...Məhəbbətsiz oxunmur
Gözlərindən saf bir eşqin
Çiçəkləri tökülür.
Kirpiyindən çiçəklərin
Ləçəkləri tökülür...
İllər keçib, dolaşsa da,
Sən sevgidən doymursan,
Ürəyində məhəbbətsiz
Heç bir yer də qoymursan...
Göy üzünü sevgi tutur,
Sözlərini çevir sən...
Sevilirsən sən sevdikcə,
Sevildikcə sevirsən.
Min ayrılıq, həsrət belə,
Xatirinə toxunmur.
Çünki sənin taleyin də
Məhəbbətsiz oxunmur...
Ömrün payızı
Bu necə buluddur, durmur göydə də,
Bu necə yağışdır, yerə də yağmır!..
Sel kimi açılan vaxtsız bir yağış
Şərə də yağmasa, xeyrə də yağmır...
Rahatlıq tapmayır, dincəlmir zaman,
Hökm ilə hər nəyi deyir, eləyir.
Gecəni döndərir fikrə, xəyala,
Səhəri bir vərəq şeir eləyir...
İsti də çox görür ömür, bürkü də,
Ancaq hər dəfə də sərt qışdan keçir.
Adama ayrılıq, kədər payızdan,
Ağlamaq, bəlkə də, yağışdan keçir...
Günahlar o qədər çoxalıb...
Adamlar dövranla qabaqlaşırlar,
Ömürlər tələsir, vaxt geri qalır.
Günləri elə çox qaraldırlar ki,
Hərəyə tək bircə göz yeri qalır.
Xeyir iş görülür şərlə qarışıq,
Min əməl bir halal zəhmət eləmir.
Günahlar o qədər çoxalıb, bəlkə,
Allah hər ölənə rəhmət eləmir.
Hava da təngiyir, boğulur zaman,
Aldıqca hər nəfəs nəfəsə çatmır.
Ucadan səslənib, çağırsan belə,
Hər dəfə nədənsə səs səsə çatmır.
Torpağın üstündə, göyün üzündə,
Açılan hər cığır, hər yol səhv gedir.
İlk dəfə atılan hər bir addımın,
Ardıyla bir fərman, üzr, əfv gedir.
Zəmanə çırpsa da pəncərəsini,
Ruzigar saxlamır, ayaz saxlamır.
Həyat hər yazdığı ağ səhifədə
Haqqın rəngini də bəyaz saxlamır.
...Bu yağışın içində
Torpağa yağış yağır,
Baxışların üstündən.
Ardınca payız gəlir,
Yağışların üstündən.
Damcılar dil açsa da,
Sözlərini saxlayır.
Buludlar göydə güclə
Özlərini saxlayır.
Bu qədər yağış yağır,
Pəncərəni silmirsən.
Ardınca payız gəlir,
Ömür gəlir, bilmirsən...
Zaman tamam rənglənir,
Bir naxışın içində.
Payızla ömür qalır
Bu yağışın içində...
Yadımda qalmadın
Mən səni uca dağ, zirvə bilirdim,
Ancaq sən heç qara daş da olmadın.
Dalğalı dəniztək, sanırdım, fəqət,
Gözümdə bir damla yaş da olmadın.
Səni dan ulduzu zənn eləyirdim,
Xəyalın göylərdən yerə enmədi.
Səhv edib adına xeyirxah dedim,
Şərə endi başın, xeyrə enmədi...
Həyatda çinartək görürdüm səni,
Üstümə heç kölgə salmadın mənim.
Ən şirin söz idin fikirlərimdə,
Bir kəlmə yadımda qalmadın mənim.
Mən səni bir işıq, bir nur sayırdım,
De, niyə zülmətdə saçılmadın bəs?
Səni səhər bilib salamlayırdım,
Nə üçün ömrümdə açılmadın bəs?
Mənimçün həqiqət, haqq idin, nədən,
Yalanı doğrudan seçə bilmədin.
Ümiddən çəkilmiş yoldun, bəlkə də,
Tək mənim qəlbimdən keçə bilmədin...