"Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq Vətənimizin hər bir uğuru bizi hədsiz sevindirir. İlk Avropa Oyunları kimi beynəlxalq idman tədbirinə Azərbaycanın ev sahibliyi etməsi bizim üçün fəxrdir. Bu, ölkəmiz üçün möhtəşəm uğurdur".
Bu barədə bizimlə söhbət zamanı Azərbaycan-Latviya Dostluq Birliyinin sədri Azər Abbasov deyib.
Onun sözlərinə görə, bu kimi tədbirlərin Azərbaycanda keçirilməsi xaricdə yaşayan azərbaycanlılar üçün ikiqat sevincdir:
"Çünki Azərbaycanda hər belə beynəlxalq səviyyəli tədbir keçiriləndə ölkəmiz daha da tanınır. Belə olduqda bizim də fəxrlə Azərbaycan haqqında danışmağa daha çox sözümüz olur. İnanıram ki, "Bakı-2015"-dən sonra Azərbaycanın beynəlxalq aləmdə səviyyəsi daha da yüksələcək. Eyni zamanda dünya xalqları, eləcə də latviyalılar Azərbaycanın hansı gücə malik olduğunu görəcəklər".
Avropa Oyunları ilə bağlı Latviyada hansı təbliğati işlərin görülməsinə də toxunan A.Abbasov deyib ki, Azərbaycanın Latviyadakı səfirliyi tərəfindən ilk Avropa Oyunları ilə bağlı təbliğat xarakterli tədbirlər və görüşlər keçirilməkdədir:
"Səfirlik, eyni zamanda bu və digər istiqamətdə görülən işlərdə biz gənclərə, eləcə də diasporumuza öz dəstəyini əsirgəmir. Fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Latviyadakı səfiri Elman Zeynalova buna görə təşəkkürümü bildirirəm.
Biz Latviya-Azərbaycan Dostluq Birliyi olaraq, ümumiyyətlə, Azərbaycanın milli-mənəvi dəyərlərinin, tarixinin təbliği, həmçinin ölkəmizin əlamətdar günləri ilə bağlı tədbirlər keçiririk. "Bakı-2015"-ə saylı günlər qalır deyə, əsas təbliğati işimizi bu istiqamətdə aparırıq. Belə ki, Riqa və digər şəhərlərdə ilk Avropa Oyunlarının Azərbaycan guşələri təşkil olunur. Xüsusən ilk Avropa Oyunlarının Latviya mediasında təbliğatını gücləndirmişik. Latviyada ayda bir dəfə efirdə olan radio vasitəsilə "Bakı-2015" haqda məlumatlar verir, eyni zamanda diaspor xəbərləri yayımlayırıq. Həmçinin Latviyanın nüfuzlu mətbuat orqanlarında ilk Avropa Oyunları haqda yazılar dərc etdiririk. Bu yaxınlarda Latviyanın "Valmiera24" qəzetində və saytında (valmiera.pilseta24.lv) "Azərbaycan ilk Avropa Oyunlarına hazırdır" adlı məqaləmiz dərc olundu. Məqalədə Azərbaycan, eləcə də ilk Avropa Oyunları ilə bağlı ətraflı məlumat verilib. Növbəti günlərdə Latviyanın daha bir neçə KİV-ində "Bakı-2015"lə bağlı yazımız veriləcək.
Ümumiyyətlə, bu istiqamətdə tədbirlərimizi daha da çoxaltmışıq. Çalışırıq ki, bu təbliğat, əsasən, kütləvi xarakter alsın".
Latviyalılarda ilk Avropa Oyunları haqda hansı fikrin formalaşmasına da münasibət bildirən A.Abbasov bildirib ki, latviyalılar "Bakı-2015" haqqında kifayət qədər müsbət düşüncədədirlər:
"Bu baxımdan Latviyadakı səfirliyimiz və diasporun təbliğatı öz effektini verib. Ümumiyyətlə, Azərbaycan haqqında yerli xalqda pozitiv mövqe formalaşıb. Onlar böyük həvəslə beynəlxalq idman aləmində mühüm hadisə kimi tarixə düşəcək ilk Avropa Oyunlarının başlanmasını gözləyirlər. Qeyd edim ki, "Bakı-2015"ə Latviyanın 70 idmançısı qatılacaq. Latviya Olimpiya Komitəsi tərəfindən bu istiqamətdə ciddi hazırlıq işi gedir. Ayrıca "Bakı 2015"in açılış və bağlanış mərasimləri, eləcə də yarışlar Latviyanın LTV kanalı vasitəsilə də canlı yayımlanacaq. Beləcə, "Bakı-2015"ə baxmağa gələ bilməyən latviyalılar efir vasitəsilə bu Oyunları birbaşa izləmiş olacaqlar".
