|
|
|
|

Yaponiyada Fudzi vulkanının püskürəcəyi təqdirdə görüləcək işlərlə bağlı ilk hesabat hazırlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabatı hökumət tərəfindən yaradılmış ekspert qrupu ictimaiyyətə açıqlayıb.
Alimlərin fikrincə, vulkan püskürəcəyi təqdirdə 30 milyondan çox əhalisi olan Tokioya və yaxınlıqdakı digər yaşayış məntəqələrinə 1,5 milyad kub metr vulkanik kül töküləcək. Şəhər 10 sm hündürlüyündə küllə örtüləcək
Belə olacağı təqdirdə dəmiryol xətlərində hərəkət dayanacaq. Avtomobil yollarında isə ancaq yolsuzluq avtomobilləri hərəkət edə biləcəklər. Elektrik xətlərində baş verəcək qısaqapanmalar şəhəri işıqsız qoyacaq. Kanalizasiya və su xətləri işləməyəcək.
Hesabatda ekspertlərin şəhərin küldən təmizlənməsi üsullarını tapmadıqları, amma bu istiqamətlə araşdırmalarını davam etdirdikləri də qeyd olunur.
Xatırladaq ki, Honsü adasında, Tokiodan 90 km məsafədə yerləşən Fudzi vulkanı Yaponiyanın ən hündür nöqtəsidir – 3776 metr. Vulkan hazırda az aktivdir. Sanki “mürgüləyir”. Sonuncu dəfə 1707-ci il dekabrın 16-da püskürüb və 1708-ci yanvarın 1-də “sakitləşib”. Həmin vaxt kraterdən lava axmasa da, ətrafa 800 milyon kubmetr kül səpələnmiş, Edo (indiki Tokio – red.) şəhəri tamamilə küllə örtülmüşdü.
L.Tağıyeva



