Şəmsəddin KUZƏÇİ
Türkmanların VII əsrdə Orta Asiya və Azərbaycandan İraq ərazisinə köç etmələri bütün tədqiqatçılar tərəfindən birmənalı şəkildə qəbul olunub. Dil və adət-ənənələrlə yanaşı, ədəbiyyat və folklor nümunələrinin, əsasən də xoyrat və bayatıların oxşarlığı deyilənləri təsdiqləyən önəmli sübutudur.
1534-1918-ci illər arasında indiki İraqın Mosul, Bağdad və Bəsrə vilayətləri Osmanlı tərəfindən idarə edilirdi. Həmin dövrdə İraq xalqı Türk mədəniyyətinin təsiri altına düşərək qaynayıb-qarışmışdı. Türkmanlar isə öz mədəniyyətlərini daha da inkişaf etdirmiş və şaxələndirmişdilər.
İraq Türkmanlarının mədəniyyət mərkəzi sayılan Kərkük şəhərində Füzulinin Kərkük qalasında yerləşən ata evi və Füzuli məscidinin dağıntılarının varlığı bu şəhərin Türklüyünün və dilinin Azərbaycan türkcəsi olduğunun təsdiqidir. İraqın Hillə şəhərində doğulan, bir müddət atası ilə Kərkükdə yaşayan və Kərbəlada vəfat edib Hz. Hüseynin qəbri yanında dəfn edilən Türk dünyasının böyük şairi Füzulinin işlətdiyi dil, yazdığı qəsidə və qəzəllərə baxılanda görünür ki, şeirlərində işlətdiyi bir çox sözlərdən yalnız Kərkük Türkmanları və Azərbaycan xalqı tərəfindən istifadə edilib. Bu da Kərkük və Azərbaycan xalqının bir-birinə nə qədər yaxın olduğunun göstəricisidir.
Hələ orta məktəb illərində - sovet dövründə Azərbaycan Radiosunun ərəb dilindəki verilişlərini, xüsusilə də kərküklü Sinan Səidin səsindən ərəb dilində hekayə, xoyrat və Azərbaycan bayatılarını dinləyərdim. Radioya ünvanladığım bir məktuba cavab kimi gələn məktubda göndərilmiş Bakının şəkillərindən bu şəhərin necə gözəl olduğunu hiss etmişdim. Bakını görmək, insanları ilə qaynayıb-qarışmaq minlərlə kərküklü kimi mənim də xəyalım idi. Azərbaycanla tanışlığım Sovet Radiosu və Səməd Vurğunun şeir kitabı ilə başladı. Onun "Azərbaycan" şeiri qəlbimdə taxt qurmuşdu. "Gözəl Vətən! Mənan dərin...", "Ölməz könül, ölməz əsər..." misralarının yer aldığı bu şeir bütün varlığımı sarmışdı.
Azərbaycanı görmək, azərbaycanlılarla tanış olub danışmaq hər Türkmanın içində bir ağrı idi. Bu ağrı 1989-cu ildə Bağdadda Azərbaycan və Kərkük Türkmanlarının görüşü ilə sona yetdi. İraq Mədəniyyət Nazirliyinin dəvətiylə Bağdada gələn Azərbaycan nümayəndə heyəti ilə görüşdə ustad şair Nəbi Xəzri, Kamil Vəli Nərimanoğlu, Qasım Qasımzadə, Hacıbaba Hüseynoğlu kimi azərbaycanlı söz adamları ilə tanış oldum. Səsini sevib bəyəndiyim (qızıma adını verdiyim) gənc ifaçı Aybəniz Həşimova və digər azərbaycanlılarla tanışlıqdan da çox şad oldum.
Adını və səsini eşitdiyim, qəzet və jurnallarda məqalələrini oxuduğum Dr. Sinan Səidlə tanış olduğum anlar isə gözümün önündən heç vaxt getməyəcək.
O gecədə Əbdüllətif Bəndəroğluyla da ilk dəfə üz-üzə danışdıq. Əli Marufoğlu, Mehmed Mehdi Bayat, Sami Yusif Tütünçü, Əhməd Kərküklü kimi Türkman şairlərinin də iştirak etdiyi gecədə gözəl anlar yaşadıq. Muğam ustası Hacıbaba Hüseynov və kərküklü sənətçi Mehmed Raufun oxuduğu muğamlar qəlbimizi titrədirdi. Nəbi Xəzrinin şeirləri insanı məst edirdi. Aybəniz Haşımova səsinin gözəlliyi ilə hamının qəlbində taxt qurmağa müvəffəq olmuşdu.
