“Naşir” jurnalının növbəti buraxılışı
Bu yaxınlarda “Naşir” jurnalının növbəti sayı çapdan çıxıb. Dərgi baş redaktor Gülnar Məsimlinin təbriki ilə açlıır.
Jurnalda “Dahi Getsbi” kitabının interaktiv variantı” və “Nəzəriyyələri dünya elmində tətbiq olunan Azərbaycan alimləri”ndən söhbət açılıb.
“Naşir”in “Qonağımız” rubrikasında Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslanın “Kitabsız olmaz” başlıqlı müsahibəsi yer alıb. Müşavir vurğulayıb ki, bir cəmiyyət üçün ən böyük təhlükə elmsizlik, bilgisizlikdir: “Kitabsız olmaz, mən kitabla bu gəncliyin bir-birinə bağlanmasını çox arzu edirəm. Mən mənəvi duyğulara hörmətlə yanaşan bilikli, savadlı, mütaliəli bir gənclik görmək istəyirəm. Türk millətini gələcəyə aparan məhz bu gənclik olmalıdır”.
“Kitab köşkü” rubrikasında yazar Mirmehdi Ağaoğlu “Bizim ölkədə kitab az oxunur” yazısında məlum problemə nəzər salıb.
“Unutmayaq ki, unutmasınlar” yazısında təcrübəli poliqrafçı Rafiq Hüseynov yad edilib.
Jurnalın ənənəvi “Ağ qara” rubrikasında “redaktəsiz” qeydi ilə təqdim olunan növbəti yazıda şair Qulu Ağsəs çıxış edir: “Səmimi şəkildə deyirəm bunu: kiminsə mənə dəyər verməsindən sevinməyə bilmirəm, xüsusilə depressiya vaxtı, o məqamda eşidəndə ki, hörmət etdiyim adamlardan biri mənim haqqımda xoş sözlər deyib, deməli, ovqatın növbəti küt zərbəsindən-nokautdan məni xilas etmiş olur...”
“Xatirələrdə yaşayan yaxşılar – Aydın Qaradağlı kimi” yazısında görkəmli diktorla bağlı xatirələr öz əksini tapıb.
“Naşir”də Vüqar Qaradağlının təqdimatında “Fatihə” surəsinin ilk təfsiri”ndən söz açılıb.
“Dünyanın ən varlı yazıçılarını da “Naşir”in bu sayında tanımaq mümkündür.
“Liderlərin sevgi hekayətləri”ndən söhbət açmaq da yaddan çıxmayıb. Jurnalın bu sayında Kuba lideri Fidel Kastronun eşq hekayətlərindən danışılıb.
“Dünya kinosunun AVARA dahisi” yazısında isə görkəmli amerikan sənətkarı Çarlz Çaplin haqqında Samirə Məmmədova qələmə alıb.
“Ümumidən xüsusiyə” bölümündə şairə Afaq Şıxlının “Mən təbabəti seçdim, ədəbiyyat isə məni” başlıqlı müsahibəsi dərc olunub.
“Tarixi yaradanlar, tarixi yaşadanlar” rubrikasında yer alan yazılarda Mirzə Kazım bəydən bəhs olunub.
Gülnar Mayisqızının Xalq rəssamı Davud Kazımovla müsahibəsi, Pərvanə Məmmədlinin “İran maarifinin atası Mirzə Həsən Rüşdiyyə” yazıları da jurnalda dərc edilib.
“Ədəbi həyat və Muğanna” başlıqlı yazıda Təranə Vahidin Xalq yazıçısı İsa Hüseynovdan götürdüyü müsahibə öz əksini tapıb.
“Naşir”in bu sayında həmçinin Ələddin Əsədzadə, Sevinc Nuruqızının maraqlı yazıları, Qəşəm İsabəylinin “İt ilə eşşək” nağılı, fotoqraf Rasim Sadıqovun müsahibəsi oxucuların ixtiyarına verilib.
Jurnalda yeni nəşrlər barəsində annotasiyalar da var.
S. MÜRVƏTQIZI