- Siyavuş müəllim, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına çox az vaxt qalır. Bu oyunları necə dəyərləndirirsiniz, Azərbaycan bu oyunlara tam hazırdırmı?
- Bir müddət öncə mətbuata açıqlamamda da qeyd etdiyim kimi, Avropa oyunları çox vacib oyunlardır, Azərbaycan tarixində çox böyük əhəmiyyət kəsb edir. Çünki bu, ilk dəfə olaraq keçirilir və oyunların Azərbaycana salınması onu göstərir ki, Avropa məşəli artıq Azərbaycandan başlayaraq bütün Avropaya yayılacaq. Bu baxımdan da Azərbaycan burada tarix yazır. İkinci bir tərəfdən, bu oyunların keçirilməsi adi püşkatma və yaxud başqa bir məsələ ilə əlaqəli deyil.
Təbii ki, bu səsvermə yoluyladır, səsverməyə də kifayət qədər əsaslar olmalıdır və var. Əsaslar da ondan ibarətdir ki, gərək həm ölkənin vəziyyəti, həm idman qurğularının səviyyəsi, o cümlədən, digər məsələlər qaydasında olsun. Bildiyiniz kimi də Azərbaycan bundan öncə dəfələrlə dünya çempionatlarına, Avropa çempionatlarına ev sahibliyi edib, müxtəlif qran-pri mükafatlarına ev sahibliyi edib.
Digər tərəfdən Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə bütün Avropanın və dünyanın aparıcı dövlətlərinin nümayəndələri, keçmiş prezidentləri, hazırkı prezidentləri, parlament sədrləri, baş nazirləri iştirak edib və onlar görüblər ki, Azərbaycanda bu məsələlərlə bağlı nə qədər təşkilatçılıq var. Azərbaycan hər bir tədbirə çox böyük məsuliyyətlə yanaşır və bu da Azərbaycanın həm iqtisadi göstəricisidir, həm Azərbaycanın demokratik dövlət, azad ölkə, azad fikir, söz azadlığının olmasıdır, insan haqlarının qorunmasıdır. Odur ki, bu günə qədər Azərbaycanda keçirilən hər bir tədbir çox yüksək səviyyədə baş tutub.
Bu yaxınlarda elə Avropa Olimpiya Komitəsinin sədri özü qeyd etdi ki, Azərbaycan qısa müddət ərzində belə bir tədbirin hazırlanıb keçirilməsinə tam hazır olmasına görə, Ginnesin rekordlar kitabına düşə bilər.
Buna qədər də Azərbaycanda çoxlu sayda idman qurğuları, Olimpiya Kompleksləri tikilib, ayrı-ayrı Federasiyaların öz yarışlarını keçirməsi üçün böyük idman zalları formalaşıb və bunlar hamısı da yüksək standartlara uyğundur ki, bu gün Azərbaycan istənilən dünya çempionatını, Avropa çempionatını, Olimpiya Oyunlarını və digər oyunları keçirməyə tam hazırdır.
Ona görə Azərbaycanın iqtisadi inkişafı, Azərbaycanda olan siyasi sabitlik, Azərbaycanda sosial problemlər həll olunması, abadlıq-quruculuq işləri, hər biri bizi əhatə edən bəzi təşkilatların, bəzi dövlətlərin gözügötürməzliyinə səbəb olur. Xüsusilə də erməni lobbisi ilə yaxın olan dövlətlər, erməni lobbisinin maliyyəsi ilə maliyyələşən təşkilatlar və digər bu qəbildən olan insanlar var ki, bu gün Azərbaycanda keçirilən Avropa oyunlarına qarayaxmaxla məşğul olurlar, qara piar kampaniyası aparırlar, bu və ya digər şəkildə özlərinin öyrətdiyi, burada ayrı-ayrı cinayətlər törətməklə məsuliyyətə cəlb olunmuş və istintaqda olan adamlara "siyasi məhbus" donu geyindirib Azərbaycanda gedən bu proseslərə bir ləkə salmaq istəyirlər. Bu da mümkün olan iş deyil, bütün dünya da yaxşı bilir ki, hər bir yerdə hər kəs törətdiyi cinayətə görə məsuliyyət daşımalıdır.
İstənilən bir ölkəni götürək, orada vergidən yayınmadı, xarici kəşfiyyata xidmət etmədi, vətənə xəyanətdi ən ağır cəzalarla cəzalandırılır. Azərbaycanda da bu yöndə qanunlar var və bu qanunlarla da həmin adamlar məsuliyyətə cəlb olunurlar. O baxımdan da bu gün Azərbaycan tam şəkildə bu oyunların keçirilməsinə hazırdır. Bunun əsas səbəblərindən biri də xalqla iqtidarın bir yerdə olması, xalqın öz prezidentini dəstəkləməsidir. Bir-iki o müəyyən qüvvələr var ki, erməni lobbisi vasitəsilə maliyyə alırlar, onları çıxmaq şərtilə, Azərbaycan xalqının 99 faizi bu məsələlərə hazırdır və biz ən yüksək səviyyədə bu tədbiri keçirəcəyik.
- Sizcə, bu oyunlar Azərbaycana nə verəcək?
- Biz elə "Eurovision"dan misal götürək ki, hətta Ermənistan daxil olmaqla orada iştirak edən ölkələrin hər birinin İctimai Televiziyasında belə bir rəy vardı ki, bu tədbir işıqlandırılmalıdır. Yəni, qərar bundan ibarət idi, Ermənistanda da bu musiqi yarışması işıqlandırılırdı. Fikir verdinizsə, Azərbaycanın hər bir bölgəsi, Azərbaycanın mətbəxi, Azərbaycanın mədəniyyəti, incəsənəti, təbii sərvətləri dünyaya nümayiş etdirilirdi.
