"Birinci Avropa Oyunlarının davamlı inkişaf yolunda olan Azərbaycanda keçirilməsi bir çox düşmənlərimizi narahat edir. Bu narahatlığın səbəbi aydındır. Türk dövlətlərinin güclənməsi, onların dini və milli tolerantlığı, iqtisadi və siyasi müstəqilliyi bununla razılaşmaq istəməyən Qərb dairələrini məmnun etmir".
Bu barədə "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov Avropa Oyunları əleyhinə bəzi dairələrin tənqidlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ABŞ başda olmaqla, əsas Qərb ölkələri İraqda, Suriyada, Əfqanıstanda, Yəməndə və digər müsəlman ölkələrində həyata keçirdikləri dağıdıcılıq siyasətini Azərbaycanda da gerçəkləşdirməyə çalışırlar:
"Bu məqsəddən irəli gələrək, Azərbaycana qarşı fəaliyyətlərini gücləndirməyə başlayıblar və belə məsələlərdə irəli verdikləri beynəlxalq təşkilatları hərəkətləndiriblər. Azərbaycan əleyhinə aparılan bu kampaniyanın başında kimin dayanmasından asılı olmayaraq, onların fəaliyyəti heç bir nəticə verə bilməz.
Azərbaycan dövləti bu kimi planları alt-üst edə biləcək gücdədir və ona qarşı düşmənçilik etməyə qalxanların cavabını hər zaman layiqincə verməyə hazırdır".
Müstəqil ekspert Əlabbas Məhərrəmov Birinci Avropa Oyunlarının sabotaj edilməsinə yönəlik təşəbbüslərin heç bir nəticə verməyəcəyi bildirib.
Onun sözlərinə görə, Azərbaycana qarşı əks münasibətləri ilə seçilən beynəlxalq təşkilatların başlatdığı kampaniya Birinci Avropa Oyunlarının təşkilinə hər hansı təsir göstərmək gücündə deyil:
"Azərbaycana qarşı şəbəkələşmiş qüvvələr də artıq Avropa Oyunlarını pozmağa yönəlmiş fəaliyyətlərinin nəticəsiz qalacağını görməkdədirlər. Azərbaycan təşkilatçı ölkə olaraq, Birinci Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsi üçün bütün təşkilati-hazırlıq işlərini uğurla başa çatdırıb. Yarışların təşkili üçün zəruri infrastruktur yaradılıb, yeni idman arenaları və qurğuları tikilib.
Eyni zamanda, Avropa Oyunları ərəfəsində və yarışların keçirildiyi günlərdə Azərbaycana səfər edəcək xarici turistlərin yerləşdirilməsi və rahatlıqları üçün lazımi işlər görülüb. Avropa Oyunlarının startına bir aydan da artıq vaxt qaldığını nəzərə alsaq, o zaman bu istiqamətdə həyata keçirilən işlərin daha da təkmilləşdiriləcəyi şübhəsizdir.
Bildiyiniz kimi, Avropanın bütün ölkələri bu yarışlarda geniş nümayəndə heyətləri ilə qatılacaqlar və biz Azərbaycanda böyük idman tədbirinə uğurla ev sahibliyi edəcəyik. Avropa Oyunlarına qarşı xaricdə başladılan, daxildə də bəzi dairələrin iştirak etdiyi kampaniyanın isə bu tədbirə hər hansı təsiri ola bilməz.
Bunu həmin kampaniyanın sifarişçiləri və icraçıları da artıq başa düşməkdədirlər".
Turizm üzrə ekspert Azər Bayramova görə, Birinci Avropa Oyunlarının təşkili dönməz prosesdir və uğurla da başa çatdırılacaq.
O deyib ki, beynəlxalq yarışmaların keçirildiyi şəhərlərə hər zaman digər dünya ölkələrinin diqqəti eyni bir nöqtəyə cəmləşir. Avropa Oyunlarının məhz ilk dəfə keçirilməsi isə paytaxtımız Bakıya olacaq diqqəti bir az da artıracaq.
O qeyd edib ki, "Eurovision 2012" musiqi müsabiqəsinin ardınca bu böyük idman yarışmasına ev sahibliyinin Bakıya həvalə olunması, ölkəmizdə stabil və sakit həyatın davam etdiyinin göstəricisidir:
"Bilirik ki, münaqişə zonaları və ya siyasi problemlər yaşanan bölgələrdə turizmin inkişafı mümkünsüzdür.
Dolayısıyla ölkəmizin dünyada artıq təhlükəsizlik baxımından etibarlılıq, güvən qazanmasını tam əminliklə söyləyə bilərik. Birinci Avropa Oyunları Azərbaycanın ölkə xaricində tanınmağından əlavə, ölkə daxilinə səfər edəcək qonaqlarımıza tarixi və mədəni irsimizin tanıdılması cəhətindən də çox böyük dividendlər qazandıracaqdır. Xalqın qonaqpərvərlik, dövlətimizin isə multikulturalizm siyasətinin vəhdəti, bizi dünyaya tolerantlıq məskəni kimi bir daha tanıdacaq".
Ekspert vurğulayıb ki, bu oyunların Bakıda keçirilməsi turizmdən əldə olunacaq gəlirlər vasitəsiylə ölkə iqtisadiyyatının canlanmasına təkan olacaq:
"Otel və idman məkanlarının həm tikintisində, həm də fəaliyyətində minlərlə insanımız çalışıb və çalışacaq.
İdmançılara xərcləniləcək büdcə də məhz ölkə daxilində dövr edəcək. Yay ayları həm də çimərlik mövsümü olduğu üçün ümumilikdə 30 mindən çox turistin Azərbaycana gələcəyini düşünürəm. Hər turistin orta hesabla 1500-2000 manat vəsait xərcləyəcəyi halda, respublikanın turizmdən azı 30 milyon manatdan çox gəlir əldə edəcəyi gözlənilir. Bütün bu məqamları ümumiləşdirərək deyə bilərəm ki, Birinci Avropa Oyunları Azərbaycana geosiyasi və strateji dividendlərdən əlavə, həmçinin mədəni və iqtisadi baxımdan da öz müsbət faydasını verəcək".
PƏRVANƏ