"Bu gün TÜRKPA çərçivəsində əməkdaşlıq cəmiyyət həyatının əsas sahələrini əhatə edir. Hüquqi, iqtisadi, sosial-mədəni, humanitar, təhsil, ətraf mühit və sağlamlığın qorunması kimi sahələrdə fəaliyyət göstərən 4 daimi komissiyamız üzv dövlətlərimiz arasında bu sahələrdə parlamentlərarası əməkdaşlığın inkişafına töhfələrini verirlər".
525.az xəbər verir ki, bunu TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er "TÜRKPA-nın 15-ci ildönümü: Keçmişin təcrübəsi, bu günün reallıqları və gələcək perspektivləri"nə həsr olunan konfransda deyib.
Baş katib bildirib ki, ötən illər ərzində türk əməkdaşlığı daha da dərinləşdikcə təşkilatın da fəaliyyəti getdikcə genişlənib, üzərinə düşən artan vəzifələri yerinə yetirmək üçün böyük səylə çalışıb:
"İlk dövrlərdə təşkilatın fəaliyyətinin əsas istiqaməti institusional təkmilləşdirməyə və Assambleyanın tanınmasının artırılmasına yönəlsə də, bu illər ərzində TÜRKPA yeni əməkdaşlıq mexanizmlərini və formatlarını işə salıb".