Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun direktoru Səyyarə İbadullayeva və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aydan Hüsüyeva Çin Xian Memarlıq və Texnologiya Universitetinin İncəsənət Kollecinin təşkilatçılığı ilə keçirilən “İpək Yolu boyunca yerləşən ölkələrin davamlı qida sistemləri üzrə ilk fənlərarası forumu”nda iştirak ediblər.
525.az-a bu barədə Botanika İnstitutundan məlumat verilib. Bildirilib ki, onlayn beynəlxalq forumun məqsədi İpək Yolu boyunca yerləşən ölkələr üzrə davamlı qida sistemləri haqqında informasiya mübadiləsi və əməkdaşlığın artırılması olub. Konfransa onlayn qatılan S.İbadullayeva və A.Hüsüyeva “Azərbaycanın ənənəvi yabanı qida bitkiləri” mövzusunda təqdimatla çıxış edib və sertifikata layiq görülüblər.
Tədbirdə müxtəlif ölkələrin mütəxəssisləri qida mədəniyyəti və tarixi, davamlı qida sistemləri, qida sisteminin transformasiyası və ənənəvi qidaların istifadəsi mövzularında çıxışlar ediblər.