbaycanın istedadlı gəncləri, bəzi elm adamları, alimlər, tarixi hadisələr, hətta şəhid məqalələrini silmək üçün müzakirəyə çıxarırlar”.
Texnoblogerin sözlərinə görə, şəffaf iş prinsiplərindən uzaq olan qruplaşma ilə mübarizə aparmaq mümkün deyil: “Onlarla mübarizə aparmaq qeyri-mümkündü. Çünki idarəçilik onların əlindədir. Bununla bağlı Qlobal Vikimediya fonduna müraciət etmək lazımdır ki, onlar özbaşınalıqla məşğuldular, əllərindəki imkanlardan sui-istifadə edirlər. Vikipediyaçılar var ki, bəzi şəxslərdən məqalələrinin silinməməsi üçün aylıq pul alırlar. Vikipediya könüllülük prinsiplərinə söykənsə də, həmin adamlar özlərinə “maaş” kəsiblər”.
Nadir Yalçın