İyun ayının son günlərini yaşayırıq. Yay bir çoxları üçün istirahətlə assosiasiya olunduğu üçün hazırkı dönəm xüsusi əhəmiyyətə malikdir. Bu yazıda tətil planlarını daxili turizm üzərində quranları maraqlandıra biləcək bəzi suallara cavab axtaracağıq. Ancaq mövzuya keçmədən öncə istirahəti labüd edən nüansları xatırlayaq.
Psixoloq Mələk Kərimova sözügedən məsələ ilə bağlı "525"ə açıqlamasında bildirib ki, istirahət insanın həm fiziki, həm də psixi cəhətdən harmoniyada olması üçün vacib amillərdən biridir: "İstər iş, istərsə də, ailə mühitində harmoniya pozula bilər. Bu zaman insan bədənində, psixologiyasında müəyyən fəsadların ortaya çıxması qaçılmaz olur. Bir müddət işlədikdən sonra xüsusən, yay fəslində yorulma, tükənmə baş verə bilər. İsti hava şəraiti, iş yükünün çox olması tükənmişlik sindromunun səbəblərindəndir. Tükənmənin əsas təsirləri də insanda fizioloji əlamətlər olaraq özünü büruzə verir. Adətən, bu sindromu yaşayan insanlar məsuliyyət götürməkdə, səhər oyanmaqda çətinlik çəkirlər, əvvəlki kimi gördükləri işlərdən zövq ala bilmirlər. Nəticədə münasibətlərində passiv-aqressiv davranırlar. Əgər şəxsin istirahət etmə fürsəti yoxdursa, ən azından bədəni rahatladan çalışmalar eləməsi, işi qısa fasilələrə bölməsi məsləhətdir. Bəzi insanlar iş yerində bütün məsuliyyəti üzərlərinə götürərək bu yükün altında əzilirlər. Bununla çox iş gördükləri mesajını verməyə çalışsalar da, bir müddətdən sonra yorğunluqdan şikayət edə bilirlər. Ona görə də, insan rutin həyatını balanslaşdırmağı bacarmalıdır. Xüsusən də, yay müddətində dincəlmək insan bədəninin möhkəmlənməsi kimi də dəyərləndirilə bilər. Elə insanlar var ki, yataraq dincəlir, elə insanlar da var aktiv əyləncələr vasitəsilə. İstirahət növü seçilərkən fərdin xarakteri nəzərə alınmalıdır. Ancaq istirahət növü şəxsin fiziki və ruhi sağlamlığına mənfi təsir göstərirsə, diqqətli olmaq lazımdır. Məsələn, iki ay hansısa oteldə sadəcə yatmaqla istirahət etmək fiziki olaraq şəxsə zərər verə bilər. Bu, çəki artımına, aktiv olmayan istirahətə yol açar və şəxsə faydalı olmaz. Beləcə "istirahətdən" qayıdan şəxs özünü yenə də yenilənməmiş, dincəlməmiş hiss edər. Ona görə də istirahət növü seçilərkən faydalılıq əmsalını unutmaq olmaz. Tamamilə dincəlməyə fokuslanmaq da önəmli amillərdən biridir. Bəzən insanlar istirahətdə olsalar belə zehinləri işdə olur. İstirahət zamanı digər fəaliyyət növlərindən uzaqlaşaraq tam şəkildə diqqəti dincəlməyə yönəltmək lazımdır. Xoşa gələn fəaliyyətlər, günəş vannası qəbul etmək, aktiv istirahət, həm fiziki, həm də psixi sağlamlıq üçün zəruridir. Əgər bütün bunlara əməl olunmasa, insan sağlamlığı iş performansı və funksionallığı zərər görə bilər".
Bəs yaxşı, normal istirahət üçün bizə nə qədər pul lazımdır? İqtisadçı Elşad Məmmədovun sözlərinə görə, Azərbaycanın turizm sektorunda bahalıq hökm sürür: "Hesablamalarıma görə, ortastatistik Azərbaycan ailəsinin premium sinifə aid olmayan istirahət mərkəzlərində on beş günlük istirahəti təxminən, 3500-4000 manat civarında başa gələ bilər. Bu da ortastatisik maddi durumu olan bir ailə üçün böyük rəqəmlərdir. Zənnimcə, məhz bu səbəbdən əhalinin əksər hissəsi istirahətini ya qısamüddətli edir, ya da istirahət günlərini evdə keçirirlər. Əgər əhalinin mühüm hissəsi üçün turizm xidmətləri əlçatan deyilsə, daxili turizmin durumu da müsbət qiymətləndirilə bilməz. Bu istiqamətdə bir çox işlərin görülməsinə ehtiyac var. Dövlət tərəfindən regionların inkişafı ilə bağlı müəyyən tədbirlər görülür, ancaq hələ də turizm infrastrukturunun ölkə daxilində optimal olması haqqında nəsə deyə bilmirik. Bazar iqtisadiyyatı şəraitində kifayət qədər çox bazar iştirakçısı yoxdursa, istehlakçıların əksər hissəsi təklif olunan xidmətlərdən yararlana bilmirlərsə, onda həmin sahənin ümumi gəlirlilik göstəriciləri də lazım olan səviyyədə olmur. Hesab edirəm ki, turizm sferasının ölkədəki effektiv inkişafını təhlil edərkən nəticənin potensialdan xeyli uzaq olmasını qeyd edə bilərik. Bahalıqla bağlı edilən şikayətlərin əksəriyyəti haqlıdır. Bazarda iştirakçıların az olması süni şəkildə qiymətlərin qalxmasına şərait yaradır. Digər tərəfdən isə qiymət bahalığının səbəbi bazarın kifayət qədər geniş olmamasıdır. Son nəticədə hər bir iqtisadi sistemdə maliyyə əlçatanlığı yüksək qiymətlədirsə, qiymətlər aşağı, rəqabət isə daha güclü olur".
