|
|
|
|
Azərbaycan tarix boyu elə çətin sınaqlarla üz-üzə qalıb ki, indi də ötən səhifələrə nəzər saldıqca həyəcanlanmamaq mümkün deyil. Eyni zamanda, qürur hissi keçirirsən. Çünki bütün sınaqlardan alnı açıq, üzü ağ çıxmaq şərəfinə nail olmuşuq. Bu faktın özü milli özünüdərk, milli bütövləşmə prosesimizin sürətlənməsində böyük rol oynayıb.
Sözügedən sınaqlardan biri də bizə zaman cəhətdən yaxın olan 70 illik sovet əsarətidir. Bu proses milli ruhumuzu, düşüncəmizi, dilimizi, adət-ənənəmizi, kimliyimizi unutdurub min illik tariximizi məhv etməyə hesablanmışdı. Sovet rejimi ürəyimizdəki müstəqillik toxumunu kökündən çıxarmaq və, belə demək mümkündürsə, bizi özümüzlə, dünənimizlə üz-üzə qoymaq üçün ən qatı şəkildə mübarizə aparırdı. Xalqımız isə özünü unutmadı. Bu 70 il müddətində ürəyindəki müstəqillik eşqini qorudu. Elə xalqımızın əzmi, dönməzliyi nəticəsində 1991-ci ilin 18 oktyabrında müstəqilliyimizi elan edib əsarətdən qurtulduq.
Heç də hər şey gözlənilən kimi cərəyan etmədi. Xaos getdikcə genişləndi. İdarəetmədəki hərc-mərclik, səriştəsiz addımlar ölkədəki vəziyyəti olduqca gərginləşdirdi. Hətta Azərbaycan daxili parçalanmanın astanasına qədəm qoydu. Bunun isə hər şeyin əvvəlkindən də pis nəticələrə gətirib çıxaracağının carçısı idi.
1993-сü ilin əvvəllərindən silahlı dəstələrin əmin-amanlığa qəsd edən fəaliyyəti, daxili çəkişmələr, vətəndaş müharibəsinin alovlanması, separatçılıq və parçalanma meyllərinin baş qaldırması respublikamızın süqutuna yol açan xüsusi tərtibat idi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin mərkəzi idarəolunmaya tabe olmaması isə ölkəni tamamilə xaosa sürükləyirdi. Heç bir addım, plan həll yolu olmadı. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı.
Belə bir məqamda tək bir çıxış yolu var idi və bu yol Tanrının Azərbaycana lütfü idi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969–1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Ümummilli Lider Heydər Əliyevin rəhbərlik tərəfindən Bakıya dəvət olunması və Ulu Öndərin bu dəvəti qəbul edib paytaxta gəlməsi, sözün həqiqi mənasında, xalqımızı xilas etdi, müsibətlərdən qurtulmağımıza səbəb oldu. Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev parlamentin sədri seçildi, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Ulu Öndər Heydər Əliyev həmin ilin oktyabrın 3-də xalq tərəfindən Prezident seçildi.
Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi idi. Bu hadisə nəticə etibarilə müstəqilliyimizin əbədi, dönməz olmasında çox mühüm və əhəmiyyətli rol oynadı. Bu qayıdış milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi. Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük layihələr məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün şüurlu həyatını xalqına və Vətəninə həsr etmiş Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Ulu Öndərin yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb. Ulu Öndərin hakimiyyətə gəlişi Azərbaycanın taleyini kökündən dəyişdi. Heydər Əliyev dövlət müstəqilliyinə qarşı yönəlmiş daxili və xarici təhdidlərin, Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınması üçün, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması istiqamətində mühüm addımlar atdı. O, bazar iqtisadiyyatı münasibətlərinə keçidin səmərəli mexanizmini formalaşdırmaq üçün dünyanın inkişaf etmiş dövlətlərinin iqtisadi təcrübələrini nəzərə almaqla strateji vəzifələr müəyyən etdi, ölkəmizin təhlükəsizliyini və müdafiəsini təmin etmək qabiliyyətinə malik olan Azərbaycan Ordusunun formalaşdırılması yönündə fəal siyasət apardı. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin apardığı uğurlu daxili siyasətin nəticəsində milli-mənəvi dəyərlərin, elm, təhsil, mədəniyyət və incəsənətin inkişafında dönüş mərhələsi başladı. Milli ideologiya səviyyəsinə qaldırılan azərbaycançılıq məfkurəsi ölkəmizdəki müxtəlif xalqların, dini konfessiyaların nümayəndələrinin vətəndaş həmrəyliyi şəraitində yaşamasında tarixi-siyasi əhəmiyyət daşıdı. Milli mənlik şüuru inkişaf etdi, xalqımızın öz tarixini dərindən öyrənməsi üçün əlverişli şərait yarandı.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan İlham Əliyev cənabları torpağımızı düşmən tapdağından tamamilə qurtarıb. Ona görə də, 15 iyun – Milli Qurtuluş bayramını daha da ürəklə qeyd edəcəyik.
Yaşasın bütöv Azərbaycan!
Mir Ramil Abdullayev
Masallı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu