|
|
|
|

“Bir çox hallarda yolların başlanğıcı rayon mərkəzlərində yerləşən poçt şöbələrindən və ya digər ictimai əhəmiyyətli binalardan götürülür. Avtomobil yollarının indeksləşdirilməsi Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Lakin yeni yolların tikilməsi və mövcud marşrutların dəyişməsi bəzi uyğunsuzluqlar yaradıb. Məsələn, yeni M3 Ələt–Astara–İran sərhədi avtomagistralının başlanğıcı M2 Bakı–Ələt–Qazax yolu ilə kəsişmədən götürülür. Yeni ödənişli M1 Bakı–Quba–Rusiya sərhədi avtomagistralının başlanğıcı isə köhnə M1 yolunun Yaşma ərazisindən hesablanır. Bu isə eyni istiqamətdə fərqli başlanğıc nöqtələrinin mövcudluğunu göstərir”.
Bu fikirləri nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib. Ekspertin sözlərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən idarə olunan yol təsərrüfatında hüquqi əsaslar müəyyən edilsə də, “0 km” nöqtələrinin vahid və aktual şəkildə təqdim olunmasına ehtiyac qalır:
““Avtomobil yolları haqqında” qanuna əsasən ölkə əhəmiyyətli yollar üçün başlanğıc nöqtə Bakı şəhərində Azadlıq meydanı hesab olunur. Yerli yollar üçün yaşayış məntəqəsinin mərkəzi (poçt və ya digər ictimai bina) götürülür. Digər yollar üçün isə kəsişmə nöqtələri və ya obyekt sərhədləri əsas qəbul edilir. Bu kontekstdə vacib bir məsələ də poçt şöbələrinin dəqiq ünvan məlumatlarıdır. Azərpoçt tərəfindən idarə olunan poçt şöbələrinin ünvanları vahid ünvan portalı ilə inteqrasiya edilməli, rəsmi səhifələrində açıq və dəqiq şəkildə qeyd olunmalı, rəqəmsal xəritələrlə uyğunlaşdırılmalıdır. Bu addımlar “0 km” başlanğıc nöqtələrinin düzgün müəyyən edilməsinə, vətəndaşların rahat istiqamətlənməsinə və ümumilikdə məlumatların sinxronlaşdırılmasına ciddi töhfə verər”.
Sevinc Qarayeva



