|
|
|
|
Evlilik yalnız iki nəfərin həyatını dəyişən proses deyil, həmçinin bir xalqın taleyində də xüsusi rol oynayır. Çünki ailə kiçik cəmiyyətdir və bu kiçik cəmiyyət böyük cəmiyyətlərin formalaşmasında xüsusi əhəmiyyət daşıyır. Ta qədim zamanlardan müxtəlif dinlərdə, folklor mənbələrində, mifologiya da evlilik müqəddəs hesab olunub, bununla bağlı aforizmlər, hikmətli sözlər söylənib.
Bu gün statistika uzunmüddətli evliliklərin sayının azaldığını deyir. Artıq boşanmalar adi ala çevrilib. Gənc nəslin daha çox rahatlıq axtarışında olması, çətinliklərə dözümsüzlüyü, "müasir" düşüncələrə sahib olmaları davamlı evliliklərə ciddi mənfi təsir göstərir. Bununla yanaşı, maddi sıxıntılar, partnyorların bir-birini başa düşməməsi, hər iki tərəfin münasibəti təktərəfli idarə etmək istəyi, dünyagörüşlərinin fərqli olması da burada xüsusi rol oynayır. Bu sadalanan səbəblərə yaş faktorunu da artırsaq, yanılmarıq. Nəzərə alsaq, bir çox hallarda kişilərin həyatı dərketmə prosesi qadınlara nisbətən gec baş tutur. Qadınlar təxminən 20 yaşından başlayaraq yeniyetmə düşüncə tərzindən tam çıxır və yetkin düşüncəyə sahib olurlar. Lakin kişilərdə bu proses bir az gec başlayır. Buna görə kişilərin müəyyən yaşdan sonra bir çox mövzuda fikirlərində dəyişiklik olması qurulan münasibətlərə öz təsirini göstərir. Bu səbəbdən bəzən cütlüklər arasında yaş fərqinin 7-15 yaşa kimi gəlib çatdığını müşahidə edirik. Hansı ki, bir çox insan düşünür ki, yaş fərqi çox olanda münasibət daha uzunömürlü olur. Lakin bir qrup insan bu fikirdə deyil. Bəzi ailələrin fikrincə, yaş fərqi çox olanda fikirlər üst-üstə düşmür, tez-tez problem, fikir ayrılığı yaşanır. Bu mövzuyla bağlı apardığım sorğuda bir çox ailə yaş fərqinin maksimum 7 yaş olmasının tərəfdarıdır. Çünki dövr dəyişdikcə insanların düşüncə tərzi yenilənir və bir-birindən fərqlənir. Yaş fərqi çox olan partnyorlar müxtəlif dövrlərin düşüncə tərzini mənimsədikləri üçün tez-tez fikir ayrılıqları yaşaya bilərlər. Lakin bir qisim insanların fikrincə, yaş fərqinin çox olması bu mövzuda xüsusi əhəmiyyət daşımır. Düşüncələr üst-üstə düşürsə, yaşın burada önəmi yoxdur.
Mövzu ilə bağlı fikirlərini "525"lə bölüşən psixoloq Sevinc Həbibova bildirib ki, partnyorlar arasındakı yaş fərqi evliliyin uğurlu və ya uğursuz olmasında əsas faktor sayılmır: "Evlilik müqəddəs anlayışdır. İnsan bu yola addım atanda buna hazır olmalıdır. Əvvəlcə qeyd etmək lazımdır ki, hər bir insanın böhran dövrü var. Bu dövr 3 yaşından başlayaraq 11-15 yaşa qədər, daha sonra 18-23 yaşa qədər davam edir. Bu böhran dövrünə əsasən deyə bilərik ki, indiki gənclərin düşüncə tərzi ötən illərin düşüncə tərzindən fərqlənir. Evliliyə qədəm atıb sonra nigahlarını pozmaq onlar üçün çox asandır. Belə hadisələrlə çox üzləşirik. Ona görə də, mən deyərdim ki, yaş faktoru burada elə önəm daşımır. 1400 il bundan qabaq İslam dininin peyğəmbəri Məhəmmədin (s.ə.s) yoldaşı Xədicə xanım ondan 18 yaş böyük olub və onların çox gözəl evlilikləri olub. Hətta peyğəmbər zövcələri içində ən çox Xədicəni istəyib. Ona görə də, mən deyərdim ki, partnyorlar evlilik qərarını almadan əvvəl bir-birilərini tanımalıdırlar. Onlar bir-birilərinə hörmətlə yanaşsalar, problemli məsələlərdə anlayışlı davranmağı bacarsalar, yaş fərqinin bu mövzuda xüsusi bir əhəmiyyəti olmayacaq".
