Bu gün həm İkinci Dünya müharibəsinin faşizm üzərində qələbəsindən 79 il ötür, həm də həmin qələbədə payı olan 700 minnəfərdən çox azərbaycanlıdan biri - Rəşid Qasımov 100 yaşını qeyd edir. Böyük tarixin canlı nümayəndəsi kimi Rəşid kişinin bioqrafiyasına ötəri nəzər salaq.
Rəşid Mənsim oğlu Qasımov 1924-cü il mayın 9-u Füzuli rayonunun Böyük Pirəhmədli kəndində anadan olub. 18 yaşında İkinci Dünya müharibəsinə yollanan Rəşid Qasımov I qrup əlil kimi 1945-ci ildə geri qayıdıb. O, qanlı savaşların birində sağ ayağını itirib. Müharibədə göstərdiyi şücaətə görə I dərəcəli “Vətən müharibəsi” ordeni ilə təltif edilib.
Müharibədən qayıdandan sonra rayonun təsərrüfat həyatının ön sıralarında olan Rəşid Qasımov aqronom, zootexnik, ferma müdiri, briqadir vəzifələrində çalışıb. 1993-cü ildə məcburi köçkün kimi Göyçay rayonunun Xəlitli kəndində məskunlaşıb. Rəşid kişi həmişə Xəlitli camaatının insanpərvərliyindən ağızdolusu bəhs edib. Yerli insanlar daim onun hörmətini saxlayıb, xeyirdə, şərdə Rəşid kişini ağsaqqal kimi başda əyləşdiriblər. Xəlitlinin sevimli siması Rəşid Qasımovun 100 illiyi kənd əhalisi üçün də əlamətdardır.
Atalarımız yaxşı deyib: “Ot kökü üstündə bitər”. Uzun və mənalı ömür yaşayan Rəşid kişinin nəvəsi baş leytenant Səid Rəşidzadə 44 günlük Vətən müharibəsi zamanı - 2020-ci ilin oktyabrın 11-də Şişqaya yüksəkliyinə bayraq sancarkən qəhrəmanlıqla şəhid olub. Onu babası ilə bağlayan təkcə soyadındakı Rəşid adı deyilmiş, həm də cəsarət, dönməzlik, vətənə məhəbbət Səidə qanla ötürülüb.
Səid Rəşidzadənin atası, Rəşid Qasımovun oğlu, Birinci Qarabağ savaşının ən qızğın vaxtlarında, təxminən, 9 ay Füzuli Rayon İcra Hakimiyyətinin başçısı olmuş, torpaq-yurd təəssübkeşi, mərdliyi ilə ətrafındakıların sevgisini qazanmış, qəhrəman oğlu, qəhrəman atası Nofəl Qasımov deyir: “Yaşının bu cağında da kişinin zehni çox itidir, hər şeyi analiz edə bilir. Qələbədən sonra dedi ki, karantin ola, bu vəziyyət camaatın yaşayışına mənfi təsir edə, hələ üstəlik, müharibə də ola – bu, elə-belə iş deyil, amma şükür ki, yeməyə çörəyimiz var. Dedi ki, müharibə eləmək asan iş deyil, gərək 7-8 dövlətlə danışasan, bir çox məsələləri əvvəlcədən həll edəsən, maşallah, Prezidentimiz çox fərasətli çıxdı. Torpaqlarımız azad olunandan sonra atam vəsiyyət eləyib ki, dünyadan köçəndə onu ulu babası Atakişi kişinin yanında dəfn edək”.
Səidin şəhid olduğunu babasından gizlədiblər. Rəşid kişi nəvəsinin şəhidlik zirvəsinə yüksəlməsindən televiziya vasitəsilə xəbər tutub.Görünür, bu 100 ilin bir bədəli var imiş: sevincli-kədərli cümlələri ekrandan dilə gətirən aparıcının səsini eşitmək...
Rəşid Qasımovu 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, Füzulinin, böyüyüb boya-başa çatdığı obaların azadlığı münasibətilə ona gözaydınlığı verir, cansağlığı, sağlamlıq arzulayırıq!
Nadir YALÇIN