|
|
|
|

Gürcüstan əhalisinin bir hissəsi SSRİ-nin dağılmasından təəssüflənir, sovet dövrünü ölkə üçün firavanlıq zamanı hesab edir.
525.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazıb.
“Ölkədə Gürcüstanın gələcəyini Qərblə yaxınlaşmaqda görənlərlə SSRİ-nin həsrətini çəkənlər arasında gərginlik davam edir. İkinci kateqoriyadan olanlar daha çox ölkənin kasıb hissələrində yaşayanlardır. Həmin şəxslər hesab edirlər ki, SSRİ onlar üçün stabil gəlir və sosial infrastruktur təmin edirdi”, - deyə yazıda qeyd olunur.
Şəhərdən fərqli olaraq, kənd sakinləri üçün SSRİ-nin tərkibindəki illər bolluq və firavanlıq dövrü idi. “The New York Times”in yazdığına görə, paytaxtdan kənarda hazırda insanlar çox böyük çətinliklərlə üzləşiblər. İşsizlik əsas problemdir. Narkomaniya və alkoqolizm isə vəziyyəti daha da pisləşdirir.
Nəşr iddia edir ki, bütün bu çətinliklərə baxmayaraq, əhalinin təxminən 60 faizi Gürcüstan hakimiyyətinin qərbyönlü kursunu və Avropaya inteqrasiyanı dəstəkləyir.
Xatırladaq ki, daha əvvəl Gürcüstanda ölkənin Avropaya inteqrasiyasına, eləcə də NATO-ya daxil olmasına qarşı çıxan “Vahid Neytral Gürcüstan” ictimai-siyasi hərəkatının təqdimatı keçirilib.
İbrahim CƏFƏROV



