(Əvvəli ötən sayımızda)
Əməkdar incəsənət xadimi, professor Elmira Abasova (1932-2009) Azərbaycan musiqişünaslığının inkişafında çox mühüm xidmətləri olan görkəmli elm və mədəniyyət xadimidir. Onun fəaliyyətinə bir neçə istiqamətdə baxıla bilər: musiqi elmi; musiqi tənqidi və publisistikası; müəllimlik; təhsilin idarə olunması; musiqi tərbiyəsi və maafçiliyi; musiqi jurnalistikası və təbliğatı; musiqi-ictimai fəaliyyət. Elmira Abasova bu istiqamətlərin hər birində elm, incəsənət və mədəniyyətin inkişafına, təbliğinə və tədrisinə dəyərli töhfələr verib.
Üzeyir Hacıbəyli haqqında tədqiqatlarında dahi bəstəkarın tarixi-mədəni rolunu, milli üslubunu və novatorluğunu nəzəri cəhətdən təhlil və təyin edən E.Abasova, onu "Azərbaycan milli musiqi üslubunun yaradıcısı" kimi qiymətləndirmiş, Qərb və Şərq musiqi təfəkkürlərinin dahi sənətkar tərəfindən əlaqələnməsini təhlil etmiş, onun üslubunu "polisistemli musiqi təfəkkürü" kimi səciyyələndirmişdir. Musiqişünas-alim bütün tədqiqatlarında Ü.Hacıbəyli yaradıcılığını XIX-XX əsr Azərbaycan maarifçiliyi, musiqi tarixi və musiqi-mədəni prosesləri ilə sıx əlaqədə araşdırmış, həm də dahi bəstəkarın musiqi dilini folklor, aşıq, muğam və məqam ilə əlaqədə açıqlamışdır. E.Abasovanın ən dəyərli xidmətlərindən biri də Ü.Hacıbəylinin təməlçi və klassik kimi müəyyən olunmasında əsaslı sübut və arqumentlər irəli sürməsi, onu Şərqdə ilk milli bəstəkarlıq məktəbinin banisi kimi əsaslandırmasıdır. Təqdim elədiyi fakt, dəlil, təhlil və nəticələri ilə Ü.Hacıbəylidən əvvəl Şərq regionunda Avropa tipli peşəkar bəstəkar olmasına dair istər daxili, istərsə də xarici musiqişünaslıqda hələ də özünü göstərən hər hansı iddianın əsassız olduğunu sübuta yetirir. E.Abasovanın Ü.Hacıbəyli haqqında monoqrafiyaları, məruzə, məqalə və metodik vəsaitləri aktuallığını hər zaman saxlayır. Bu əsərlər tədqiqatçılar, mütəxəssislər, magistrlər, tələbələr tərəfindən bu gün də Ü.Hacıbəyli yaradıcılığına dair ən samballı mənbələr kimi öyrənilir.
lll
E.Abasovanın digər əsas tədqiqat mövzusu Qara Qarayev musiqisidir. Bəstəkara həsr etdiyi elmi məqalə və məruzələri Qarayev musiqisinin forma, məzmun, ideya, üslub, novatorluq, millilik, bədii ifadə, humanistlik kimi keyfiyyətlərinə özünəməxsus nəzəri baxışları ilə seçilir. Musiqişünasın bəstəkar haqqında portret səciyyəli yazıları onun novator sənətkarlığının, yaradıcı şəxsiyyətinin, modern musiqisinin və neoklassik üslubunun mahiyyəti haqqında bilik və təsəvvürləri daha da genişləndirir. Bu xüsusda E.Abasovanın "Şostakoviç və Azərbaycan simfonizmi" tədqiqatı konstruktiv-simfonik təfəkkürlü Q.Qarayevin və C.Hacıyevin bədii-yaradıcı ideya və üslublarına aktual nəzəri-analitik baxışları, konseptual yanaşması, fərqli metodoloji mövqeyi və konkret nəticələri ilə diqqəti cəlb edir.
E.Abasova öz həmkarları ilə birlikdə tənqidə münasibətin və tənqidi fikrin sağlam məcraya düşməsində, onun elmi-obyekiv və analitik meyarlara malik olmasında, fəallaşması və tərəqqisində çox məhsuldar işləmişdir. Bu fəaliyyətində gəncliyə hər zaman həssas və diqqətlə yanaşan musiqişünas-tənqidçi 1950-1960-cı illərdə gənc peşəkarların, o cümlədən, A.Rzayevanın, E.Nəzirovanın, Ş.Axundovanın, X.Mirzəzadənin, V.Adıgözəlovun, T.Bakıxanovun, R.Hacıyevin, R.Mustafayevin, A.Rzayevin, F.Qarayevin yaradıcılığına həsr etdiyi silsilə məqalələri ilə bu gənclərin əsərlərinə bədii marağın artmasında, onlara mənəvi və peşəkar dəstəyin göstərilməsində əhəmiyyətli rol oynamışdır.
