|
|
|
|

Çinin yeni nəsil döyüş təyyarələrinin tədqiqat və inkişaf prosesində ChatGPT və DeepSeek kimi əsas süni intellekt modellərindən istifadə etdiyi bildirilib.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, Çin ordusunun istifadə etdiyi J-15 və J-35 döyüş təyyarələrinin dizaynını həyata keçirən Xinyang Təyyarə Layihə İnstitutunun baş konstruktoru Vanq Yonçinq Chinanews.com saytına verdiyi müsahibədə yeni nəsil döyüş təyyarəsi texnologiyalarının inkişafında süni intellektdən səmərəli istifadə etdiklərini bildirib.
ChatGPT və DeepSeek kimi böyük dil modellərinin praktik ehtiyaclar üçün mürəkkəb problemlərin təhlili və həllində necə istifadə oluna biləcəyi ilə bağlı dərin araşdırma prosesi apardıqlarını ifadə edən Vanq, texnologiyanın tətbiqlər, yeni fikirlər və yanaşmalar inkişaf etdirmək baxımından artıq ümidverici nəticələr verdiyini bildirib.
Vanq süni intellektin tədqiqatçıları yorucu nəzərdən keçirmə işlərindən azad etdiyini və onlara daha kritik məsələlərə diqqət yetirməyə imkan verdiyini qeyd edərək, "Bu, aviasiya və kosmik tədqiqatların gələcək istiqamətinə işarə edən çox vacib bir addımdır" deyib.
Xinyang Təyyarə Layihə İnstitutu Çin Hərbi Dəniz Qüvvələri üçün J-15 çoxməqsədli döyüş təyyarəsini və Çin Hərbi Hava Qüvvələri üçün 5-ci nəsil J-35 gizli döyüş təyyarəsini hazırlayıb. İnstitutun hazırladığı iddia edilən 6-cı nəsil J-50 döyüş təyyarəsinin qeyri-rəsmi sınaq uçuşlarından görüntülər də Çin sosial mediasında yayılıb.
Malik Atilay



