Hazırkı dövrdə məktəblər təhsil şəbəkəsinə qoşulur, müəllimlərin Azərbaycan dilində olan tədris resurslarına çıxış imkanları sürətlənir, şagirdlərin hər 11 nəfərinə bir kompüter düşür. İnfrastrukturun qurulması istiqamətində son illər ərzində ciddi tədbirlər görülüb. Pandemiyadan sonra təhsil sisteminin informasiyalaşdırılması üçün ən vacib olan kompüter təchizatına edilən sərmayə hesabına hər il 40 min kompüter alıb məktəblərə paylanıb. Nəticədə 2020-ci ildə 33 şagirdə 1 kompüter düşürdüsə, hazırda bunu 11 uşağa bir kompüter nisbətinə enib. Bu dinamika ilə gedilsə, 2026-cı ilə qədər 6 şagirdə 1 kompüter nisbətinə çatmaq mümkündür. Bu nisbət uğurlu təhsil sistemlərində olan nisbətdir.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarovun dediyinə görə, məktəblərə avadanlıq təhsilin məzmunu və idarəedilməsi üçün verilməlidir. Məsələn, məktəbdə STEAM təhsili təşkil olunubsa, ya da "Rəqəmsal bacarlıqlar" layihəsi həyata keçirilirsə, həmin məktəbin kifayət qədər avadanlığı olmalıdır. Çünki həmin dərslər tamamilə onlayn keçilir. Avadanlıqsız kompüter, proqramlaşdırma biliklərini əldə etmək mümkün deyil. Yaxud hansısa məktəb beynəlxalq əməkdaşlıq layihəsində iştirak edirsə, onlara kompüter verilməlidir: "Elektron idarə sistemini tətbiq etdiyimiz məktəblərə də kifayət qədər avadanlıq veririk ki, müəllimlər rəqəmsallaşmadan bəhrələnsinlər, öz siniflərində elektron məzmun və jurnaldan istifadə edə bilsinlər. Bir sözlə, məqsədyönlü davranır, hansısa məzmun və ya idarəetmə sistemi tətbiq olunursa, sırf gərəkli olan kompüter sayları təmin edirik. Öncə texniki mümkünlüyə baxırıq, məsələn, yerli telefon qovşağında imkan varsa, məktəbin qoşulması təmin edilir. Eyni zamanda, seçimdə daha çox şagirdin təhsil aldığı məktəblərə üstünlük veririk. Fiberoptik bağlantı ilə təmin olunmuş məktəblərin sayı 2020-ci ildə 200 idisə, hazırda 1400 məktəbə çatmaq üzrəyik. Yəni qısa müddətdə şagirdlərin 70 faizini əhatə etmişik. Belə ki, 200 məktəb şagirdlərin 14 faizini əhatə edirdisə, 1400 məktəb 70 faizindən çoxu deməkdir. Bu da böyük bir kütləni əhatə etdiyimiz anlamına gəlir. İndi ucqar məktəblərdə şagird sayı nisbətən az olan məktəbləri sürətli bağlantı ilə təmin edirik. Amma bu o demək deyil ki, indiyədək həmin məktəblərdə internet təminatı olmayıb, sadəcə istifadəçi sayı az olduğundan həmin məktəblərin bağlantı növü fərqli olub".
