– Siyavuş müəllim, bir müddətdir, ölkədə yenidən iqtidar-müxalifət dialoqu start götürüb və son görüş zamanı qərara alınıb ki, ən azı iki aydan bir dialoq, proses davam etdirilsin. Eyni zamanda, bu prosesdən kənarda qalanlar, ona qatılmayanlar da var. Bütövlükdə bu məsələlərə münasibətinizi bilmək istərdik.
- İlk növbədə onu qeyd edim ki, iqtidar-müxalifət dialoqunun tarixi qədimdir. Yəni, ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdışdan sonra mütəmadi çalışıb ki, Azərbaycan cəmiyyətinin bütün qüvvələri Azərbaycan dövlətinin, dövlətçiliyinin, xalqın marağı çərçivəsində çıxış etsin. Bu baxımdan da, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına, mətbuat orqanlarına mütəmadi müraciət edib, dəfələrlə görüşlər keçirib, onlarla ünsiyyət yaratmağa çalışıb. Amma təəssüf ki, bir qrup partiya və onların liderləri özlərini həmişə cəmiyyətdən kənarda saxlamağa çalışıb. Çünki o partiyaların fəaliyyətində Azərbaycan xalqının maraqları durmur, yəni, öz partiya üzvlərinin maraqlarını əks etdirir. Onlar sadəcə, ayrı-ayrı qrupların, qüvvələrin təsir dairəsində olan təşkilatlardır və həmin qrupların maraqların ifadə edirlər. Bu yönümdə mən lap göstərə bilərəm ki, 1998-ci ilin prezident seçkilərində ümummilli liderimiz dörd partiya sədrinə rəsmən müraciət etdi ki, seçkilərə gəlin qoşulun. O zaman seçki müddəti qurtarmışdı, ancaq o, qanunvericilik təşəbbüsü ilə seçki müddətini uzatdı.Yəni, hər cür şərait yaradırdı ki, əgər demokratik, azad seçkilər istəyirsinizsə, gəlin iştirak edin, sizin üçün hər bir şərait yaradılıb. Ondan sonrakı dövrlərdə də – parlament seçkilərində və başqa-başqa müddətlərdə də, seçkilərdə də biz bunun şahidi olmuşuq. Dəfələrlə mətbuat orqanlarının rəhbərlərini yığıb bir yerə, onlarla görüşlər keçirib, borclarını ləğv etdirib, dondurub, nəşriyyata olan borcları ödənilib.
Odur ki, bu proses bu gün də davam olunmaqdadır. Ancaq bir neçə dəfə həmin təşkilatlar canfəşanlıq göstəriblər ki, başqa bir tərcüməçinin vasitəsilə o toplantı keçirilsin. Tutalım ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun vasitəsilə iqtidar-müxalifət görüşü keçirilsin. Öz fikirlərini orada – onların iştirakı ilə söyləmiş, ya da burada söyləmiş, bunun hansı əhəmiyyətli olacaq, onu mən başa düşə bilmirəm. Gah da deyiblər ki, Avropa Şurasının təşəbbüsü ilə bu dialoq keçirilsin. Hətta bir ara bir məsələ qaldırdılar ki, BMT gəlsin burada həm seçki keçirsin, həm iqtidar-müxalifət dialoqu yaratsın və sair. Lakin müstəqillik illərindən üzü bəri bu dövr uzandıqca, zaman keçdikcə, görürsən, fikir verirsən, nəzər salırsan ki, insanlar artıq başa düşüb ki, o da azərbaycanlıdır, mən də azərbaycanlıyam. Müəyyən bir problem varsa, oturub müzakirə edib, vahid nəticəyə gəlmək mümkündür. Dövlətə, millətə, xalqa müxalifətçilik olmaz. Hökumətə müxalifətçilik olar. Hökumətə müxalifətçilik də odur ki, alternativ təkliflər irəli sür, nöqsanları göstər, onlardan çıxış yollarını göstər. Yoxsa, kim möhkəm söyürsə, kim möhkəm təhqir edirsə, kim möhkəm böhtan atırsa, o daha böyük müxalifətçidir anlayışı hələ bəzi adamların beynində qalmaqdadır. Ona görə də parlamentdə təmsil olunan partiyalar ilə belə dialoqlar mütəmadi olub. Bu dialoqların nəticəsi olaraq Azərbaycanın taleyüklü məsələləri, Xocalı soyqırımı ilə bağlı birlikdə BMT-yə, Avropa Şurasına, Avropa strukturlarına müraciətlər olub.