İndoneziyada beynəlxalq münasibətlər və siyasi elmlər üzrə magistr təhsili alan, diaspor fəalı Elmar İskəndərov Avropa Oyunlarının müstəqil Azərbaycan tarixində ən mühüm hadisələrdən biri kimi qiymətləndirib:
"Öz əhəmiyyətinə və miqyasına görə Birinci Avropa Oyunlarını Olimpiadaya bərabər sayıram. İndoneziyada yarışlar haqda məlumatlı olan hər kəs deyir ki, Oyunlar qlobal xarakter daşıyır. Əcnəbilərlə, indoneziyalılarla bu mühüm tədbir haqqında söhbət edəndə onlar bir məsələyə heyrətlərini gizlətmirlər.
Bu qısa zamanda bütün infrastrukturun hazır olmasıdır. Olimpiadaya hazırlıq üçün digər ölkələrə 7-8 il vaxt verildiyi halda Azərbaycan 2 il yarım ərzində yarışların keçirilməsi üçün bütün işləri görüb tamamladı. Bu doğrudan da bəzilərinin kiçik dövlət kimi baxdığı Azərbaycan üçün böyük nailiyyətdir. Təkcə bir məqamı deyim ki, Braziliya futbol üzrə son dünya çempionatına uzun illər hazırlaşsa da stadionlar digər tikililər yüksək səviyyədə olmadı. Hətta son aylara qədər yarışın Braziliyadan alınacağı barədə söz-söhbətlər yayıldı buna səbəb tikililərdə axsamaların olması idi. Qısası, Bakı artıq Avropanı təəccübləndirib bu istiqamətdə. Qalıb yarışların yüksək səviyyədə təşkil olunması ki, buna da əminəm ki, hər şey yüksək səviyyədə olacaq".
E. İskəndərov deyib ki, Azərbaycan bu uğurlu hazırlıq işləri ilə digər sahələrdə də istənilən nəticəni belə qısa zamanda əldə edə biləcəyi mesajını da vermiş oldu:
"Bu gün Avropa Olimpiya Komitəsi rəsmiləri, rəhbərlərinin ölkəmizdə görülmüş işləri yüksək qiymətləndirilməsi haqqında dəfələrlə media yazıb, açıqlamaların şahidi olmuşuq.
Oyunlar başlamamış deyə bilərəm ki, Azərbaycan istənilən səviyyədə, hətta aylarla çəkə biləcək beynəlxalq yarışları belə təşkil etmək gücündədir. Oyunlar zamanı yüksək təşkilatçılıq, insanlarımızın tolerantlığı, mehriban qonaqpərvər Bakı sakinlərinin turistlərə sərgiləyəcəyi münasibət və digər məqamlar mənim dediklərimə əyani sübut olacaq. Mən ölkəmlə İndoneziyada fəxr edirəm və hər kəsə burada aşılayıram, faktlarla sübut edirəm ki, ölkəmiz güclü, heç kimdən asılı olmayan, tam müstəqil siyasət yürüdən, istənilən təzyiq və təhdidlərə cavab verməyi bacaran dövlətə çevrilib. Siyasi cəhətdən güclü bir ölkənin keçirəcəyi beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunacağına şübhə etmək olmaz.
Təhlükəsizlik də əminəm yüksək səviyyədə olacaq və Bakıya gələcək idman ictimaiyyəti, turistlər ölkəmizdən xoş təəssüratla ayrılacaqlar. İndoneziyada əlimdən gələni edəcəyəm ki, burada təbliğati işlərdə töhfəmi verəm. Artıq gənclər, tələbələr arasında bir sıra təbliğati işlər də aparmışam. Bəzi tələbələri çıxmaq şərti ilə əksər tələbələr Azərbaycan haqqında məlumatlı olduqlarını deyirlər, Avropa Oyunlarının ilk dəfə Bakıda olmasını ölkəmiz üçün böyük uğur olduğunu düşünürlər. Hətta əksər tələbələr "Bakı-2015"in başlanmasını səbirsizliklə gözlədiyini deyirlər. Onlar internet və televiziya vasitəsi ilə Oyunları izləyəcəklər".
PƏRVANƏ