Dr Sinan Səidlə bağlı azərbaycanlı dostlarımdan bir neçə dəfə məktublar aldım. Onun haqqında məlumatlar istədilər. Ancaq mənim bir neçə məqaləmdən başqa onun haqqında heç bir məlumata malik deyilik. İraqda nəşr olunan mənbələrə baxdıqda isə eyni məlumatların təkrarlandığını görürük. Dr Sinan Səid haqqında professor Qəzənfər Paşayevin qələmə aldığı məqalələr digərlərindən fərqlənsə də, yenə də onunla və ailəsiylə bağlı məlumat almağa kifayət etmirdi. Çünki Sinan Səidin həyatı bir sirr kimi gizlədilirdi. Özəlliklə Sinan Səidin övladları Ümid və Eməl ilə bağlı məlumatlar onun vəfatından sonra müəmmaya çevrilmişdi.
"Musalladan Şaturluya: Sinan Səid" kitabnıı hazırlamaqla bağlı heç bir fikrim yox idi. Sadəcə vəfatının 30-cu ilini geniş bir məqaləylə taclandırmağı düşünmüşdüm. Bir axşam Azərbaycan Radiosunun əməkdaşı Günay xanım Novruzdan sosial hesabıma bir mesaj gəldi. Sinan Səidlə bağlı veriliş hazırlayacağını dedi. Günay xanım Sənan Səidin qızı Eməl xanımla əlaqə yaratmaq istəyirdi. Sənan Səidlə bağlı Kərkük qəzetində yazdığım məqaləni oxuduqdan sonra mənimlə əlaqə yaradan Günay xanım bu kitabı yazmağıma vəsilə oldu.
Azərbaycan Radiosunun efirində professor Qəzənfər Paşayev, yazıçı Nahid Hacızadə və yazıçı Aqşin Babayevin oğlu Gündüz Babayevlə birlikdə iştirak etdik. Efirdə Günay xanıma Sinan Səidin vəfatının 30-cu ili münasibətiylə kitab hazırlayacağımı deyəndə çox sevindi.
Sənan Səidin kitabını bir ay ərzində hazırlamaq, şeir və məqalələrini əski əlifbadan yeni əlifbaya çevirmək vaxt alırdı. Lakin Sənan Səid üçün hər şeyə dəyərdi. Xəzinəm hesab etdiyim arxiv məlumatlarım işimi asanlaşdırdı. Mənə dəstək verən dostlarım da kitabın qısa vaxtda ərsəyə gəlməyinə vəsilə oldular. Azərbaycandan professor Qəzənfər Paşayev, jurnalist Günay Novruz, Sinan Səidin qohumları - Halə, Seymen Lalə və Turxan Dərzibaşılar, ədəbiyyatçı dostlarım - Nəbil Kuzəçi, Mehmed Ömər Qazançı, Mustafa Ziya, Əhməd Yanar və digərləri... Onlara minnətdaram və təşəkkür edirəm.
Kitabın necə alınacağı məni çox düşündürürdü. Allahın yardımı ilə hər şey asanlaşdı və Sinan Səidin özü, ailəsi, müəllim qardaşı Kənan Səid haqqında önəmli məlumatlar toplaya bildik.
Tədqiqatçılara və gələcək nəsillərə kömək olsun deyə kitabı elmi dildə qələmə aldıq. İstədik ki, əsərin ön sözü azərbaycanlı professor Qəzənfər Paşayevin qələmindən çıxsın. Kitabın ilk hissəsi Sinan Səidin həyatı və ədəbi şəxsiyyəti, ikinci hissəsi isə əsərləri, haqqında yazılan məqalə və şeirlərdən ibarətdir.
Kitabın əlavə hissəsində Sinan Səidin yazdığı türkülərə sözləri və notlarıyla birlikdə yer vermişik. Bu mövzuda Saleh Turxanın "İraq Türkman havaları" kitabından yararlanmışıq. Kitabın sonunda isə fotoşəkillər əlavə etmişik.
Kitabın ikinci nəşri üçün indidən bütün dostlarımdan yazılmayan və unudulan xatirələrini, düşüncələrini bizə çatdırmaqlarını xahiş edir, tənqidlərə açıq olduğumuzu sayğı və sevgi ilə bildiririk.
