|
|
|
|
Camilərindən ucalan əzanla başlar həyata bu şəhər. Kim oxuyursa oxusun Sultan Ahmetin, Süleymaniyyənin minarələrindən müəzzin Nəbinin səsi yayılır ətrafa. İnsanlar nəfəsi camilərdə alır, sabahı sübh namazı ilə açır burda.
Əsrlərdir bu səslə bəslənir Topqapının, Ayasofiyanın sultan çinarları, göz yaşına dönüb Egeyə doğru axan Mərmərə. Bu səsin sehriylə martılar, göyərçinlər alatorandan pırrr deyə özgürcə uçur, vapurların fit səsləri danı sökür. Günəş də məmnun-məmnun altın işıqlarını bu səsin həyəcanıyla saçır. Yunus İmrə misalı, zaman burdan başlayır, "Allah deyə-deyə". Bir ingilis səyyahı vaxtilə "İksir içirən çiçək" deyə bəhs edib İstanbuldan. Bu çiçəyin ətrini içən ölümsüzdür deyib.
Bir rəssamın tablosu kimidir bu divanə şəhər. Kimi sükunət içində yeriyir burda, kimi gözləri qapalı dinləməyi sevir, kimi çılğınca, yolun tam ortasında ney çalaraq yaşayır İstanbulu. Bənzətmələrimi Sultan Ahmet camisində Mustafa dədənin sözü ilə davam etdirim: "Bizim İstanbul tutqumuz ahşap bir evin yanğını kimidir, heyy tutuşur yanırız". Bir də bu tabloya Nazim Hikmətin ceviz ağacına çevrildiyi Gülhanə parkından, ya da Çamlıca təpəsindən günün batışına baxar kimi baxasan. Burda dənizlər sevdaya axar, gəmilər sevdaya üzər, dalğalar sevdaya vurar, quşlar sevdaya uçar pırıl-pırıl, burda hər kəs sevdalı...
Dəniz kənarından Kızkulesinə boylandım, kulenin qapısında bağbanı gözləyən qara qaşlı, qara saçlı, qara baxtlı qızı axtardı gözüm. Səbətin altına ilan, üstünə üzüm yığıb o məsum qızı öldürməyə gedən bağbanı yoldan etmək keçdi içimdən. Əsrlər gecikmişdim nəysəki. Bir də istehkam surları çəkir insanı. Düşmənin dizini yerə gətirən qala hisarları. Hələ də hücum əmri gözləyir sanki. Fatih Sultan Mehmet xan Topqapı önündədir, İstanbulun fəthindən sonra atıyla bərabər Qara dənizin qoynuna atlanacaq kimi. "İstanbulu necə fəth etdiniz?" deyə sormuşlar zamanında ondan. O da: "Öncə o mənim könlümü fəth etdi, sonra da mən onu" deyə cavab vermiş. Bu mənzərədə Çanaqqalanın Eceabad bölgəsində Osman Necat Taluer dədə ilə söhbət edərkən onun torpaq haqqında söylədiyi fikri xatırladım: "Evladım, torpaq dediyin dişidir, qadındır. Təbii ki, bir qadına sahib olmaq, onu qorumaq üçün savaşacaqsan, qan tökəcəksən". İşin sirri də bu. Türk dediyin, torpağı qadın kimi sevirmiş, savaş meydanına eşq meydanı kimi girirmiş. Onun üçün də düşmənə qarşı bu qədər savaşcı, barışmaz və acımazdır. Qoynunda milyonlarla məhmətciyin uyuduğu bu məmləkəti və insanını anlamaq üçün Osman dədənin bu kəlməsi yetər. Qat-qat mədəniyyətlərə sahib sultanlar şəhərini əsrlərdir səyyahlar, rəssamlar, şairlər, bu sevdaya tutulanlar vəsf etsələr də heç nə deyə bilməyiblər. Demək ki, mənim də özümü yormağa dəyməz...
Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı bayrama qatılanlar arasında bizim qrup da vardı, sevda yolçuları kimiydik, sevdamız yetərdi bizə. Dünya İstanbula axışmışdı o günlər. Dörd bir tərəfdən Osmanlı dövlətini yer üzündən silməyə gələn döyüşçülərin övladları, nəvə-nəticələri yüz il sonra "Barış ümidləri bitməyib" şüarı ilə dədələrinin uyuduğu torpağı yad etməyə, salam verməyə gəlmişdilər. Yeddidən yetmişə deyil, doqquzdan doxsana qədər, qoltuq ağaclarında, əl arabalarında, çəliklərinə dirənərək gəlmişdilər. Bu, dinindən, irqindən asılı olmayaraq bütün insanların sülh arzusunda olduğunu ifadə edən çox qəribə tablo idi. İçlərində kin-nifrət deyil, sevgi gətirmişdilər. Savaşdan sonra Atatürkün tapşırığı ilə aralarında anzaklar, ingilis-fransızlar, alman və yunanlar olmaqla bu torpaqda can verən hər kəs məhmətciklə bərabər hörmətlə anıldı, onlarla bir yerdə, eyni məzarlıqda dəfn edildi və yüzildir məzarları üstünə gül-çiçək dəstələri düzülür, heç bir fərq qoyulmadan. Mustafa Kamal Paşa o zaman bütün ölkələrin rəhbərlərinə xitab etmişdi: "Sizin əsgərləriniz bizimlə savaşmağa gəlirkən düşmənimiz idi. Bu torpaqda canını qurban etdiyi andan bizim şəhidimizdir, onlar artıq bizə əmanətdir. Hər bir məhmətcik kimi onlar da bu torpağın şəhididir" demişdi. Tarixçilər və tarixlə maraqlananlar bilir. İndiyədək dünyanın heç bir dövlətində nə belə bir çağırış, nə də belə bir komandan olub.
Biz də şanslılar sırasında idik, o tarixi günü bərabər paylaşacaqdıq can qardaşlarımızla. Türkiyənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) əməkdaşlarının rəhbərliyi və iştirakı ilə erkəndən Çanaqqalaya - bir devrin batdığı tarixi yerə yol aldıq. Xatırladaq ki, Çanaqqala boğazı Ege dənizindən Mərmərə dənizinə uzanan ən dar su yoludur. Avropa və Asiyanı birləşdirən, dünyanı qovuşduran nöqtədir. Antik zamanlarda troyalılar gözəl tanrıça Helena üçün burada savaşmış, İskəndər buradan keçmişdir. 1915-ci ildə Çanaqqalaya sahib olmaq üçün üç imperatorluğun ordusu bura toplaşmışdı. Meydanda ingilislər, almanlar, fransızlar, avstraliyalılar, yunanlar, ruslar, qarşılarında isə vətənlərini sevən, ondan əsla vaz keçməyən türklər vardı. Vaxtilə Napaleon: "Dünyanı ələ keçirmək istəyən İstanbul və Çanaqqala boğazlarını əldə etməlidir" demişdi.
Beləcə, yolumuz Eceabada doğru idi, oradan Çanaqqalaya gedəcəkdik. Yolboyu TİKA-nın əməkdaşları Fatih Karaca bəy, Ümid bəy və Murad bəylə bir andaca doğmalaşdıq, tariximizdən, bölgələrimizdən danışdıq, necə deyərlər yüz illərin həsrətini atlatdıq. Gözəl bir ortamda mini avtobusumuzla bərabər feribota minərək Mərmərə dəniziylə səfərimizə davam etdik. Bu vaxt dənizin qoynunda ağır tankerlər göründü, əsl savaş gəmiləri idi. 1915-ci ildə tarixə dünyanın ən böyük dəniz müharibəsi kimi adını yazdıran ingilis, alman, fransız savaş gəmiləri yüz il sonra, bizdən bir az aralıda, az qala əlimiz çatacaq qədər yaxında boğaza doğru irəliləyirdilər. Yaxınlaşdıqca üzərlərinə yazılan şüarlar göründü: "Barış umutları tükenmedi".
