Gəncliyimiz geri döndü
Əsgər getdi gəncliyimiz,
Baxtımızı hərb apardı.
Sakit, rahat bir həyatdan,
Vaxtımızı hərb apardı...
Əsgər getdi gəncliyimiz,
Vicdan, məslək əsgər oldu.
Hamı döndü bir yumruğa,
Azərbaycan əsgər oldu.
Günlər səngər qazıldılar,
Dan üzünə qan yeridi.
Top atıldı arzulara,
Ömürlərə tank yeridi.
Qəlblə zehnin arasında
Cəbhə qurdu müharibə.
Talelərə silah çəkdi,
Düyün vurdu müharibə.
Didərgintək gəzdi ruhlar,
Ürəyimiz paralandı,
Yağmalandı torpağımız,
Canımızdan aralandı...
Şinelsiz də, mundirsiz də
Döyüşlərə qatıldıq biz.
Mənfur düşmən üzərinə
Qırğı kimi atıldıq biz.
Bu savaşda qollarımız
Güllə kimi açıldı hey.
Sözlərimiz süngü kimi
Pis gözlərə sancıldı hey.
Vuruşduqca səsimizdən
Göy toxtadı, yer güc aldı.
Ucaldıqca bayrağımız
Başımız da hey ucaldı.
Məğlub etdik düşmənləri,
Yalvardılar, dil tökdülər.
Təslim olub həmişəlik
Qarşımızda diz çökdülər.
Təmizləndi el-obalar
Şərin murdar nəfəsindən.
Xilas etdik Qarabağı
Əsarətin pəncəsindən.
Tarix yazdı ünvanını,
O, ədalət-haqq gətirdi.
Doğma yurda qələbəni
Məğrur ordu, xalq gətirdi.
Şanlı zəfər bəxş elədi
Bizə dinclik - yaşayırıq.
Geri döndü gəncliyimiz,
Təkrar gənclik yaşayırıq.
Peşman olmaq istəmirəm
Deyirsən ki, əziz dostum,
Başqa dünya istəyirəm,
Hər pislikdən,
Hərislikdən,
Xəbislikdən
Tamam ayrı, uzaq dünya,
Alın açıq, üzağ dünya.
Elə dünya istəyirəm,
Sözlə zəfər çala bilsin,
Yolu haqdan ala bilsin.
Şər çəkməsin nəfəs belə,
Zalımlarda zülm etməyə
Olmasın heç həvəs belə.
Adi bir quş salmağa da
Tapılmasın qəfəs belə.
Dildə şirin yalanlara
Bircə kəlmə yer qalmasın
Sevinc tutsun ürəkləri,
Yalnız qəmə yer qalmasın.
Elə dünya istəyirəm,
Gecə sevsin göy üzünü,
İşıqları kəsilməsin.
Qaranlıqda səhərlərin
Üfüqləri əzilməsin.
Elə dünya istəyirəm,
Fırlanaraq zaman-zaman
Göz yaşına oyanmasın.
Məhəbbətən doyammasın,
Səadətdən doyammasın,
Ayrılıqlar daha bir də
Aşammasın sərhədləri.
Xoş arzular, xoş diləklər
Qovsun acı həsrətləri.
Başqa dünya istəyirəm,
Tamam başqa, tamam ayrı,
Əməlləri, niyyətləri,
Sudan duru, aydan arı.
Elə dünya istəyirəm,
Hər bir anı, dəqiqəsi,
Min əsrlik vaxt gətirsin.
Hər bir ömrün ünvanına.
Bir uğurlu baxt gətirsin.
Elə dünya istəyirəm,
Hansı səmti seçdiyini,
Hər atdığı addımı da
Necə ölçüb, biçdiyini
Aşkar desin, üz danışsın.
Doğru tutsun adımı da,
Əyri dursun, ancaq mənə
Həqiqəti düz danışsın,
Mən susduqca sən deyirsən,
Qismətimsə belə dünya
Yaşamağa can atacam.
Öz-özümlə bir də yenə
Düşmən olmaq istəmirəm.
Bu dünyaya gəldiyimə
Peşman olmaq istəmirəm.