Psixoloq istisna hal olaraq onu da qeyd edir ki, bəzən yaş fərqi hədsiz çox olanda cütlüklər arasında həlli tapılmayan problemlər yaranır: "Elə evliliklər var ki, kişinin yaşı həddən artıq çoxdur, məsələn 35 yaşlı şəxs 18-20 yaşında qızla ailə həyatı qurmaq istəyir. Bu, məncə, məqsədəuyğun bir addım deyil. Artıq bu vəziyyətdə aradakı yaş fərqi yaratdığı problemlərlə birgə özünü büruzə verəcək. Çünki 18-20 yaş aralığında olan bir çox qız hələ həyatı tam dərk etmir. Valideynləri onu evliliyə təhrik edir və kor-koranə atılan bu addım sonra peşmançılığa səbəb olur. Həmçinin, bu şəkildə qurulan ailələrdə məhəbbət olmur, müəyyən məqsədlərə görə belə bir qərar alınır. Buna əsasən deyə bilərəm ki, kişi yaşca böyük olarsa, yaşca çox kiçik bir xanımla ailə həyatı qurmamalıdır. Evlilik elə gözəl statusdur ki, onu hər kəs bacarır, amma qoruyub saxlamaq həqiqətən çox çətin bir prosesdir. Fikrimcə, ailə quran tərəflər arasında ideal yaş fərqi 2-3 yaşdır. Düşünürəm ki, bu yaş fərqi ilə ailə həyatı quran cütlüklərin münasibəti daha uğurlu alınar. Məsələn, qadının yaşı 21, qarşı cinsin yaşı isə 23 yaş olarsa, bu münasibət məqsədəuyğun və uğurlu alınar. Sözsüz ki, bunu bütün ailə münasibətlərinə şamil etmək doğru olmaz. Elə ailələr var ki, partnyorlar həmyaşıddırlar və onların ailə münasibəti uğurlu alınıb. Əvvəldə də qeyd etdiyim kimi, istisna halları çıxmaq şərti ilə evlilikdə yaş fərqinin münasibətə xüsusi təsiri yoxdur. Münasibəti uzunömürlü edən, ayaqda tutan əsas amillər hörmət, anlayış və qayğıdır".
Millət vəkili Fazil Mustafanın fikrincə, münasibətlərdə fikirlərin üst-üstə düşməməsi aradakı yaş fərqinə görə deyil, mədəni və təhsil səviyyəsindən doğan bir məsələdir: "Məsələn, elə ailələr ki, cütlüklər arasında 20 yaş fərq var və buna baxmayaraq, fikirlər üst-üstə düşür və uğurlu münasibət yaranır. Amma elə ailələr də var ki, partnyorlar həmyaşıddırlar, amma bir-birlərini anlaya bilmirlər. Onların birinin təhsil səviyyəsi yüksək olanda digərin də aşağı olur, istəkləri, maraqları fərqli olur. Buna görə də aralarında problem yaranır. Məncə, yaş faktoru bu mövzuda ən axırıncı məsələlərdən biridir. Mühit uyğunluğu, səviyyə uyğunluğu təhsil uyğunluğu bir çox hallarda ailə təməli üçün daha böyük önəm daşıyır. Məncə, yaşdan çox bu amillərə baxılmalıdır".
