Bayram şənliklərində çiçəkli bitkilərdən necə istifadə etməli?
Çağdaş dünyamızda yeni-yeni bayram şənliklərinin, gül bayramlarının, floristik festivallarının və digər bu tipli tədbirlərin keçirilməsi geniş yayılıb. Hər il dünyanın müxtəlif guşələrində təşkil olunan belə tədbirlərdə insanlar güllərdən, çiçəklərdən və bitkilərin yerüstü əlvan rəngli orqanlarından ibarət bəzəkli iri kompozisiyalar yaradır, çiçəklərdən, hətta dibçək güllərindən düzəldilmiş müxtəlif formalı milli ornamentlər, butalar, xalçaçılıq elementləri, mifik qəhrəmanların portretlərinə bənzər əl işləri nümayiş olunur. Tərtibat işlərinin bu cür ciddi şəkil alması, şübhəsiz ki, insanların təbii zövqünün formalaşması üçün müsbət hadisədir. Bu zaman ən çox təbii çiçəkli bitkilərdən istifadə olunur.
Belə ənənəvi tədbirlər Azərbaycanda da təşkil olunur və adətən ən çox istifadə olunan bitkilər çoxusu xarici ölkələrdən gətirilir. Fikrimizcə, bu sahədə Azərbaycanın yabanı bitkilərindən - Azərbaycan florasında qeydə alınan 4500-ə qədər bitki növündən, yaz çiçəklərindən, çoxillik yabanı ot bitkilərindən, illərlə öz rəngini və ətrini saxlayan quru çiçəklərdən (məsələn, solmazçiçək (ödotu), boymadərən və s.) istifadə etmək daha məqsədəuyğun olardı. Bu zaman "5-ci fəsil bitkilərindən", yəni müxtəlif nərgiz və dibçəklərdə yerləşdirilmiş dağ laləsi, novruzgülü növlərindən, habelə, kulturaya gətirilib Abşerona introduksiya edilmiş bitkilərdən istifadə etmək mümkündür.
Apardığımız təcrübələr göstərir ki, Abşeron şəraitində lobulariyanın çiçəkləmə müddəti növ və variyasiyalardan asılı olaraq 165-225 gün , yəni 7 aydan çoxdur. Lobulariyanın çiçəkləri tikmə-naxışa -"krujeva"lara bənzəyir. Çox xırda ağ və bənövşəyi çiçəkləri salxım çiçək qrupunda toplanır. Onları müxtəlif işləmələrdə, eyni zamanda bağ vazalarında, klumbalarda, hətta eyvanlarda yerləşdirmək məsləhətdir.
Sıxçiçək sığırquyruğu növünün toxumları Toxum Mübadilə Siyahısı (Delektus Seminum) ilə Almaniyadan alınıb, AMEA-nın Mərkəzi Nəbatat Bağının təcrübə sahəsində (2003-2011) ilk dəfə tərəfimizdən İntroduksiya edilib və növün ontogenezi öyrənilib. Onun vegetasiya müddəti 16 ay davam edir və təxminən 80 gün müddətində çiçəkləyir. Bu bitkidən tək-tək və qrup halında bəzək bağçılıqda istifadə etmək daha məqsədəuyğun olardı.
Qeyd edək ki, Abşeron şəraitində müxtəlif çiçək kompozisiyalarında istifadə olunması üçün tərəfimizdən 45 növ çoxillik yabanı bitki (o cümlədən, 7 növ tək-tək, 10 növü qrup şəklində, 4 növü çəmənçilikdə, 12 növ alpinariya üçün, 4 növ yaşıl bardür üçün, 6 növ gül dəstəsi üçün) məsləhət görülüb. Təbiətdən götürülən bitkilərin tədarükündə sistemsizliyə yol verilməməlidir. Bunun üçün yabanı bitkilərin taksonomik tərkibini müəyyənləşdirmək, onların arealını, morfoloji, anatomik quruluşunu öyrənmək, Abşeron şəraitində intraduksiya etmək, bu bitkilərin əhəmiyyətini, qorunmasını, səmərəli istifadə edilmə prespektivliklərini aşkara çıxarmaq və mühafizəsini təmin etmək lazımdır. Buraya yerli floradan, müxtəlif uyğun regionlarından gətirilmiş yeni növlər də daxil etmək olar. Elmi ezamiyyət və ekspedisiyalar zamanı respublikanın əksər rayonlarında müşahidələr aparmışam. Bu müşahidələr zamanı ilin bütün mövsümlərində yabanı bitkilərin vegetasiya müddətinə diqqət yetirmişəm və müəyyən qənaətlərə gəlmişəm. Bu qənaətə gəlmişəm ki, seçilmiş növlərin müxtəlif regionlarda yetişməsi üçün münbit zolağın müəyyənləşdirilməsi həmin növlərin müqayisə imkanlarını artırmış olar. Bundan əlavə, Şabran rayonunun Çinarlar, Nohurlar, Lerikin Misdan, Naxçıvanın müxtəlif regionundan, Şəki Regional Elmi Mərkəzinin tədqiqat obyektlərindən, Aran zonasından əldə olunan geofit bitkilərindən, səhləblərdən, quruçiçəklərdən, eləcə də digər çiçəkli və əlvan rəngli bitkilərdən istifadə etmək yerinə düşər.
AMEA-nın Mərkəzi Nəbatat Bağının kolleksiyalarından perspektivli dekorativ növləri müəyyənləşdirib lazım olan məlumatlar əldə etmək mümkündür. Birinci növbədə hər bir regionun ot bitkilərinin növ tərkibini müəyyənləşdirmək, onların arealını və bitdiyi şəraiti öyrənmək, öyrənilən növlərin relyefi, taksonamiyası və fenologiyasını, kütləvi çiçəklənmənin müddətini təyin etmək lazımdır. Sonrakı mərhələdə kolleksiya məqsədilə növlərin toxum və herbari materiallarını toplamaq, bu materialların cinslər üzrə geniş kolleksiyasını yaratmaq, yabanı növlərin kulturada bioekoloji xüsusiyyətlərini, adaptasiya dərəcəsini öyrənmək, seçilmiş növlərin boy və inkişafını, vagetativ və generativ orqanların istifadə ediləcək fəsillər (aylar) üzrə ölçülərini müəyyən etmək məqsədəuyğun sayılır.
Bitkilərin tətbiqi zamanı onların floristik istifadə olunma qaydalarını müəyyən edib təkliflər hazırlamaq və başqa bu kimi qaydaları öyrənmək üçün ölkəmizdə fəaliyyət göstərən müxtəlif elmi-tədqiqat müəssisələri, rəsmi ekoloji qurumlarla əməkdaşlıq etmək də mümkündür. Bundan əlavə, özəl gül salonlarının, çiçək bazarı həvəskarlarının müxtəlif təkliflərini dinləmək də səmərəli ola bilər.
Xosrov NATİL