Turizm üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, ötən illərlə müqayisədə istər paytaxtda, istərsə də bölgələrimizdə xidmət göstərən otellərin səviyyəsində nəzərəçarpacaq dərəcədə fərq görünür: "Təbii ki, bu gün Azərbaycanda keçirilən tədbirlərin fonunda həmin otellərin müştəri bazasının çoxalması müəyyən suallar yaradıb. Hazırda rəqabət keyfiyyət üzərində qurulub. Hesab edirəm ki, bu gün hansısa bir otel qiyməti artırırsa, deməli, işçi sayını, verdiyi qidaların keyfiyyətini artırır. İstənilən halda keyfiyyət artırsa, qiymətin qalxması qaçılmaz olur.
2015-ci ildə Azərbaycanda iş yerlərinin artırılması məqsədilə ölkə rəhbərliyi tərəfindən lisenziyaların ləğvi ilə bağlı qərar verildi. Təəssüflər olsun ki, bəzi işbazlar bundan sui-istifadə etdilər. Xüsusilə də, turizm sektorunda bu, nəzərə çarpacaq dərəcədə çoxaldı. Çünki xidmət sahəsində dələduzluq daim aktual olub. Beləcə, lisenziyalar ləğvi nəzarətsizliyə gətirib çıxardı. Hesab edirəm ki, bu problemlərin həlli üçün tutarlı nəzarət mexanizmi yaradılmalıdır".
Daxili turizmdən danışarkən, mövcud infrastrukturla yanaşı, insan faktoru da nəzərə alınmalıdır. İstər daxili, istərsə də xarici turizmə yanaşmada çoxluğun üstünlük verdiyi istiqamət nəzərə alınmalıdır. Sosioloq Elçin Bayramlının sözlərinə görə, istirahətə münasibətdə bir sıra məqamlar nəzərə alınmalıdır: "Bizim turizm anlayışımız çoxunun etiraf etdiyi kimi yeyib-içməkdən və ticarətdən ibarətdir. Təəssüf ki, bu, təkzibedilməz aksiomadır. İstər ölkə daxilində, istərsə də xarici səfərlərdə əksər hallarda istirahət bu iki istiqamətdə formalaşıb. Halbuki əsas kriteriyalar tamam başqa olmalıdır. Məsələn, turist gəzinti zamanı ekzotik coğrafi yerlər, qədim abidələr və tarixi tikililəri görməklə dünyagörüşünü artıra bilər. Belə düşünənlər bunun üçün müəyyən bir büdcə də ayırır. Yeyib-içməyi sadəcə gündəlik qidalanma kimi dəyərləndirir, hətta taksi ilə gəzmir, olduqları ölkənin ictimai nəqliyyatından istifadə etməyə çalışırlar ki, mədəni istirahətlərinə daha çox pul ayıra bilsinlər. Bizim isə öz ölkəmizdə olan mədəni-tarixi abidələrin bir çoxundan xəbərimiz yoxdur, ancaq getdiyimiz bölgənin restoranlarını tanıyırıq. Həmçinin xarici ölkələrə də belə yanaşırıq. Bu məsələdən danışarkən təkcə maddi problemləri vurğulamaq olmaz, belə yanaşma imkanlı şəxslərə də aiddir. Bu yaxınlarda Sankt-Peterburqa getmişdim. Şəhərə çatan kimi Ermitaj muzeyinə baş çəkdim. Ordakı işçilərlə söhbətim zamanı vurğuladılar ki, azərbaycanlılar Ermitaja nadir hallarda gedirlər. Bu problemi həll etməyin konkret yolu yoxdur, xalq təbii olaraq sosial-mənəvi inkişaf dövrünü keçməlidir".
Bəs statistika nə deyir?
"Azərbaycana gələn turistlərin 80 faizi Bakı şəhərində qalmağa üstünlük verirlər. Azərbaycana gələnlərin 8,8 faizi Qusar rayonunu seçdiyi üçün bu rayon siyahıda ikincidir. Bütövlükdə, xarici turistlərin 3,1 faizi Naftalanda, 2,9 faizi Qubada, 2,5 faizi Qəbələdə, 0,4 faizi Şabranda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
2024-cü ilin ilk rübündə hotellərdə qalanların sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 41,9 faiz artaraq 779,4 min nəfər olub. Yerli və xarici turistlər daxil olmaqla gecələmələrin ümumi sayının 64,7 faizi Bakıda, 9,3 faizi Qusarda, 4,0 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,6 faizi Şabranda, 3,0 faizi Qəbələdə, 1,8 faizi Lənkəranda, 1,1 faizi Gəncədə, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 7,6 faizi digər şəhər və rayonlardakı hotellərdə qeydə alınıb".
Səfər marşrutunu müəyyənləşdirərkən statistikalar sizə yardımçı ola bilər.
Daxili turizmin qiymətlərin bahalığı, xidmət səviyyəsindəki gerilik, infrastruktur kimi problemlər illərdir ki, aktuallığını qorumaqdadır. Bütün bunlara baxmayaraq, ölkəmizin istər coğrafi, istərsə də mədəni baxımdan mövcud resurslarına əsasən deyə bilərik ki, diqqətlə hazırlanmış tətil planı bölgələrimizdə də maraqlı istirahət vəd edir.
Aytac SAHƏD