Çox tükürpədən mənzərə idi, qürurdan köksümüz qabarırdı. Sanki Türkiyədən üzr diləməyə gəlirdilər. Bir anlıq yüzil öncəyə gedir xəyalım. Bu böyüklükdə savaş gəmilərinə və texnikaya Türkiyə dövləti nə o zaman sahib idi, nə də indi. Elə isə necə olub ki, bir-iki top-tüfənglə bu nəhəng gəmiləri sonuna qədər dənizin dibinə yola salıb, düşməni Türkiyə torpaqlarından silib atıblar. Cavabı tapmaqda çətinlik çəkmədim. Osman dədənin sözlərini xatırladım. Türklər vətənlərini qadın kimi, namus kimi sevirlər, ona əl uzadılmasını namuslarına sığışdırmırlar, ölümü ondan üstün tutublar. Bəli, Çanaqqalada türk məhmətləri komandanlarından sadəcə ölmək əmri aldılar və tarixə birinci və hələki sonuncu olan "Sipər savaşı" səhifəsini yazdılar. Ağappaq məzarlıqda kəfənsiz yatan o əcdadlar türk tarixinin şanlı qullarıdır.
İnsan ayağını yerə basmağa ehtiyat edir, onların ruhlarını incitməkdən qorxar kimi. Bu düşüncələrlə Çanaqqala isgələsinə yetişdik.
“Kırık bir ovanın üzerine kar düşer
Kar tanesi dolu alacakaranlıkta
Beyaz toprak gökle birleşir.
Zayıf boynuna zincir dolanmış
Yaralı ve aç bir kurt gibi,
Türk ölmek için ayaklanır".
"Çanaqqala Zaferini Qarabağa taşıyalım"
Rəhbərimiz Fatih Karaca bəy dedi ki, Bakıdan və Qarabağın Ağdam bölgəsindən şəhid övladları olan məktəblilər Çanaqqala bayramını kutlamaq üçün bir azdan iskələyə gələcəklər və biz də onları burada qarşılayacağıq. Kiçik dəniz vağzalı adlanan iskələ həm də geniş parkdır. Hava çox gözəldi, iskələ insanlarla dolub-daşırdı, bayrama gələn xaricilərin əlindən də tərpənmək mümkün deyildi. Bir az aralıda dədələrinin məzarını ziyarətə gələn otuza qədər yeni zelandiyalı gənc dairə qurub şəhidlərin xatirəsinə elə ilahilər oxudular ki, ətrafda gözü yaşarmayan qalmadı. Bu möhtəşəm göstəridən sonra qonaqlar bayram meydanına yola düşdülər. Bir azdan iskələ yenidən canlandı.
Ağdam rayonunun Bakıda məskunlaşan 149 saylı qaçqın orta məktəbinin və Bakının Xəzər rayonu H.Z.Tağıyev adına 123 nömrəli orta məktəbinin bir qrup şagird və müəllimləri əllərində al-qırmızı Azərbaycan və Türkiyə bayraqları "Çanaqqala Zəfərini Qarabağa daşıyalım" şüarları ilə meydanı sardılar.
Mənzərə o qədər gözəldi ki, sürətlə harasa tələsən insanlar bir anın içində azərbaycanlı məktəblilərin başına toplaşdı, qan qardaşı, can qardaşı deyə qarşılıq verir, əlimizdəki üçrəngli bayraqları bizdən alıb sevgiylə dalğalandırırdılar. Məktəblilər Çanaqqalaya, Vətənə və Qarabağa aid şeirlər söyləyir, "Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı" deyərək şüarlar səsləndirirdilər. Biz də onlara söylədik ki, Qarabağın baş tacı olan Şuşada Çanaqqala adlı yamac var. Oradan bütün Qarabağ və Topxana meşəsi ovuc içi kimi görünürdü. Ən böyük arzumuz ikinci Çanaqqala zəfərini Şuşanın Çanaqqala yamacında keçirməkdir. Bir gün türk dünyası ora toplaşsın, Zəfər bayramı kutlasın. Onlar da amin deyərək səsimizə səs verir, bir gün itirdiyimiz bütün torpaqlara sahib çıxacağıq deyə bizi güclü olmağa çağırırdılar.
