Sual cümləsi ilə başlayan bu yazı əslində elə sual cümləsi ilə də bitməlidir. Azad müəllimin deyiliş tərzi, müraciət forması və auditoriyanı öyrənmək üslubu nədənsə əslində özünün hipotezalarına əks reaksiyanı yoxlamaq vərdişi kimi bu ifadədən başlayırdı- deyə bildimmi? Mənim Azad müəllim haqqında söz söyləmək məqamım oxucu üçün nə qədər gözlənilməzdisə, bəndənizin böyük alimlə dost ola bilmək (o özü belə deyərdi) tarixi də o qədər ani və maraqlı olub.
Deməli, 1996-cı ilin mart-aprel ayları idi. O vaxt Azərbaycan Dövlət Televiziyasında milli ideologiyaya həsr olunan “Təməl” verilişinin aparıcısı idim. Həmin vaxtlarda ölkəmizdə milli ideologiya ilə bağlı geniş müzakirələr aparılırdı və işlədiyim kollektivdə Elm və Texnika Komitəsinin sədri, AAK-ın rəhbəri Azad Mirzəcanzadədən müsahibə almaq əməlli-başlı problemə çevrilmişdi. Hörmətli professor ondan müsahibə almağa gələn jurnalistə əvvəlcə özü sual verirdi. Əgər jurnalist o imtahandan çıxa bilməsəydi, onu müsahibəsiz-filansız yavaşca, bir az da özünəməxsus şəkildə yola salardı.
Beləcə, Azad müəllimin kitablarına bələdçiliyimə, bir az da qeyri-standart halları xoşladığıma görə professorla müsahibəyə göndərilməyimi xahiş etdim. Bu xahiş redaksiyada çox böyük təəccüblə qarşılansa da (yaşımı və təkidimi nəzərə alaraq), çar-naçar müsahibə almağıma razılıq verildi. Mən də Azad müəllimin mütaliə menyusu – Qumilyov, Nabokov, Vinner, Qara Qarayev və digər şəxsiyyətlər haqqında kifayət qədər xəbərdar idim.
Elə professorun qapısını açarkən ilk sualı da bu böyük şəxsiyyətlər haqqında verdiyimi görüb, bir az qəribə baxışlarla məni süzdü və dedi ki, bunları haradan öyrənmisən? Beləliklə, Azad müəllimlə müsahibə sindromunu qırıb, o dövrdə səs-soraq salan bir veriliş hazıladıq. Dostluğumuzun əsası da, düşüncəmin formalaşmaq yolu da, qeyri-standart üsluba meylim də əslində o görüşdən başladı.
Azad müəllim çox şeylərin, o cümlədən musiqinin fəlsəfəsini,məntiqini çox yaxşı bilirdi. O, Üzeyir bəyin vurğunu idi. Qara Qarayevin milli musiqimizə gətirdiyi yeniliyi inanmıram ki, kimsə onun qədər aça bilsin. Yaxud da ki, Nabokovun, Tolstoyun bədiiyyatının fəlsəfəsini qeyri-standart düşüncə tərzi ilə ifadə edə bilsin.
Bir dəfə Azad müəllim “xaos nədir?” sualını bizdən soruşduqda, hamımız qarma-qarışıqlıq, qeyri-müəyyənlik haqqında fikir yürütməyə başladıq. Azad müəllim xaosun fizika qanunları ilə obrazlı formasını gözümüzün önündə elə çəkdi ki, biz bu təzahürün nizamlı quruluşda olduğuna sübutlarla inandıq.
Azad müəllim tələbə və aspirantlardan düzgün sual verməyi bacaranları daha çox qiymətləndirirdi. O deyirdi ki, sualın düzgün qoyuluşu məsələnin həllinin açarıdır. Professorun “İxtisasa giriş”, “XXI əsrə gedən yol haqqında” kitabında müasir təhsil fəlsəfəsinin açar xətləri var. Burada müəllim, ali təhsil, elm və innovasiya haqqında dünya ölkələrindən gətirilən sitatlarla mükəmməl müqayisələr yer alıb.
Azad müəllimin Hegeldən gətirdiyi, özü də rus dilində işlətdiyi bir ifadəni həmişə xatırlayıram: “Drevnıe qreki snaçala sami sebə preobrazovali v prekrasnıe formı, a potom stali otrajatğ ix v mramore i kartinkax”.
P.S.Dörd gün sonra böyük alim və böyük azərbaycanlı Azad müəllimin doğum günüdür. Bu bir xatirə və təəssürat yazısı olmaqla bərabər, həm də “Azərbaycan müəllimi” qəzetində köşə yazısı ideyasıdır. Azad müəllim demiş, deyə bildimmi?