(Əvvəli ötən sayımızda)
M.Ə.Rəsulzadə Azərbaycan sovet ədəbiyyatşünaslığında olduğu kimi postmonarxist düşüncədə, o cümlədən rusların və SSRİ xalqlarının ədəbiyyatşünaslığnda tarixin təftişi, fakt, hadisə və sənədlərin təhrifini, təftişini tənqid edirdi. Buna misal olaraq Rusiya və İran arasında imzalanan, Azərbaycanın parçalanması ilə nəticələnən "Gülüstan" (1813), "Türkmənçay" (1828) müqavilələrinə dostluq donu geydirilməsinə tənqidi fikirləri göstərmək olar.
M.Ə.Rəsulzadənin "Azərbaycan Cümhuriyyəti (keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti" (1923), "Əsrimizin Səyavuşu", "İstiqlal məfkurəsi və gənclik", "Rusiyada siyasi vəziyyət" (1923-1925), "İstiqlalçı sosializmin iflası və demokratiyanın gələcəyi" (1928), "Milliyyət və bolşevizm" (1928), "Panturanizm haqqında" (Paris, rus dilində, 1930), "Panturanizm və Qafqasiya problemi" (Varşava, rus dilində, 1930), "Azərbaycanda Milli Hərəkat" (19 noyabr 1933), "Çağdaş Azərbaycan ədəbiyyatı" (1936, 1950), "Azərbaycan problemi" (Almaniya, almanca, 1937), "Azərbaycan müstəqillik uğrunda mübarizədə" (Varşava, polyakca, 1938), "Azərbaycan şairi Nizami" (avqust 1941, Almaniya, Buxarest, 1951), "Azərbaycan tarixi" (1947), "Azərbaycan Kültür gələnəkləri" (1949) kitabları, çoxsaylı elmi-nəzəri və publisistik yazıları həyatının mühacirət dövründə yazılıb və nəşr edilib.
Azərbaycan mühacirətinə liderlik edən M.Ə.Rəsulzadə hansı ölkədə və hansı şəraitdə yaşamasından asılı olmayaraq böyük Azərbaycan idealına sadiq qalıb, vətənini tanıtmaq, onun azadlığına qovuşmaq üçün çalışıb. Bu fikri birmənalı söyləməyə əsas verən görkəmli siyasətçi, alim, ədib, ictimai xadim olan M.Ə.Rəsulzadənin zəngin irsi, qürbət acıları, Vətən həsrəti ilə qovrulan şəxsiyyəti, tərcümeyi-halındakı həqiqətlərdir. Onun xarici ölkələrdəki ictimai-siyasi fəaliyyəti və yaradıcılığı rəhbərlik etdiyi, redaktoru olduğu qəzet və jurnallarla bilavasitə bağlıdır. Bunlar "Yeni Qafqasiya" (1923), "Prometey"(1926), "Azəri-türk" (1928), "Odlu yurd" (1929), "Bildiriş" (1930), "İstiqlal" (Berlin, 1932), "Qurtuluş" (Berlin, 1934), "Azərbaycan" (1952) və sairdən ibarətdir. Xarici ölkələrdə, xüsusən də Türkiyə, Polşa, Almaniya, Fransa və Rumıniyada məskunlaşan azərbaycanlı mühacirlərin təşkilatlanmasına fədakarlıqla çalışan, onların yaşam haqlarının tanımasını vacib sayan M.Ə.Rəsulzadə siyasi mühacir olan həmfikirlərinin mövqeyini yazılarında açıq-aydın ifadə edir, bütövlükdə Azərbaycanın, Xalq Cümhuriyyətindən sonrakı taleyinə, kommunist işğalına dair məqalələrlə çıxış edirdi. Bu zaman mövcud ictimai-tarixi fakt və həqiqətlərə, sovet mətbuatı materiallarına istinad edən M.Ə.Rəsulzadə Azərbaycan ədəbiyyatı və mətbuatı materiallarına xüsusi əhəmiyyət verir, xalqın tarixi taleyi ilə mövcud vəziyyəti arasında paralellər aparır, təhlil etdiyi gerçəkləri irs-varislik əlaqələri zəminində aydınlaşdırırdı. Məhz həmin mövqedə dayandığına görədir ki, o Azərbaycanın kommunist istilasından azad olacağına inanır, milli-mədəni dəyərlərin hər cür siyasi şüarlardan üstün olduğunu diqqət mərkəzində saxlayırdı. Maraqlıdır ki, M.Ə.Rəsulzadə nəinki irihəcmli monoqrafiyalarında, məsələn "Azərbaycan şairi Nizami" və başqa əsərlərində ədəbiyyatı, nəsr, poeziya və dramaturgiyanı təhlil, tədqiq obyekti seçir, eyni zamanda sosial-siyasi və fəlsəfi məzmunlu məqalə və düşüncələrində də bədii materiallara, şeir nümunələrinə mühüm yer ayırırdı.