O bildirib ki, Azərbaycanda internetə qoşulmayan məktəb yoxdur. 2019-cu ildən ölkə məktəblərinin hamısını internetlə təmin etdik. Sadəcə qoşulma növləri fərqli idi. Məsələn, "simsiz qoşulma" və ya ADSL. Bu növ qoşulma ilə, idarəetmə məqsədilə, yaxud 4-5 şagirdin təhsil aldığı müəssisəni təmin edirdik. Artıq elektron məzmunun istifadəsi artır və ondan istifadə üçün sürətli internet lazımdır: "Elektron jurnal tətbiq etdiyimiz məktəbdə, ilk növbədə, sürətli internet, hər otaqda şəbəkəyə çıxış, idarəetməni təşkil etmək üçün kifayət qədər kompüter var, azı bir dənə kompüter laboratoriyası - kompüterlərdən ibarət otağımız var. Həmin müəssisədə məktəb direktoru və müəllimlər üçün elektron jurnal və idarəetmə üzrə təlimlər keçirilib. Bütün bunları elektronlaşmanın tərkib hissəsi kimi qəbul ediriksə, bəli, bu müəssisələrdə elektronlaşma təmin olunub. Ancaq bu məsələnin sonu yoxdur. Ən yuxarı səviyyə odur ki, hər müəllimin, hər şagirdin kompüteri olsun və öyrənmə hibrid formatda həyata keçsin, idarəetmədə kağızdan istifadə edilməsin. Bu, dünyada tam elektronlaşmanın qəbul edilmiş səviyyəsi, ən yüksək standartdır və çalışırıq ki, buna nail olaq. Texniki təchizatdan başqa, hüquqi əsaslar da təkmilləşdirilir ki, məktəbləri, ali təhsil müəssisələrini, elm müəssisələrini elektron sistemlə idarə edə bilək. Bunun üzərində də işləyirik. Misal üçün, təhsil sənədlərinin elektron qaydada verilməsi ilə bağlı "Təhsil haqqında" qanunda dəyişikliklər edilib. Hazırda prosesin qaydaları üzərində iş gedir. Ancaq bu gün həmin qaydalar müzakirə olunur və ümid edirik yaxın vaxtlarda təhsil sənədləri - sertifikatlar, attestatlar, elektron sənəd formatında veriləcək. Hazırda bu istiqamətdə iş gedir".
Vüsal Xanlarovun sözlərinə əsasən, məktəbdaxili idarəetmə prosesinin dəyişməsinə ehtiyac var. Köhnə, 1994-cü ildə, 2000-ci illərin əvvəllərində qəbul olunan təlimat və qaydalarla bugünkü rəqəmsal məktəbi idarə edə bilmərik. Görünən odur ki, ilk növbədə, təlimatlar - kargüzarlığın aparılması qaydalarından tutmuş bütün idarəetmə prosesi təkmilləşməlidir. Bu, bir nömrəli məsələdir. İkinci məsələ, müəllimlərdə yeni texnologiyalarla iş vərdişləri yaranmalıdır. Müşahidələrimiz göstərir ki, yeni texnologiyalar verilsə də, ondan istifadə köhnə üsullarla davam edir. Məsələn, şagirdə planşet vermişik, otağa proyektor və müəllim üçün kompüter qoymuşuq. Şagird dərsdə kitabı elektron formatda açıb bu dəfə oradan oxuyacaqsa, dərsin keyfiyyətində dəyişiklik baş vermir: "Müəllim və şagirdlərin əlində lazım olan avadanlıq varsa, öyrənmə hər zaman, hər yerdə olmalıdır. Dərsdənkənar vaxtda öyrənmə olmalı, şagirdlər bir yerə yığışdıqda isə öyrəndikləri məzmunu simulyasiya etməli, interaktiv şəkildə işləməli, öyrəndiklərini tətbiq etməlidirlər. Texnologiya bunun üçündür. Bu vərdişi yaratmaq üzərində işləməliyik. Avadanlıq dərs zamanı açıb ordan oxumaq üçün yox, birgə əməkdaşlıq, birgə fəaliyyət üçün alətdir. Təhsil yalnız məktəbdə baş verməməlidir".
O qeyd edib ki, "Rəqəmsal bacarıqlar" layihəsi həyata keçirilir, ənənəvi "Kod saatı" müsabiqəsi təşkil olunur: "Kod saatı" beynəlxalq tədbirdir və Azərbaycan 2018-ci ildən bu layihədə iştirak edir. 2017-ci ildə 6500 uşaqla başladığımız "Rəqəmsal bacarıqlar" layihəsinin 2024-2025-ci tədris ilində yarım milyondan çox şagirdi əhatə edəcək. Bunun üçün II-XI sinfədək məzmunumuz var, onu tətbiq edəcək müəllimlər hazırlanmalı, onlara texniki imkanlar yaratmalıyıq. Düşünürəm ki, bu, mümkündür. Bunu əminliklə demək üçün elə layihənin başladığı ilə nəzər salmaq kifayətdir. 2017-ci ildə bu layihəyə başlayanda ağlımıza gətirə bilməzdik ki, məktəblərimizdə elə bir layihə olacaq ki, dərslər kitabdan yox, elektron sistemdən keçiləcək. Bunun üçün məktəblərimizdə yüksək internet olmalıdır ki, dərslər yarımçıq qalmasın. Bu gün texniki səbəbdən gecikən dərslərimizin sayı orta hesabla cəmi 1.5 faiz təşkil edir. Bura gəlib çatmaq üçün xeyli texniki təkmilləşmə işləri görülüb. Məqsədimiz uğurla davam edən işi inkişaf etdirməkdir. "Rəqəmsal bacarıqlar" kifayət qədər əhatəli bir layihədir: aşağı siniflərdə əsas kompüter biliklərini, orta siniflərdə alqoritmik düşüncəni formalaşdırır, yuxarı siniflərdə kodlaşdırmanı öyrədirik. Artıq kodsuz proqramlaşdırma dövrüdür və yeni texnologiyalar proqramlaşdırma işini yüngülləşdirib. Proqramçı süni intellektə artıq nə etmək istədiyini ətraflı təsvir etməyi öyrənəcək. Ona görə layihəni "Rəqəmsal bacarıqlar" adlandırırıq. Getdikcə yumşaq bacarıqlar üstünlük təşkil edəcək".
