Azərbaycan Milli Elmlər Akademiyası, AMEA-nın Naxçıvan bölməsi, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə "Naxçıvan Muxtar Respublikasının yaradılması: tarix və müasirlik" mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransdan öncə təşkilatçı qurumların və elmi-tədqiqat müəssisələrinin rəhbərləri Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi qoyaraq Ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər.
AMEA-nın Naxçıvan bölməsində baş tutan konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.
Bölmə sədri bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" 30 dekabr 2023-cü il tarixli Sərəncamı mühüm tarixi qərar olub, 100 illik tarixə malik muxtar respublikanın Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında rolunun daha dərindən öyrənilməsinə xidmət edir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli konfransda "Naxçıvan Muxtar Respublikası: ədəbi-tarixi proseslər və müasir dövr" başlıqlı məruzə edib. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamını Naxçıvan Muxtar Respublikasına dövlət səviyyəsində göstərilən diqqətin, qayğının təzahürü kimi qiymətləndirib. Qeyd olunub ki, həmin Sərəncam Naxçıvanın muxtariyyət tarixinin və inkişaf yolunun müstəqillik ideyaları əsasında azərbaycançılıq mövqeyindən yenidən öyrənilməsinə mühüm stimul verir. Bu qayğı Naxçıvanın yeni dövr inkişafını istiqamətləndirir, onun sabahını daha aydın təsəvvür etməyə imkan verir.
Akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 fevral tarixli Sərəncamı ilə Akademiya sistemində çalışan 55 nəfərin "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunduğunu bildirib. AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyevə, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlıya, Naxçıvan Bioresurslar İnstitutunun baş elmi işçisi akademik Tariyel Talıbova və AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevə medalları təqdim edib.
Konfransda, həmçinin AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru filologiya elmləri doktoru Fərman Xəlilov Azərbaycanda elmin və təhsilin inkişafına verdiyi töhfələrə, gənc alimlərin yetişdirilməsində, onlara milli-mənəvi dəyərlərin aşılanmasında xidmətlərinə görə və Elm Günü münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının "Fəxri Ağsaqqal" döş nişanı ilə təltif olunub.
Akademik İsa Həbibbəyli AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevə və filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevə səmərəli elmi fəaliyyətinə görə və 27 Mart - Elm Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanını, bölmənin 19 əməkdaşına isə Azərbaycan Milli Elmlər Akademiyasının elmi mühitində və ictimai həyatında fəal iştirakına görə "Təşəkkürnamə" təqdim edib.
Təltif olunanlar adından çıxış edən akademik İsmayıl Hacıyev ölkə başçısına minnətdarlığını bildirib.
Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, professor Kərim Şükürov, Naxçıvan Dövlət Universitetinin rektoru dosent Elbrus İsayev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Azad Novruzov, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Ədalət Qasımov və AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev müxtlif məruzələrlə ediblər.