|
|
|
|
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda elektrik enerjisi sahəsinə aid “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.
525.az-ın məlumatına görə, sərəncama əsasən, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirəcək, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.
Nazirlər Kabineti iki ay müddətində Azərbaycan Respublikasının ərazisində “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görməli, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yeni Nizamnamələrinin və strukturlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, eləcə də bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamla əlaqədar müvafiq tədbirlər görmək tapşırılıb.
Müəyyən edilib ki, Naxçıvan Muxtar Respublikasında bu sərəncamın 2-ci hissəsində nəzərdə tutulan funksiyaları Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Agentliyi həyata keçirir.
Prezidentin digər sərəncamı ilə Balababa Hüseynağa oğlu Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.