Sinan Səid 1934-cü ildə Kərkükdə anadan olub, orta və lisey təhsilini burada alıb. Xüsusi kurs bitirərək məktəbdə rəsm müəllimi işləyib. 1959-cu il fevral ayının 1-də Bağdad radiosunun Türkmanca bölümünün açılışında diktor kimi fəaliyyətə başlayıb, həftədə bir gün "Yeddi gündə bir" ədəbi-mədəni proqramı ilə şöhrət qazanıb. Sevdiyi bir qızla evlənmək istəyirmiş. Onun bu xüsusda yazdığı və bəstələdiyi mahnısı "Hər gün axşam olur dallam-dallam" xalq arasında yayılıb. Gözəl parçanı Türkiyədə İbrahim Tatlısəs də oxuyub. Lakin sevdiyi qızla evlənməsi gerçəkləşmədiyindən çox pərişan olub və ölkəni tərk etmək qərarına gəlib.
Dövlətlərarası müqaviləyə əsasən 1959-cu ildə Azərbaycanın paytaxtı Bakıya gedərək 1970-ci ilə qədər Azərbaycan Radiosunun ərəb bölməsində diktor işləyib. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirib. Akademik Həmid Araslının rəhbərliyi ilə 1969-cu ildə "İraq-Türkman mətbuat tarixi və ədəbi məsələlər" mövzusunda dissertasiya müdafiə edərək elmi ad alıb. Bakıda Raidə Bağır qızı adında azəri bir xanımla evlənib, Ümid adında oğlu, Namidə adında (sənəddə adı Əməl) qızı dünyaya gəlib. "Əməl çoxseriyalı ərəb filmində baş rola çəkilib və ərəb aləmində şöhrət qazanıb. Əməl Türkiyədə Əhməd Cavadın qohumlarından Azər adlı şəxsə ərə gedib.
1970-ci ildə Bağdada dönən Sinan Səid Bağdad Universitetinin Ədəbiyyat fakültəsində müəllim işləyib. 1975-1986-cı illər arası fakültənin mətbuat şöbəsinə rəhbərlik edib. 1991-ci il iyunun 12-də vəfat edib.
Sinan Səidin Azərbaycan ədəbiyyatı nümunələrinin ərəb dilinə tərcümə edilməsində böyük xidmətləri olub. Süleyman Rəhimovun "Ata və oğullar" hekayələr toplusunu, "M.P.Vaqif", "M.Ə.Sabir" və "C.Məmmədquluzadə" əsərlərini ərəb dilinə çevirib. Azərbaycan şairlərinin şeirlərini tərcümə edərək geniş ön sözlə "Ərəb ölkələri haqda Azərbaycan nəğmələri" (Bağdad, 1971) kitabını çap etdirib. Sinan Səid çoxyönlü bir sənətçi olub - yazar, şair, rəssam, qəzetəçi, səs sənətkarı, bəstəkar və radio xəbər sunucusu və s. Bakıda müğənni Nərminə Məmmədova ilə dörd Kərkük mahnısını ifa edib. Sinan Səid şair kimi 1952-ci ildən mətbuatda çap etdirdiyi şeirləri ilə tanınıb.
Ömür boyunca
Şərqi olsaydın,
Dinlərdim səni,
Ömür boyunca.
Ceylan (ceyran - Ş.K.) olsaydın
Avcı olardım
Vurardım səni
Bəndən qaçınca.
Şərab olsaydın
İçərdim səni
Yürək doyunca
Həp doyunca.
Şərqilərdən gözəlsən
Ceylanlardan da incə
Şərablardan dadlısan
Sən bir xəyalsan.
Bənsə bir atlı.
Qoşar ardınca
Ömür boyunca.
Veto
Utanmadan,
Heç qorxmadan
Aldın qərar
.
Gücün, topun
Yüzündə var
Bunda nə var?
Nə Allahın vardır sənin
Nə də vicdan!
Allahını hərəmlərdə
Astın çoxdan!
Uzaq pirinç (düyü - Ş.K.) çöllərində
Yaxmadınmı kitabımı
Pərrə pərrə (varaq-varaq - Ş.K.)
yüz bin kərə?
İştə bunda
Hakkın var
Saldırana,
Yandırana
Gönül versən
Yana-yana
Can verənə.
Yavru söylə!
Diri-diri
Gömülənə
Veto desən.
Dərd əkmək
Kimimiz yemək için yaşayacak.
Kimimiz yaşamak için yeyəcək.
Kimimiz ağlayacak.
Kimimiz güləcək.
Kimimiz yüksələcək, alçalacak
Və baş əgməmək için
Öləcək.
Qazılacaq
Biraz önündə qəbri.
"Ölüm Allahın əmri
Ayrılıq olmasaydı"
Bir də
Bu dərdə əkmək
Ey fələk!