Elmira Abasovanın müasir bəstəkarların musiqisinə dair tənqidçi-təhlilçi mövqeyi də peşəkar mühitdə diqqətlə izlənilmiş, maraqla qarşılanmış və müsbət qiymətləndirilmişdir. Yeri gəlmişkən, onun SSRİ Bəstəkarlar İttifaqının sədri, SSRİ Xalq artisti T.Xrennikovun yaradıcılığına dair elmi-publisistik yazılarına bəstəkarın özü də reaksiya vermiş, müəllifə professional səviyyəli məqalələrinə görə təşəkkür məktubu yazmışdır.
Musiqişünasın M.Maqomayev, A.Zeynallı, Ə.Bədəlbəyli, Q.Qarayev, F.Əmirov, C.Hacıyev, Niyazi, S.Hacıbəyov, S.Rüstəmov, Ə.Abbasov, C.Cahangirov, T.Quliyev, Z.Bağırov, N.Rzayev, S.Ələsgərov, A.Məlikov, V.Adıgözəlov, F.Qarayev, M.Quliyev və müxtəlif nəslin bəstəkarları, dirijorları haqqında maraqlı monoqrafiyaları, məqalə və oçerkləri respublikamızın, Rusiyanın elmi nəşrlərində, mətbuatında dərc olunmuşdur. Bunlarla birlikdə Avropa, rus, türk, gürcü bəstəkarlarına, opera və balet tamaşalarına, müsabiqələrə, laureatlara və konsertlərə, orkestr və ansamblların ifaçılıq fəaliyyətinə, yeni əsərlərə və onların premyerasına dair məqalələri, həmçinin ABİ-nin qurultay, plenum və yubiley tədbirlərindəki aktual məruzələri və mətbuatdakı çıxışları Azərbaycan musiqi tənqidini və publisistikasını mövzu, fakt, problem, təhlil, araşdırma, informasiya, peşəkarlıq, obyektivlik, üslub, ictimai fəallıq, nəzəri-estetik meyarlar baxımından xeyli zənginləşdirmiş, inkişaf etdirmiş, dövrlərin musiqi salnaməsini yaratmışdır. İfaçılıq sənətinin nəhəngləri Şövkət Məmmədova, Bülbül, Rəşid Behbudov, Rəhilə Cabbarova, Qurban Pirimov, Bəhram Mansurov, eləcə də dövrün istedadlı və məşhur gəncləri Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Lütfiyar İmanov, Fərəc Qarayev, Azad Əliyev haqqında monoqrafiya və məqalələri Azərbaycan peşəkar ifaçılıq sənəti haqqında samballı musiqişünaslıq işləridir. Alimin yaradıcılıq portfelinə elmi və pedaqoji təcrübənin əlaqəsi aspektində nüfuzlu alim-pedaqoqlardan X.Ağayeva, N.Çumakov, D.Danilov, L.Karaqiçeva, N.Əliyeva haqqında məqalələr də daxildir.
lll
XX əsrdə muğamın elmi öyrənilməsində E.Abasovanın fəaliyyətini ayrıca qeyd etmək lazımdır. O, SSRİ Bİ-nin təşəbbüsü və V.Vinoqradovun redaktorluğu ilə nəşr olunan, bütün respublika və xalqları əhatə edən "Xalq müğənniləri və musiqiçiləri" silsilə nəşrlərində iştirak edib. Həmin layihədə E.Abasovanın iki qüdrətli muğam klassiki, Yaxın və Orta Şərq muğam ifaçılığının müqtədir sənətkarları - Qurban Pirimov və Bəhram Mansurov haqqında broşürləri nəşr olunub (Moskva, 1963, 1977). Hər iki sənətkara Azərbaycan muğam-ifaçılıq məktəbləri, ənənə və üslub əhatəsində yanaşılıb, onların muğam sənətinin inkişafındakı xidmətləri, xüsusilə muğam əsaslı bəstəkar əsərlərinin meydana gəlməsində yaxından iştirakı açıqlanıb. Digər tərəfdən, 1960-1980-ci illərdə muğam sənətinə Rusiya, Avropa və Şərq mütəxəssislərinin maraq göstərməsi, bu maraqla Azərbaycana gəlmələri E.Abasovadan bir mütəxəssis kimi yan ötməyib. Belə ki, xarici mütəxəssislərin Azərbaycan muğamı haqqında məlumatlandırılmasında, muğam sənətkarları ilə görüşməsində E.Abasova yaxından iştirak edib. Ötən əsrin 70-80-ci illərində UNESCO və SSRİ Mədəniyyət Nazirliyinin Səmərqənddə keçirdiyi beynəlxalq muğam simpoziumlarında məruzə edən Azərbaycan musiqişünaslıq heyətində E.Abasova da olub, muğamın tarixi, nəzəri və ifaçılıq məsələləri haqqında məruzələri hər dəfə maraqla qarşılanıb.
(Ardı var)
Ariz ABDULƏLİYEV