|
|
|
|
Rusiyanın Kabardin-Balkar Respublikasında bir neçə nəfər dövlət himninə hörmətsizlik etdiklərinə görə cəzalandırılıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə paytaxt Nalçik şəhərində yerləşən məktəblərin birində, 9-cu sinif şagirdlərinə attestatların verilməsi mərasimində yaşanıb.
Rusiyanın dövlət himni səsləndirilərkən valideynlərdən bir neçəsi nümayişkəranə şəkildə oturduqları yerdən qalxmayaraq, himnə hörmətsizlik ediblər. Bunu özündə əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayılıb və qınanılıb.
Az sonra həmin valideynlərin sayı və şəxsiyyətləri müəyyənləşdirilib. Himn səsləndirilərkən ayağa durmayan 8 nəfərin hər biri məhkəmənin qərarı ilə 3 min rubl (təxmini 60 manat) cərimə olunub.
Yeri gəlmişkən, "Rusgidro" Energetika Holdinqinin Kabardin-Balkar Respublikası üzrə şöbəsinin rəhbəri və cüdo üzrə Rusiya milli komandasının baş məşqçisinin həyat yoldaşları da cərimə edilənlər arasında olublar.
L.Tağıyeva