Bundan başqa bir neçə dəfə YAP-ın partiyala rarası dialoq və əlaqələr komissiyasının sədri Əli Həsənovun iştirakı ilə partiyalar bir yerə yığışıb, müzakirələr aparılıb. Bir dəfə parlamentdə təmsil olunanlar, bir dəfə parlamentdə təmsil olunmayanlarla görüş keçirilib. Sonuncu dəfə isə ümumiyyətlə, Azərbaycanda qeydiyyatdan keçmiş, söhbət burada müxalifətdə olan partiyalardan gedir, partiyalarla bir araya gəlinib.
İqtidaryönlü partiyalar var və bunların mövqeyi bəllidir. Burada onları iqtidarda olan partiya – Yeni Azərbaycan Partiyası təmsil edir. Müxalifətdə olan partiyalar isə müxtəlif cürdür, heç onların özlərinin də bir-biri ilə, belə deyək, dialoqu yoxdur. Yəni, bu dialoq tək iqtidar-müxalifət arasında deyil, həmçinin elə partiyalar arasında da bir dialoq yaradır. Onlardan da iki partiyanı çıxmaq şərti ilə hamısı bu dialoqa qatılıb. Onlardan biri – Müsavat indi bəyan edir ki, növbəti görüşdə iştirak edəcək. Orada da bilirsiniz ki, problem var. Müsavatda legitimlik problemi var. Çünki Müsavat iki hissəyə bölünüb. Həmin partiyanın daxilində özləri-özləri ilə dialoq yarada bilmirlər. O baxımdan oradan gəlib kim təmsil edəcək, təmsil edən tərəfin verdiyi təkliflər digər tərəfdən düzgün qarşılanacaq-qarşılanmayacaq, razılıq olacaq-olmayacaq? Bu problem var.
Azərbaycan Xalq Cəbhəsi Partiyasına gəlincə, aydın məsələdir ki, dialoqa qatılmamaq onların iradəsinin məhsulu deyil. Əgər onlara xaricdən tapşırsalar ki, get orda iştirak et, heç onları dəvət etməsən də, özləri gəlib oturacaqlar orada. Əgər onlara hələlik tapşırıq yoxdursa, orada hansı mövzudan söhbət getməyindən asılı olmayaraq iştirak etməyəcəklər. Özü də burada söhbət nədir? Əgər sənin sözün, fikrin, tənqidin varsa, gəl orada ifadə et, orada heç kəsin ağzını bağlamırlar. Çox demokratik bir mühit var. Gündəliyə salınacaq məsələlər siyahılanır və sonradan göndərilir bütün partiyalara. Vacib olanları birinci, ikinci sıra ilə düzülür və bunlar hamı ilə razılaşdırıldıqdan sonra o məsələlər müzakirələrə çıxarılıb, müzakirə olunur. Və hər bir partiya sədri də şəffaflıqla, düzgün olaraq ictimaiyyəti gedən müzakirələrlə bağlı məlumatlandırır.