Psixoloq Sevinc Baxışova isə fikirlərini bizimlə bölüşərkən bildirib ki, partnyorlar arasında yaş fərqinin eyni olması daha məqsədəuyğundur: "Psixoloji uyğunluq münasibətin əvvəlində sıx emosiyalar səbəbi ilə yaşı fərq etdirmir, ancaq zaman keçdikcə problemlər üzə çıxa bilər. Qeyd etmək istəyirəm ki, insanın cəmiyyətdə şəxsiyyət kimi formalaşmasında zəka yaşı (İQ) ilə bərabər, emosional yaşı (EQ) da xüsusi rola malikdir. Başqa sözlə ifadə etsək, EQ insanların duyğu yaşı, ruh yaşıdır. Emosional yaş insan beyninin sağ yarımkürəsinin aktivliyi nəticəsində yaranır, əksinə, zəka yaşı (İQ) isə beynimizin sol yarımkürəsinin aktivliyi ilə ortaya çıxır. İQ dediyimiz zəka yaşı insanın anlama bacarığı, məlumatları analiz-sintez etmə qabiliyyətini formalaşdırır". S.Baxışova həmçinin qeyd edib ki, münasibətin uğurlu olması partnyorların oxşar dəyərləri, inancları və məqsədləri nə dərəcədə paylaşmasından asılıdır. Kişilərdə cinsi həyat həvəsi uzun ömürlü olduğu üçün özlərindən kiçik yaşlı qadınla münasibətdə olmağa üstünlük verirlər. Həmçinin, onu da qeyd etməliyəm ki, qızlar oğlanlardan 3-5 il daha tez inkişaf edir. Məsələn, 20 yaşlı qadın 20 yaşlı kişidən çox bilir". "Cütlüklər arasında ideal yaş fərqi hansıdır?" sualına isə psixoloq belə cavab verib: "Evlilikdə ideal yaş fərqini müəyyən etmək çətin məsələdir. Burada cəmiyyət və cütlər arasındakı münasibətlərdən çox şey asılıdır. Ümumilikdə götürsək, cəmiyyətimizdə kişinin qadından böyük olması tendensiyası mövcuddur".
"Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, ailə qurarkən yaş fərqindən çox diqqət olunası daha mühüm məsələlər var: "Burada əsas məsələ ailə quran tərəflər arasında məsuliyyət hissinin olmasıdır. Tərəflər özləri evlilik məsuliyyətini dərk edərək ailə həyatı qurmalıdırlar. Bu halda yaş məsələsi o qədər də əhəmiyyət daşımır. İnsanlarda bioloji dövr olur ki, burada yaş məsələsi özünü göstərə bilər. Əgər tərəflər əvvəlcədən bunu dərk edib könüllü şəkildə bunu qəbul edirlərsə, mənə elə gəlir ki, bununla bağlı hər hansı bir müzakirəyə ehtiyac yoxdur. Ən önəmlisi ailə nümunəvi ailə olsun, uşaqlarının taleyinə biganə yanaşmasınlar, onların inkişafında birgə iştirak etsinlər. Mənə görə, yaş fərqindən çox belə məsələlərə daha çox önəm verilməlidir. Ətrafımızda kifayət qədər həmyaşıd və yaşca bir-birindən xeyli fərqlənən cütlüklər var. Burada əsas məsələ dərketmə prosesidir. Əvvəlcədən müzakirələr olunmalıdır ki, qurulan ailə hansı formatda olsun. Təəssüf ki, indi heç kim əvvəlcədən müzakirə aparmır, hamı ilk dövrlər üçün bütün təkliflərlə razılaşır, sonrakı prosesi nəzərə almırlar. Bayaq qeyd etdiyim kimi, sonradan bioloji amillər və fikir ayrlığı özünü göstərə bilər. Düşünürəm ki, yeni ailə modeli birgə müzakirə, birgə qərarlar əsasında, bir-birilərinin mənfi və müsbət tərəflərini bilməklə, bir birilərinə uyğun olub-olmadıqlarını müəyyən etməklə qurulmalıdır".
Günü-gündən inkişaf edən dünyada demək olar ki, heç nə öz ilkin versiyasını qoruyub saxlamır. İnsanların düşüncələri də daxil olmaqla, bir çox şey dəyişir və yenilənir. Belə yenilənmələrin təsiri yeni qurulan ailə münasibətlərindən də yan keçmir. Bəzən cütlüklər evlilikdə fizoloji yaşdan əlavə, psixoloji yaşa daha çox üstünlük verirlər. Kim bilir bəlkə də doğru yanaşma elə budur.
Ləman İLKİN