İdarə rəisi vurğulayıb ki, müəllimlərin İKT bacarıqlarının artırılması və yeni yanaşmalardan istifadə üzrə ixtisasartırma təlimləri təşkil edilir: "Hər il 5-6 min nəfər ixtisasartırma təlimlərinə cəlb olunur. Keçən ildən ixtisasartırma təlimlərində pilot olaraq beynəlxaq sertifikatlaşdırma imtahanını da təşkil edirik. Odur ki, bu ildən ixtisasartırma təlimlərimiz sertifikasiyalı olacaq. Bu ildən 8600-dən çox təhsilverən rəqəmsal savadlılığın artırılması istiqamətində təlimlərdə iştirak edib. Təlimlər ölkənin müxtəlif bölgələri üzrə təşkil olunub. Bununla yanaşı, ümumi təhsil müəssisələrinin təhsilverənləri üçün "Microsoft" sertifikatlı pedaqoq" adlı beynəlxalq sertifikatlaşdırmaya hazırlıq təlimlərində 1307 müəllim iştirak edib və əksəriyyəti uğurlu nəticə göstərib. Uğurlu nəticə göstərməyənlər də özləri hazırlaşıb yenidən müraciət edə bilərlər. Qeyd edim ki, sözügedən sertifikatlaşdırma pedaqoji işçilərin texnoloji savadlılığını qiymətləndirmək, müxtəlif səviyyələrdə innovativ texnologiya və metodikaların təhsilə tətbiqini öyrənmək məqsədi daşıyan beynəlxalq proqramdır. Elektron resursların hazırlanması və istifadəsi bacarıqları üzrə təlimlərdə isə 1418, informatika müəllimi üçün təlimlərdə 355 təhsilverən bilik və bacarıqlarını inkişaf etdiriblər. Ölkə üzrə 4500-dən artıq inzibati və pedaqoji heyət üçün isə elektron qiymətləndirmə üzrə təlimlər təşkil olunub. Hər il keçirilən təlimlərin məqsədi müəllimlərin İKT üzrə bilik, bacarıqlarını təkmilləşdirmək və daha səmərəli istifadə imkanlarını artırmaqdır. Təlim proqramına şagirdlərdə internet resurslarından düzgün istifadə vərdişlərinin formalaşdırılması da daxildir. Qeyd edim ki, bu ildən həyata keçirdiyimiz bütün ixtisasartırma təlimlərini uğurla bitirənlərə sertifikat veriləcək. Bununla da müəllimlər həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış sertifikat da alacaqlar. Bu sertifikatlaşdırma imtahanı, müəllimin, sadəcə təlimdən keçdiyini deyil, bir neçə parametr üzrə güclü və zəif tərəflərini də göstərir, yəni özünü qiymətləndirməsi üçün yaxşı imkandır. Bundan başqa, metodkabinetlərin fəaliyyətinin genişləndirilməsi ilə bağlı Təhsil İnstitutunun gördüyü işlərdə iştirak edirik. Bununla da nail olacağımızı düşündüyümüz müəyyən hədəflərimiz var: yerlərdə metodbirləşmələrin rəhbərləri müasir texnologiyalara yiyələnsinlər ki, onlar da bilik və bacarıqlarını ötürsünlər".
Sevinc QARAYEVA