Bundan artıq, bundan gözəl nə ola bilər ki? Verilən təkliflər də toplanılır. Hansılar ki, məqbul hesab olunursa, hansılar ki, qəbul etmək mümkündürsə, qəbul olunur. Hesab edirəm ki, bu, çox vacib olan şərtlərdən biridir. Çünki bu gün dünyada, ətrafımızda baş verən gərginliklərə baxanda görürük və hesab edirik ki, sabah hər hansı bir təlatüm olarsa, hər hansısa bir hadisə baş verərsə, orada baxmayacaq ki, bu iqtidardır, bu müxalifətdir. Yəni, bu, bütün cəmiyyətə təsir göstərə bilər. O yönümdən də hesab edirəm ki, iqtidarla müxalifət birlikdə, taleyüklü məsələlərdə vahid bir qərara gələrək, ölkənin problemlərini, istər beynəlxalq aləmdə olsun, istərsə daxildə olan məsələ, müzakirə edib, onun optimal yolunu tapıb onu tətbiq etməlidir.
- İqtidar-müxalifət dialoquna qatılmayanlar bu prosesin həm də görüntü xarakteri daşıdığını bildirirlər, eyni zamanda qeyd edirlər ki, bu proses sadəcə, hansısa seçki yaxınlaşan ərəfədə yada düşür...
– Bu, tamamilə yanlışdır. Bu təşəbbüs hər iki tərəfdən olub. Həm iqtidar tərəfindən, həm siyasi partiyalar tərəfindən. Və əslində elə seçkilər vaxtında bu məsələlər müzakirə olunmalıdır. Tutaq ki, seçkiyə getmək istəyən siyasi partiyanı narahat edən məsələlər var. Bu məsələlər harada müzakirə olunmalıdır?
Otaqdamı, kompüterdəmi və yaxud qəzetdəmi? Bunu ancaq oturub dialoq vasitəsilə- müzakirələr yolu ilə etmək olar. Harada çatışmamazlıq varsa, bu məsələlər qaldırıla və öz həll yollarını tapa bilər. Hər bir partiyanın parlament seçkilərində iştirak etmək hüququ var və bununla bağlı onlar öz təkliflərini verir, təşəbbüs göstərirlər. Nəticə etibarilə ayrı-ayrı bloklar yaranmağa başlayır, ayrı-ayrı təşkilatlar seçkilərdə iştirakla bağlı bəyanatlarını verir. Hətta fərdi vətəndaşlar belə öz bəyanatını verir. Təbii ki, parlament seçkisi ölkənin taleyi üçün mühüm olan seçkilərdən biridir və hər bir vətəndaş da istəyir ki, bu seçkilərdə iştirak etsin, seçilsin, xalqın təmsil etsin. O baxımdan da dialoqun elə bu ərəfədə olması daha məqsədəuyğundur.
Bunlar hərdən belə bir fikir yayırlar ki, filan partiya seçkilərdə iştirak etməsə, o, legitim hesab olunmur.
Qanunvericilikdə belə şey yoxdur. Qanunvericilikdə alternativlik var. Məsələn, bizim təşkilatda – Yeni Azərbaycan Partiyasının üzvü o birisinə alternativ olur. Bu, onun konstitusion hüququdur. Burada yazılmayıb ki, bu, mütləq filan partiyanın üzvü olmalıdır, bu da filan partiyanın. O baxımdan da o düşüncə tərzi köhnəlmiş düşüncə tərzidir. İndi beynəlxalq təşkilatlar özləri də dəfələrlə bəyan ediblər ki, seçkilərdə iştirak edirsiniz-edin, etmirsiniz-etməyin, o, sizin seçiminizdir, əsas məsələ seçkinin əsas azad, ədalətli, demokratik keçirilməsidir. Hansı partiyanın, hansı təşkilatın orada iştirak etməsindən asılı olmayaraq. Odur ki, Azərbaycanda da hər zaman azad, ədalətli seçkilər keçirilib. Hesab edirəm ki, qarşıdan gələn 5-ci çağırış parlament seçkiləri də tam qanunvericiliyin tələblərinə uyğun olaraq azad, ədalətli, demokratik şəkildə keçiriləcək.
Kamil HƏMZƏOĞLU