|
|
|
|

Fransada paytaxt və ətraf rayonlara xidmət göstərən xəstəxanalar şəbəkəsində yaranan elektrik nasazlığının kompüter sistemlərində nasazlığa səbəb olduğu bildirilib.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, paytaxt Parisin yerləşdiyi Ile-de France bölgəsində 38 kampusu ilə hər il 8,3 milyon xəstəyə xidmət göstərən AP-HP universitet xəstəxanasında elektrik nasazlığı baş verib.
AP-HP-nin saytında verilən açıqlamada avqustun 3-də baş verən nasazlığın kompüter sistemlərinə mənfi təsir göstərdiyi bildirilib.
Açıqlamada İT sistemlərindəki problemin tamamilə elektrik nasazlığından qaynaqlandığı və hər hansı kiber hücum və ya təxribat ehtimalının olmadığı bildirilib.
Digər tərəfdən, qeyd olunub ki, ötən gecədən etibarən İT resurslarında yaranmış nasazlıqla bağlı dəymiş ziyanın aradan qaldırılması işlərinin birinci mərhələsi başa çatıb və infrastrukturda təmir işləri davam etdirilir.
Xəstəxana rəhbərliyi fasilənin xəstələrin təhlükəsizliyinə təhlükə yaratmadığını və təcili yardım da daxil olmaqla bütün xidmətlərin xidmət göstərməyə davam etdiyini açıqlayıb.
Qeyd edək ki, xəstəxananın İT xidmətlərinin gün ərzində normallaşacağı gözlənilir.
Malik Atilay



