“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə mentorluq proqramı çərçivəsində növbəti görüşü keçirilib.
Müsabiqənin İşçi Qrupundan 525.az-a bildirilib ki, ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Nərgiz Balakişiyeva Bakı Dövlət Universitetinin proqrama qəbul olunan tələbələri Ləman İsparova və Ayxan Məmmədli ilə tanışlıq görüşü keçirib. Mentor Nərgiz Balakişiyeva tələbələrə Dövlət Neft Fondunun fəaliyyəti barədə məlumat verib, neft sektorunun qlobal iqtisadiyyatda rolu və perspektivlərindən bəhs edib. Mentor gələcək karyera seçimlərində düzgün addım atmaq məqsədilə mentilərinə texniki və idarəetmə bacarıqlarını inkişaf etdirməklə bağlı bir sıra tapşırıqlar verib. O, mentorluq proqramının gələcək gedişatı ilə əlaqədar atılacaq addımları bölüşüb. Tələbələr isə ixtisas artımı istiqamətində yararlı olacaq layihələrdə iştirak etməkdə maraqlı olduqlarını deyib, mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi görüşə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, mentorluq proqramının əsas məqsədi III və IV kurs tələbələrinin “Yüksəliş” müsabiqəsinin qaliblərinin idarəçilik təcrübəsindən yararlanmasını və gələcək karyera fəaliyyəti ilə bağlı tövsiyələr almasını təmin etməkdir. Proqramın sonunda “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən tələbələrə tövsiyə məktubu təqdim ediləcək.
“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 tələbə qəbul olunub. Seçim tələbələrin bioqrafiyası və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Sevinc Qarayeva