|
|
|
|

Hindistanın Azərbaycandakı səfirliyində möhtəşəm Hind Mətbəxi Festivalı keçirilib.
525.az xəbər verir ki, gün boyu davam edən tədbirdə xarici ölkələrin Bakıdakı səfirləri, diplomatik korpus üzvləri, deputatlar, biznes ictimaiyyətinin təmsilçiləri, Hindistan icmasının üzvləri, eləcə də Azərbaycan vətəndaşları və beynəlxalq diasporanın nümayəndələri iştirak ediblər.
Tədbir Hindistanın zəngin dadlarını, rənglərini və mədəni irsini bir araya gətirərək böyük marağa səbəb olub. Festivalın əsas cəlbedici cəhəti Hindistanın müxtəlif ştatlarından və bölgələrindən orijinal hind mətbəxini təqdim edən yemək köşklərinin qurulması idi. Qonaqlar Şimali Hindistanın ətirli biryanisi, kabab və yağlı nanlarından tutmuş Cənubi Hindistanın kokosla zəngin, ədviyyatlı ləzzətlərinə və dosalarına qədər, Şərqi Hindistanın xardallı yeməklərindən tutmuş Qərbi Hindistanın odlu sahil ləzzətlərinə qədər Hindistanın kulinariya mənzərəsi boyunca xoş səyahətdən zövq alıblar. Qida köşklərini tamamlayan xüsusi sərgi və satış stendləri də var idi ki, burada hind ədviyyatları, əl işləri, ənənəvi parçalar və mallar nümayiş olunurdu və bu da ziyarətçilərə hind sənətinin bir parçasını evlərinə aparmağa imkan verirdi.
Bayram abu-havasına məşhur Mehndi (xına) guşəsi, əyləncəli Tambola oyunu, klassik və xalq hind rəqsləri, musiqisi və fyujn tamaşalarından ibarət bir sıra canlı mədəni tamaşalar da daxil olmaqla bir neçə interaktiv və əyləncəli fəaliyyət rəng qatdı. Hindistan mətbəxi, sağlamlıq və mənəviyyat arasındakı dərin əlaqəni vurğulayan yoqa məşğələləri də keçirildi.
Tədbirdə çıxış edən səfir Abhay Kumar qonaqları salamlayaraq hind mətbəxinin Hindistanın əsrlər boyu davam edən sivilizasiyasını və qonağa Tanrı kimi yanaşmaq fəlsəfəsini əks etdirdiyini vurğulayıb. O, yeməyi sevgi, qayğı, səxavət və mədəni kimliyin ifadəsi kimi təsvir edib, bu festivalın Hindistan və Azərbaycan, eləcə də bütün dost xalqlar arasında mədəni və xalqlararası əlaqələri gücləndirdiyini deyib.
O, həmçinin Hindistan Mədəni Əlaqələr Şurasının (ICCR) dünya miqyasında orijinal hind mətbəxi təqdim edən hind restoranlarını tanıyan Annapurna sertifikatını təsis etmək təşəbbüsünü yüksək qiymətləndirib.
Səfir günün əhəmiyyətini vurğulayaraq, qida festivalının aprel ayında təşkil olunduğunu, Hindistanda və digər ölkələrdə məhsul festivalları ilə eyni vaxta təsadüf etdiyini vurğulayıb. Bu tədbir qida və bolluq ilahəsi olan Annapurnaya həsr olunub. Hindistan mətbəxini qlobal miqyasda təqdim edən Annapurna Divas günü ilk dəfə Bakıda qeyd edilib.
Səfir, həmçinin diplomatik kopusun mədəni təşəbbüslərinin, o cümlədən məşhur "Bakı axşamları", Hindistan Film Festivalı - Bharat Filmotsavınin Azərbaycan xalqı tərəfindən daim böyük maraq və coşğu ilə qarşılandığını bildirib. Əlavə edib ki, Hindistan Mətbəxi Festivalı bu istiqamətdə daha bir uğurlu addımdır, iki xalq arasında mədəni anlaşmanı və dostluğu daha da dərinləşdirib.
Festival iştirakçıları hind mətbəxinin orijinallığından, mədəni tamaşaların canlılığından və səfirliyin göstərdiyi qonaqpərvərlikdən məmnun qalıblar. Bir çox qonaq tədbiri "Bakıda Hindistanın unudulmaz dadı" kimi qiymətləndirib.
Pərvanə Sultanova