Çanaqqala zəfərinin bayramı qəribə tarixə təsadüf etmişdi. Dünyanın ovuc içi boyda Ermənistan adlı terrorçu ölkəsində saxta soyqırım günü elan edilərək oradan dünyaya kin, nifrət və ədavət püskürürkən eyni gündə Türkiyədə Zəfər bayramı qeyd edilir və dünyanın 21 ölkəsinin dövlət başçısı və yüzədək ölkənin rəsmi nümayəndələri dünyaya "Barış ümidləri tükənmədi" deyə sülh, sevgi, insanlıq mesajları göndərirdi. Hər millət özündə nəyi bəsləyirsə dünyaya da onu paylayır. Diqqətimi çəkən və qürurla ifadə etdiyim ən maraqlı məqam İngiltərə şahzadəsinin İstiqlal Marşı çalınarkən sona qədər hərbi sayğı duruşunda dayanması idi. Liderlər həmin gün dünyanı məhz Türkiyədən sevgiyə, dostluğa, barışa çağırdı.
Liderlərini daşıyan karvan bayrağımızın qarşısında dayandı
Axşama doğru idi, Çanaqqaladan İstanbula gəlirdik. Bu qəhrəman şəhəri axşam işıqlarında seyr etməyin də bir başqa aləmi vardı. Ulduzlar Mərəmərəylə sevişir kimiydilər, dəniz sevincindən dolub daşırdı. Bir az dincəlmək üçün qayıdan baş Eceabadda bir yol kənarında düşməli olduq. Yola düzülmüş polis nəfərlərindən öyrəndik ki, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və İngiltərə şahzadəsi daxil olmaqla Türkiyəyə qonaq gələn dövlət və hökumət rəhbərləri karvanla buradan keçərək Sebdül-bahirə axşam ziyafətinə gedəcəklər. Qərara aldıq ki, maşınımızda olan Azərbaycan-Türkiyə bayraqları ilə onları salamlayaraq, qardaş ölkə kimi sevgi və sayğılarımızı ifadə edək. Çox keçmədən böyük bir karvan bizə doğru gəlirdi.
Əllərimizdə iki ölkənin bayraqları karvana salam vermək üçün qeyri-rəsmi sayğı duruşuna düzüldük. Bu zaman gözləmədiyimiz an baş verdi. Avtobus qarşımızda dayandı, qapılar açıldı və Türkiyə prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan alqış şüarlarımız altında avtobusdan enərək yanımıza gəldi, salam verdi:
"Hayırlı akşamlar çocuklar, iyimisiniz, burda ne yapıyorsunuz? Əliyev kardeşim buradaydı, bir az önce vatana döndü. Nerde kalırsınız, ne zaman döneceksiniz?", deyə soruşdu. Biz də: "Sizi salamlamaq üçün buradayıq" dedik. Sonra da bizimlə bir az söhbətləşdi, xeyli şəkil çəkdirdi və hamımızla ayrıca sağollaşıb avtobusa mindi. Türkiyə prezidenti və dünya liderlərini daşıyan karvan o axşam Azərbaycan bayrağına hörmət və sevgi əlaməti kimi dayandı. Sevgi və can-qan bağlılığımız buram-buram çiçəkləmişdi içimizdə.
Ərdoğan da, biz də halımızdan çox məmnun idik. Yorğun olmamıza baxmayarq bayrağımızın karvanını dayandırmasını yüz cür kəlməylə ifadə edib sevincdən çiçək-çiçək açırdıq. Gerçəkdən, sevgi, sayğı, barış, dostluq varkən nədən dünya nifrət, kin, insanlığı məhv etmək üçün silah-sursat istehsal edir?! Biz ikinci Çanaqqala zəfərini qazanmış kimi İstanbula yolumuza davam etdik. Sabah İstanbulun lalə devrinə gedəcəkdik - iksir içirən çiçəklərə.
Rəsmiyyə QARAYEVA
Bakı-İstanbul -Bakı