Diqqətəlayiq bir məqam da ondan ibarətdir ki, hər hansı ədəbi şəxsiyyət, əsər, şeir nümunəsinə istinad edərkən M.Ə.Rəsulzadə azadlıq, hürriyyət, müstəqillik, haqq və ədalət duyğularına üstünlük verir, insanların birgə və bərabər yaşamına xidmət göstərmənin ən ali vəzifə olduğunu diqqət mərkəzində saxlayırdı. Yəqin elə buna görədir ki, Böyük Azərbaycan şairi Nizami Gəncəvi onun istəklərinə daha dolğun cavab verir, adil hökmdar, ədalətli cəmiyyət, birlik və bərabərlik prinsipləri ilə yaşayan ədəbi qəhrəmanlar M.Ə.Rəsulzadəni hamıdan çox maraqlandırırdı. M.Ə.Rəsulzadənin klassik Şərq ədəbiyyatının məşhur nümayəndəsi Əbülqasım Firdovsinin "Şahnamə"sinə istinadla yazdığı "Əsrimizin Səyavuşu" əsəri Azərbaycanın azadlıq ruhunu ifadə edir, bədii əsərdən daha çox siyasi-fəlsəfi traktat səciyyəsi daşıyan bu əsərin xəyali və real qəhrəmanları "azadlıq, bərabərlik, qardaşlıq" cəmiyyətinin qurulacağına inam bəsləməsi ilə maraq doğurur.
"İnsanlara hürriyyət, millətlərə istiqlal" şüarını dövrün ictimai-siyasi tələblərinə uyğun şəkildə müdafiə edən M.Ə.Rəsulzadə sosial, mədəni düşüncələri, ədəbi-nəzəri fikirləri və şəxsi həyat təcrübəsində də ona əməl edir, məqalələrində Azərbaycan ədəbiyyatı və mətbuatının demokratizmini ön plana çəkir, milli ədəbiyyatın ümumbəşəri dəyərlərinə diqqət yönəldir, tarixən "doğru fikir, doğru söz, doğru əməl" (Zərdüşt) düşüncəsi ilə yaşayan azərbaycanlıların sovet Rusiyasının asılılığından qurtuluşunu başlıca vəzifə sayırdı. M.Ə.Rəsulzadənin bu istiqamətdə apardığı mübarizəni onun ictimai-siyasi məzmunlu yazıları ilə yanaşı ədəbi-tənqidi məqalələri də parlaq şəkildə əks etdirir. Onun "Şəkilcədə də, mühtəvaca da ruslaşdırma", "Ağaoğlu Əhməd", "Azərbaycan mətbuatının piri", "Böyük kompozitor Hacıbəyli Üzeyir", "Mirzə Fətəli Axundzadə", "Vəzirli Nəcəf bəy", "Ədəbi bir hadisə", "Ricali-Azərbaycan dər əsri-məşrutiyyət" və sair məqalələri bu mənada daha çoxdiqqətəlayiqdir. Marksist-leninçi ideoloqların sosialist realizmi metodologiyasının pərdəsi altında ruslaşdırma siyasəti yürütdüyünü ifşa edən M.Ə.Rəsulzadə bildirirdi ki, "Çar dövründəki senzor Azərbaycanı mətbuatsız buraxmışdı. Kommunist dövründəki işğal isə Azərbaycanı istiqlalından, mətbuatını da milli şüura xidmətdən məhrum buraxmışdır.
