Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan Bölməsi, tarix üzrə fəlsəfə doktoru
[email protected]
Son günlər sosial mediada bir bina haqqında müxtəlif fikirlər səsləndiyindən oxucuların, hətta Bakıdan da olan telefon zənglərini, müraciətlərini nəzərə alaraq XIX əsrdə tikilən və günümüzədək əzəmətlə dayanan bir bina haqqında yazmağı qərara aldım. Onu də deyim ki, rəsmi müraciətlər də var və belə müraciətlər, sorğular 2006-cı ildə də olmuşdu.
Binaların, orta əsrlərdən qalma mülklərin də insanlar kimi taleyi var. Bəxti gətirənlər, yaxud bəxti gətirməyənlər. Ya o binaları zaman uçurur, ya da ki, insanlar. Amma unutmamalıyıq ki, tarixi abidələrə çevrilmiş binalar tariximizin bütün səhifələrini özündə təcəssüm etdirir.
Naxçıvan xanlığı Rusiyaya birləşdirildikdən sonra, Naxçıvan şəhərində dövlət idarələri yerləşən küçə Politseyski adlanırdı. Bu küçədə 1840-cı ildə əvvəlcə ikimərtəbəli bina tikilir. Maraq üçün deyək ki, bu küçədə binaların hamısı Ehsan xanın Təzəkənd (Abbasabad qalasının üst tərəfində) kəndindəki kərpic zavodunda istehsal edilmiş ağ, sarı və qırmızı rəngli kərpicdən tikilib. Elə şəhərdəki yaşayış binaları da həmin kərpiclərdən, yerli ustalar tərəfindən inşa edilib. İndiyədək uçurulmayan binalarda dediklərimizin təsdiqini tapa bilərik. Binanın tikintisi naxçıvanlı ustalar tərəfindən aparılıb. Bina Krım sarayları üslubunda tikilib. Bunun üçün 1845-ci ildə Naxçıvan Qəza İdarəsinin rəisi təyin olunan Krım tatarı A.Şahıngirey Naxçıvandan Krıma və Peterburqa ustalar göndərir ki, onun arzuladığı sarayı tikməyi öyrənsinlər. Naxçıvanlı ustalar bir neçə aydan sonra qayıdırlar və Akim Şahingireyin rəhbərliyi ilə "Naxçıvanşünaslıq Mərkəzi" adlanan binanı tikirlər. Bina yeraltı zirzəmidən və onun üstündə tikilən iki mərtəbədən ibarətdir.
Haqqında söz açılan bina - 2006-cı ildə
Birinci mərtəbədə banket, qəbul salonu yerləşirdi. Memarlığı ilə gözoxşayan pillələrlə 2-ci mərtəbəyə çıxılırdı. Yuxarıda artıq iş kabinetləri və iclas salonu yerləşirmiş.
Yeri gəlmişkən, Krım tatarı olan Şahingirey çox varlı, zəngin adam idi və Naxçıvanda həm də irriqasiya işləri ilə məşğul olurmuş. Bu binanın fasadının yuxarı hissəsində aslan şəkli də var idi. Atabəylər zamanından döyüş bayraqlarının üzərində şir şəkli təsvir olunurdu.
O, Şərur mahalında Arpaçayın vadisində bir ərazini 24 illiyə icarəyə götürüb bağ salmışdı, yazılanlardan məlum olur ki, həmin ərazinini gülüstana çeviribmiş. Hətta onun saldığı kənd "Şahingirey" kəndi adlanırmış (indiki Oğuz kəndi, Şərur rayonunda). 1896-cı ilin miqyaslı xəritələrində Şahingirey kəndi qeyd edilib.
Akim Şahingireyin (el arasında Şəngiley deyirmişlər) saldığı kəndi də "Şəngiley" adlandırmışlar. O, uzun illər Naxçıvanın qəzasının rəisi olub. 1860-cı ildən sonra binanı restavrasiya (bərpa) etdirib. Bina öz füsunkarlığı ilə seçilirmiş. Yerindəcə deyək ki, bərpa təmir etmək deyil.
"Bərpa (maddi mədəniyyət və incəsənət abidələrinin bərpası) - bədii, yaxud tarixi əhəmiyyətli memarlıq tikililərinin, boyakarlıq, heykəltaraşlıq, qrafika əsərlərinin, arxeoloji abidələrinin və sairin bərpası. Abidənin hərtərəfli tədqiqinə əsaslanan müasir elmi bərpadan məqsəd sərbəst dəyişikliyə və əlavəyə yol vermədən obyektin ilkin vəziyyətə salınması üçün bütün imkanlardan istifadə etmək, dağılmaqda olan abidəni möhkəmləndirmək, habelə abidəni təhrif edə biləcək sonrakı dağıntıların qarşısını qabaqcadan almaqdır. Bəzi hallarda mötəbər mənbələr əsasında, abidənin uçmuş hissələri elə bərpa olunur (xüsusən memarlıqda)" (ACE, II cild, s.150, 1978).
