
Azərbaycan 30 ilə yaxın işğal problemindən əziyyət çəkib ki, bu da ölkəmiz üçün ciddi humanitar çağırış olmaqla yanaşı, demək olar ki, bütün sahələrə öz təsirini göstərib. Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyona yaxın soydaşımız öz yurd-yuvasından didərgin düşüb. Bu həm də o dövrdə baş verdi ki, Azərbaycan öz müstəqilliyini yenicə əldə etmişdi, ölkəmiz ağır problemlərlə, iqtisadi böhranla üz-üzə idi. Belə çətin bir dönəmdə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə həm dövlətimizin müstəqilliyi qorunub saxlanıldı, eyni zamanda didərgin düşmüş soydaşlarımızın təminatı, həyat şəraitinin yaxşılaşdırılması üçün ciddi addımlar atılmağa, genişmiqyaslı işlər görülməyə başlandı. Doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi dövlətimiz üçün prioritet istiqamətə çevrildi.
Ümummilli lider mütəmadi olaraq məcburi köçkünlərin müvəqqəti yerləşdiyi regionlara səfərlər edir, onların şəraiti ilə yerindəcə tanış olub, operativ şəkildə qərarlar qəbul edirdi. Eyni zamanda, Azərbaycana səfərə gələn dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşdən sonra, bir qayda olaraq, qonaqları Bakı şəhərində qaçqın və məcburi köçkünlərin müvəqqəti yerlərə baxmağa dəvət edirdi ki, bununla da Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranan humanitar fəlakəti əyani şəkildə göstərirdi.
Ötən illər ərzində bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ölkə rəhbərliyinin tapşırığı ilə yeni qəsəbələr və çoxmərtəbəli yaşayış binaları salınıb. Bununla yanaşı, məcburi köçkünlərin məşğulluğunun artırılması, təhsil və səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi üçün ardıcıl dövlət proqramları icra olunub. Dövlət tərəfindən müvafiq müavinətlərin və kommunal xidmət güzəştlərinin verilməsi bu vətəndaşların maddi rifahına mühüm dəstək olub. Məcburi köçkünlərin üzləşdiyi sosial, iqtisadi və digər humanitar problemlərin sistemli şəkildə həlli istiqamətində dövlət tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilib və möhkəm qanunvericilik bazası formalaşdırılıb. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2004-2019-cu illərdə 75 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti tərəfindən 224 qərar və sərəncam verilib, Milli Məclis tərəfindən 11 Qanun qəbul edilib. Bu hüquqi bazanın mərkəzində dayanan əsas strateji sənədlərdən biri də Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" olub. Bu proqram sonrakı illərdə icra olunacaq genişmiqyaslı layihələrin yol xəritəsini müəyyən edib.

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da dövlətin sosial siyasətində əsas istiqamət olub. 2007-ci ildə ölkə ərazisində mövcud olan 12 çadır düşərgəsi və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət yaşayış məntəqələri tamamilə ləğv edilib. Müvəqqəti xarakter daşıyan 16 fin tipli qəsəbədən sonuncusu isə 2016-cı ildə bütövlüklə aradan qaldırılıb. Məcburi köçkünlərin mənzil təminatının köklü həlli məqsədilə ölkə rəhbərliyinin tapşırığı ilə 121 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət müasir yaşayış kompleksi tikilərək istifadəyə verilib. Görülən bu genişmiqyaslı tikinti-infrastruktur işləri nəticəsində 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox vətəndaşın mənzil-məişət şəraiti tamamilə yenilənib.
Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfərdən sonra tamamilə yeni bir vəziyyət yeni reallıqlar yarandı. Bu, yeni vəziyyət təbii ki, məcburi köçkünlərlə bağlı da dövlət tərəfindən həyata keçirilən siyasətdə dəyişikliklərə səbəb oldu. Yəni bir tərəfdən uzun illərdir leksikonumuzda olan "məcburi köçkün" ifadəsi tarixə qovuşdu, digər tərəfdən isə azad olunmuş ərazilərin bərpasına və yenidən qurulmasına başlanıldı, keçmiş məcburi köçkünlərin öz doğma yudlarına qayıdışına start verildi. Böyük Qayıdış dövlətin bu istiqamətdəki fəaliyyətinin daha böyük və keyfiyyətcə tamamilə yeni bir inkişaf mərhələsini ehtiva edir.
Bütün bunlar isə Milli Məclisin müstəqillikdən keçən 35 il ərzində qəbul etdiyi qaçqınlıq və köçkünlük aktlarının da artıq tarixə qovuşduğunu, yeni Böyük Qayıdış qanunlarının yazıldığını göstərir. Bunları nəzərə alaraq Azərbaycan parlamentinin əmək və sosial siyasət və insan hüquqları komitələrinin iyunun 3-də keçirilən birgə iclasında Mənzil Məcəlləsi, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlara dəyişikliklər edilməsi müzakirəyə çıxarılıb.
