
“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu müasir şəhərlərin üzləşdiyi əsas problemlərin müzakirəsi və təcrübə mübadiləsi baxımından mühüm platformadır. Forum çərçivəsində müxtəlif ölkələrin şəhərsalma və nəqliyyat sahəsində tətbiq etdiyi yeniliklərin paylaşılması gələcək layihələr üçün də faydalı ola bilər”.
Bunu nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev 525.az-a açıqlamasında deyib. Ekspert bildirib ki, əvvəlki beynəlxalq tədbirlərdə, xüsusilə COP29 zamanı iqlim dəyişikliyi əsas müzakirə mövzularından biri idi. Bu məsələnin şəhərlərin inkişafına birbaşa təsir etdiyini vurğulamaqla müasir şəhərlərin iqlim dəyişikliklərinə daha hazırlıqlı olmasının vacibliyini də gözardı etməmək mütləqdir:
“Böyük şəhərlərdə tıxac probleminin həlli istiqamətində həm Bakının yanaşmaları, həm də dünyanın müxtəlif ölkələrində tətbiq olunan modellər forum çərçivəsində müzakirə edilir. Bu cür beynəlxalq platformalar şəhərlərin inkişafı və nəqliyyat sistemlərinin təkmilləşdirilməsi baxımından yeni imkanlar yaradır”.
Rauf Ağamirzəyev onu da qeyd edib ki, forumun nəticələri gələcəkdə şəhərsalma və nəqliyyat sahəsində yeni tətbiqlərin və layihələrin həyata keçirilməsinə də töhfə verə bilər.
Sevinc Qarayea