Bu binanın bərpası məsələsinə bir azdan təkrar qayıdacağıq. Öz memarlığı ilə seçilən bu binada 1844-cü ildə gürcü şairi Nikoloz Barataşvili də 6 ay işləyib. Onun yaxınlığındakı binada yaşayıb. Həmin binanın da fotosunu tapmışıq.
Kəngərli süvarilərinə məxsus 2 bayraq da burada saxlanırmış. Hər gün o bayraqların yanında fəxri qarovul dayanırmış.
Gürcüstan Milli Arxivindən tapılmış sənədlərdən məlum olur ki, Ehsan xan Qafqaz Canişininə xahiş məktubu yazandan sonra həmin bayraqlar "Xan Sarayı"na aparılır. Bu təntənəli aparılma arxiv sənədlərində təsvir edilib.
Qeyd edək ki, Kəngərli süvarilərinin başçısı general-mayor II Kalbalı xana verilən 3-cü fəxri bayraq da "Xan Sarayı"na qoyulur. 1920-ci ilədək Kəngərli süvarilərinə məxsus bayraqların orijinalı Naxçıvanda saxlanılıb. 1918-1920-ci illərdə bu binada Naxçıvan Araz Türk Cümhuriyyətinin parlamenti fəaliyyət göstərib. Ondan sonra yaranan Müvəqqəti hökumətin hərbi nazirliyi də burada yerləşib. Yəni bu bina XIX əsrdə və XX əsrin əvvəllərində Naxçıvanın ictimai-siyasi həyatında heç vaxt unudulmayan tarix yaşayıb.
Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinin Naxçıvan təyin etdikləri general-qubernatorlar da bu binada fəaliyyət göstərmişlər.
1920-ci ildən sonra, sovet hökumətinin bolşevik çekistləri burada yerləşmişlər. Naxçıvanlı ağsaqqalların vaxtı ilə söylədiklərinə görə bu binada bir müddət vəzifəlilər də yaşayıb. Binanın yerləşdiyi küçənin 1930-cu ildə çəkilmiş fotosunda yuxarıda deyilənlərin doğru olduğunu görürük.
Sovet hakimiyyəti illərində burada müxtəlif təşkilatlar fəaliyyət göstərmişlər. Və insafla demək lazımdır ki, binanın zahirən və daxilən quruluşuna dəyməyiblər.
Ancaq 1995-ci ildən sonra binanın çətin günləri başlayıb. Necə deyərlər, ara qarışıb - dəftər itən vaxtda "qəribə bilikli" adamlar peyda olub. Guya bu bina "erməni Cahanpoladovun evidir" deyə sökməyi qərara alırlar.
Bu sətirlərin müəllifi 2004-cü ildən başlayaraq yazdığı yazılarda həmin binanın tarixiliyi haqqında məlumat verib.
2006-cı ildə yanıma gələn rəsmi şəxslərə bildirdim ki, bu bina dövlət binası kimi tikilib, Cahanpoladovun evi deyil. Cahanpoladovun mülkünü sovet hökuməti XX əsrin ortalarında texniki peşə məktəbi eləmişdi. Yaxşı ki, unudulmaz tarixçi Əli Əliyev bu haqda öz kitabında yazmışdı. Bu səbəbdən o binanı uçurmadılar. Qərara aldılar ki, orada elə bir təşkilat yerləşdirilsin ki, tarixi bina qorunsun. Bu binada "Naxçıvanşünaslıq Mərkəzi" yaradıldı. Amma binanın içərisi tam dəyişdirilmişdi. Əvvəlki görkəmindən əsər-əlamət qalmamışdı. Açılışında buna çox təəssüf etdik. Çünki restavrasiya (bərpa) belə olmur axı! Belə bərpa idarəsinə yaxud emalatxanasına nə ad verəsən?!
Sözügedən bina - 2015-ci ildə
Restavrasiya olduqca zərif məsələdir. Bizim bərpaçıları tez-tez qonşu Gürcüstana göndərməlidirlər ki, bərpanın necə olduğunu görsünlər və tariximizi yaman günə qoymasınlar.
"Naxçıvanşünaslıq Mərkəzi"ni ləğv etdilər. Onu Akademiyanın Tarix İnstitutuna, yaxud Mərkəzi Kitabxanaya vermək olardı. Ancaq heç birinə verilmədi. Buna təəssüf etmək olar. Sonralar binanı özəl bir tikinti şirkətinə verdilər.
Bu əzəmətli binanın hər bir kərpicində Naxçıvan tarixinin izləri var. Gürcüstandan gələn rəsmi qonaqlar bu binanı ziyarətə gəlirdilər, gürcü şairi Nikoloza görə. Özündə iki əsrlik tariximizi yaşadan bu əzəmətli binanın əvvəlki görkəminin və şöhrətinin özünə qaytarılması tariximizə göstərilmiş zəruri diqqət və qayğı olar.