Yeni dəyişikliklərdə mühüm məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondunun yaradılması təşəbbüsüdür. Mənzil Məcəlləsinə edilən dəyişikliklər yaradılacaq "İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondu"na daxil olan yaşayış sahələri vətəndaşlara artıq icarə müqaviləsi əsasında deyil, mülkiyyət hüququ əsasında veriləcək.
"Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Qanuna edilən dəyişikliklə şəxs işğaldan azad edilən ərazidə əvvəlki yaşayış yerinin əvəzinə yeni yaşayış sahəsi aldıqda və ya imkandan imtina etdikdə statusun itirilməsi hüquqi baxımdan dəqiq müəyyən olunur.
"Məcburi köçkünlərin sosial müdafiəsi haqqında" Qanuna edilən dəyişiklik isə sosial müdafiə tədbirlərinin 3 il müddətində davam etməsini dəqiqləşdirir. Qanun qüvvəyə minənədək köçürülmüş şəxslər üçün bu 3 illik müddət köçürüldükləri tarixdən hesablanır. Qanun qüvvəyə minənədək artıq yeni ərazilərdə mənzil almış məcburi köçkünlər də təklif olunan hüquqi imtiyazlardan yararlana biləcəklər. Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərdə ev və ya mənzillə təmin edilir və həmin yaşayış sahəsi dərhal onların mülkiyyətinə verilir.
Təhsil alan şəxslər üçün təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi təhsil müddətinin sonunadək davam etdirilir. Dövlətin sosial müdafiə sistemi tək bir statusa bağlı deyil, çoxsəviyyəli mexanizmlərdən ibarətdir. Buraya ünvanlı sosial yardım, məşğulluq proqramları, mənzil təminatı, təhsil və səhiyyə dəstəyi, reabilitasiya və sosial inteqrasiya proqramları da daxildir.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun sözlərinə görə, otuz il ərzində dünyanın müxtəlif tribunalarından "qaçqınlar", "məcburi köçkünlər", "didərginlər" kimi təqdim olunan Azərbaycan vətəndaşları artıq yeni hüquqi kimlik qazanırlar. Onlar daha yardım alan insanlar deyil, öz torpağının, evinin və gələcəyinin sahibi olan qalib xalqın nümayəndələridir.
Deputat bildirib ki, qanun layihəsi Vətən müharibəsində qazanılan Qələbənin hüquqi nəticəsi olmaqla, məcburi köçkünlük dövründən Böyük Qayıdış mərhələsinə keçidi təsbit edir. Onun sözlərinə görə, qanun layihəsi qalibiyyət dövrünün reallıqlarına uyğun məcburi köçkünlərin uzunmüddətli köçkünlük vəziyyətindən çıxarılaraq, daimi yaşayış və sabit həyat şəraiti ilə təmin olunmasının dəqiq hüquqi mexanizmlərini yaradır. Yeni hüquqi tənzimləmə müvəqqəti məskunlaşma modelini daimi məskunlaşma və mülkiyyət hüququ ilə əvəz edir, bununla da işğaldan azad edilmiş ərazilərə qayıdan məcburi köçkünlər öz evlərinin tamhüquqlu sahibi olurlar. Qanun layihəsi mülkiyyət hüququnun təmin olunması, daimi məskunlaşmanın təşviqi və sosial müdafiə tədbirlərinin davamlılığının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Yuxarıda qeyd etdiyimiz kimi, Vətən müharibəsindən sonra dövlət üçün əsas prioritet Böyük Qayıdış proqramı çərçivəsində azad edilmiş ərazilərin sürətlə yenidən qurulması, insanların öz doğma yurdlarında məskunlaşmasıdır. Vətən müharibəsindən sonra keçən qısa müddətdə işğaldan azad olunan ərazilərimizdə 85 mindən çox vətəndaşımız məskunlaşıb.
Bu gün həmin ərazilərdə uzun illər ağır şəraitdə yaşayan insanlarımız üçün yüksək səviyyədə bütün lazımi şərait yaradılır. Şəhərsalma ən müasir konsepsiyalar tətbiq edilməklə aparılır, "Ağıllı kənd"lər, "Ağıllı şəhər"lər qurulur. Mənzil təminatı, müasir infrastrukturla yanaşı, həm də məşğulluq məsələsi prioritet istiqamətdir, yeni iş yerləri, geniş istehsalat və kənd təsərrüfatı potensialı yaradılır. Bütün bunlar bir daha onu nümayiş etdirir ki, Azərbaycan dövləti öz vətəndaşının yanındadır, onun rifahı, daha yaxşı şəraitdə yaşaması üçün çalışır.
PƏRVANƏ