Hansı ki, Azərbaycan haqqında illərlə çalışsaydın o qədər informasiya verə bilməzdin bu ölkələrə. Ancaq idman yarışı bu musiqi yarışmasından daha populyardır. Bu oyunlara hardasa 50-60-ya yaxın ölkənin nümayəndələri gələcək, burada müxtəlif səpkili yarışlar keçiriləcək və demək olar ki, dünya ölkələrinin əksəriyyəti artıq buna tamaşa edəcək. Və bundan da, bu reklamdan da düzgün istifadə etməklə Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərini, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini dünya ictimaiyyətinə daha yaxından çatdırmaq mümkün olacaq.
Həmçinin, bu gün Azərbaycanın mətbəxinə, bu gün Azərbaycanın mədəniyyətinə, bu gün Azərbaycanın tarixinə müdaxilə etməyə çalışan qüvvələrin də qarşısını almaq imkanları olacaq ki, istər xalça, istər saz, istər götürək ki, müxtəlif yeməklər, bunlar hamısı Azərbaycanındır, Azərbaycana aiddir. Eyni zamanda, Azərbaycana bundan sonra kifayət qədər turistlər gələcək. Avropa Oyunlarında elə 6 mindən artıq idmançı iştirak edəcək, bundan sonra onların məşqçiləri, digər onlara yaxın adamlar və nə qədər turist olacaq, onların hər biri Bakı şəhəri , Azərbaycanın başqa-başqa rayonları ilə tanış olduqca, gördüklərini öz dostları ilə paylaşdıqca, yazışdıqca, gör nə qədər insan Azərbaycan haqqında məlumatlandırılacaq. Ona görə də bu, çox bir vacib olan məsələdir. Hesab edirəm ki, bu işdən də biz lazımi qaydada istifadə etməliyik.
- Siyavuş müəllim, opponentləriniz tərəfindən belə iddialar da irəli sürüldü ki, bu oyunlardan sonra Azərbaycanda manatın devalvasiyasının ikinci mərhələsi başlayacaq, ölkədə iqtisadi krizis yaşanacaq və sair...
-Yuxarıda da qeyd etdim ki, Avropa Oyunları ilə əlaqədar Azərbaycanda kifayət qədər idman qurğuları tikilir. Elə bir neçə qurğu bu ərəfədə tikildi, elə infrastruktur yaradıldı ki, bu da Azərbaycan üçündür. Yəni, bu idman oyunları qurtarandan sonra bunu sökməyəcəklər, dağıtmayacaqlar və yaxud da kimsə belinə alıb aparmayacaq ki? Bunlar, Azərbaycanda qalacaq. Məsələn, 46 minlik böyük bir stadion tikilib, çünki Azərbaycanın köhnə stadionları o qədər adam tutmur. Bununla da istənilən dünya çempionatının bir neçə oyununu və yaxud da iki tanınmış komandanın bir-birilə görüşünü bu stadionda artıq yüksək səviyyədə keçirmək olar. Əslində, bu qurğular, stadionlar, idman zalları artıq sonradan gəlir də gətirəcək. Həmçinin, üzgüçülük üzrə, avarçəkmə üzrə, başqa-başqa sahələr üzrə ayrı-ayrı ölkələrdən idmançılar müxtəlif dövrlərdə təlim-məşq toplanışına gələcəklər və bunun hər biri puldur. O cümlədən, əgər infrastruktur yaranıbsa, yeni yollar çəkilibsə, yeni körpülər, qurğular tikilibsə, bu da Azərbaycan xalqınındır. Azərbaycan xalqı bundan da istifadə edəcək. Məgər alman və ya başqası bundan istifadə edəcək? Bu, Azərbaycan üçündür, Azərbaycanda qalır bunların hamısı.
Nə yaradılırsa, məsələn, otel tikilirsə və digər başqa strukturlar formalaşırsa, onun çox böyük əhəmiyyəti var, çünki bunlar hamısı Azərbaycanda qalacaq. Bununla yanaşı, demək olar ki, sərf olunan məsrəfin böyük bir hissəsi də artıq geri qayıdır və qayıdacaq. Çünki iştirakçılar var, həmçinin biletlər, onların satışı var, oradan gələn gəlirlər var, onun reklamından gələn gəlirlər var. Belə baxanda çox vaxtı bəzi ölkələrdə görürsən ki, olimpiadalar keçiriləndə gəlir-çıxar tamamilə balanslaşır. Bu baxımdan, hesab edirəm ki, bizdə də məsələlər məhz bu cür həllini tapacaq. O ki qaldı devalvasiyaya, onun bu oyunlara heç bir aidiyyəti yoxdur. Bu məsələdən də "istifadə etməyə" ehtiyac yoxdur. Artıq bu struktur formalaşıb. Biz artıq bundan keçmişik, buna hazırıq. Sən buna əlavə vəsait qoymursan ki, o da gələcəkdə hansısa bir devalvasiya yaratsın... O baxımdan da bu iddiaların hamısı qurmadır, şayiədir. Opponentlərimiz, bədxahlarımız mütəmadi şayiələr yayırlar, təxribatla məşğul olurlar. Ancaq onların heç bir nəticəsi olmayacaq. Yenə deyirəm, hər bir görülən iş, hər bir əkilən ağac, hər bir tikilən obyekt Azərbaycan xalqına məxsusdur, Azərbaycanındır.
Kamil HƏMZƏOĞLU