Fəqət, Rusiya çarizmi "Milliyyət"i, "Millət" olmakdan nasıl mən etmədiysə (mane ola bilmədi isə), Bolşevizm dəxi "Millət"i, "Milliyyətə çevirmək qüdrətində deyildir" ("Azərbaycan mətbuatının piri"). Yeni sovet Adamı, kommunist tipi, oktyabryat, pioner yetişdirən ideologiyanın mahiyyət və məqsədini öngörücülüklə söyləyən M.Ə.Rəsulzadə bu işdə ədəbiyyat və mətbuatın xüsusi rolu olduğunu vurğulayırdı. milli dil, düşüncə, hiss və duyğular kompleksini qoruyan mətbuat nümunələri və bədii ədəbiyyat xadimlərini həmin meyarla tədqiq, təhlil və təqdim edən M.Ə.Rəsulzadə "Əkinçi" qəzetinin xidmətlərini həmin məqsədlə diqqət mərkəzinə çəkir, onun ictimai dəyərinə mühüm diqqət verirdi.
O deyirdi: "Əkinçi"nin zühuru, tək milli deyil, eyni zamanda demokratik bir hadisə idi. Xanlıqlar dövrünün şairləri kimi o, saraylara və saraylar ətrafında toplanan mümtaz zövq sahiblərinə deyil, bütün xalqa xitab edirdi, milli bir məqsəd güdürdü.
Xalqı aydınlatmaq onun ən böyük məqsədi idi.
Mətbəəsizlik, mürəttipsizlik kimi maddi müşkülləri və mühitdəki təəssüf kimi mənəvi maneələri ideal eşq və əzmlə aradan qaldırmaq istəyən Həsən bəy özü kimi çağdaş elm və fənn cihazi ilə silahlanmış olan sayları məhdud gənc aydınları işə çağırır və deyir ki:
"Ey elm təhsil edən cavanlarımız, doğrudur, bizim Vətən qardaşlarımızla üns tutmaq şiddətlidir. Sizin danışdığınızı onlar başa düşmür. Sizə kafır deyib incidəcəklər. Doğrudur, qeyri millətlər, sizin kamalınızı görüb sizə artıq rütbə verəcəklər. Amma insaf deyil ki, beş günlük ömür ləzzətindən ötəri milləti, qardaşlarımızı atıb onları kor və sərgərdan qoyasınız" ("Azərbaycan mətbuatının piri").
Göründüyü kimi mütəfəkkir tənqidçi "Əkinçi"nin meydana gəlməsini ümummilli ictimai tərəqqi əsasında "demokratik hadisə" kimi qiymətləndirir, qəzetin xalqa xitabını, onun ictimai ideallara xidmətini xüsusi vurğulayaraq deyirdi ki, "Əkinçi" xalqlar dövrünün şairləri kimi saraylara və saraylar ətrafında toplanan mümtaz zövq sahiblərinə deyil, bütün xalqa xitab edirdi, milli bir məqsəd güdürdü. Xalqı ayıltmaq onun ən böyük məqsədi idi". "Azərbaycan mətbuatının piri" XIX əsrin sonunda, XX əsrin əvvəllərində mətbuatdakı hadisələri yaxından izləyən M.Ə.Rəsulzadənin özü də aktiv publisist, redaktor, siyasi icmalçı, dövlət xadimi kimi mətbuatın "ümmətdən millətə" keçiddə mühüm rol oynadığını gördüyündən sovet dövründə ədəbiyyat və mətbuatın hansı istiqamətdə fəaliyyət göstərməsinə diqqət yetirir, forma və məzmunca dəyişən sovet ədəbiyyatı və mətbuatının pərdəarxası oyunlarını düzgün müəyyənləşdirir, sosialist realizmi metoduna əsaslanan yazarların mövqeyini ifşa və tənqid edirdi. Bu münasibətlə yazmış olduğu "Şəkilcə də, mühtəvaca da ruslaşdırma" məqaləsi ayrıca maraq doğurur.
(Ardı var)