|
|
|
|
"Azərbaycan özünün sürətli inkişafı, sahib olduğu zəngin təbii resursları və əlverişli geopolitik mövqeyi ilə regional miqyasda və beynəlxalq müstəvidə diqqəti cəlb edən dövlətə çevrilib". Bunu baş nazirin müavini, YAP sədrinin müavini və icra katibi Əli Əhmədov mətbuata açıqlamasında dilə gətirib. Onun dediyinə görə, bütün bunlar Azərbaycana olan marağı artırıb və beləliklə, ayrı-ayrı dövlətlər Azərbaycan vasitəsilə ölkəmizin yerləşdiyi bölgədə öz maraqlarını həyata keçirmək üçün müəyyən cəhdlər edirlər. O, qeyd edib ki, bu əvvəllər də olub, bu gün də müşahidə olunur, şübhəsiz, gələcəkdə də baş verəcək.
YAP rəsmisi eyni zamanda hesab edir ki, bu ümumiyyətlə, dünya praktikasında rast gəlinən bir gerçəklikdir, amma qəribə məqamlar ondan ibarətdir ki, bu gün ayrı-ayrı dövlətlərin Azərbaycana yönəlik bu yanaşmaları bir az daha intensivləşib: "Bu intensivləşmənin kökündə dayanan əsas reallıq ondan ibarətdir ki, Azərbaycan regionun lider dövlətinə, ən qüdrətli ölkəsinə çevrilib. Bu gün cənubi Qafqaz iqtisadiyyatının əhəmiyyətli bir hissəsi Azərbaycana mənsubdur. Və Azərbaycan iqtisadiyyatının sürətli inkişafı belə bir fikir söyləməyə imkan verir ki, yaxın zamanlarda bütövlükdə cənubi Qafqazın iqtisadiyyatı dedikdə əsas etibarilə Azərbaycan iqtisadiyyatı başa düşüləcək. Digər tərəfdən, Azərbaycanın demoqrafik inkişafı da, əhalisinin sürətlə artması da ölkəmizin regionda rolunu və əhəmiyyətini ciddi şəkildə artırıb. Digər tərəfdən, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsi Azərbaycanın həm regional, həm də regiondankənar proseslərdə rolunu artırıb və mövqeyini möhkəmləndiribdir. Bu isə öz növbəsində Azərbaycana olan marağı daha da gücləndirib.
Beləliklə, qeyd etdiyim kimi, müxtəlif vasitələrdən istifadə edərək Azərbaycan vasitəsilə bölgəmizlə bağlı maraqların reallaşdırılması istəkləri güclənir.
Xüsusilə də, bu sırada ayrı-ayrı beynəlxalq təşkilatların və böyük dövlətlərin ikili standartlar siyasətini müşahidə edirik. Bu, həm Azərbaycandakı daxili siyasi proseslərə müdaxilə edərək qərəzli, subyektiv münasibət göstərməkdə, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətsiz mövqe tutmaqda özünü göstərir..."
K.Həmidov