"Azərbaycanı-Vətənimi çox sevirəm, onun bütün uğurlarına hətta, o qədər sevinirəm ki, bu, göz yaşlarımla nəticələnir".
Bunu "525"ə açıqlamasında tanınmış ifaçı, Əməkdar artist Nuriyyə Hüseynova dilə gətirib. Onun sözlərinə görə, ilk Avropa Oyunları da bizim ölkəmizin tanınması üçün çox gözəl bir fürsətdir. "Mədəniyyətimizin bütünlükdə, yəni, bütün özəl və gözəl milli və mənəvi zənginliyimizin tanıtımıdır. Biz bir müsəlman və türk ölkəsi olduğumuz üçün çox vaxt təzyiqlərə, təhdidlərə məruz qalmışıq. Hər zaman da bizi bilməyənlər, tanımayanlar bizə sıradan bir ölkə kimi baxıb keçiblər. Amma bu, belə deyil. İlk müsəlman - türk ölkəsi olaraq birinci Avropa Oyunları bizim vətənimiz Azərbaycanda keçirilir, bu, bizim ölkənin kimliyinin sübutudur, bu, bizim haqq səsimizin bütün dünyaya yayılması deməkdir. Bu, gələcəkdə ölkəmizin nüfuzunun artması, Azərbaycanımızın inkişafı deməkdir, həmçinin, millətimizin, dövlətimizin qüdrətli olmasının göstəricisidir. Bu, bizim ölkəmizin, bizim kimliyimizin gerçək bir mənada dünyaya tanıtımıdır, təqdimatıdır. Bununla yalnız qürur duymalı, buna sevinməliyik, əlimizdən nə gəlirsə biz də bu ölkənin bir vətəndaşı kimi yardım əlimizi uzatmalıyıq.Azərbaycan ilk Avropa Oyunları ilə nəinki Avropaya, bütün dünyaya bir pəncərə olaraq açılacaq. Bu pəncərədən Azərbaycanın qüdrəti, zəngin mədəniyyəti, insanlığı, qonaqpərvərliyi, yüksək mətbəx mədəniyyəti, yüksək zövq mədəniyyəti və güclü idmançıları ilə bütün dunyaya açılacaq. Uğurların bol olsun, Ana Vətənim, canım qədər sevdiyim Azərbaycanım!".
Xalq artisti Sənubər İsgəndərli bildirib ki, vətənimizdə keçiriləcək bu möhtəşəm oyunları böyük həyəcanla və səbrsizliklə gözləyir. Xalq artistinin dediyinə görə, ilk Avropa Oyunları zamanı dünyanın bir çox ölkəsindən qonaqlarımız olacaq, 50 ölkədən isə idmançılar bu yarışlara qatılacaq:
"İnanıram ki, biz bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcəyik. Özüm də artıg hansı yarışlara qatılacağımı, hansı yarışları izləyəcəyimi müəyyən etmişəm. Bu, bədii gimnastika və gılıncoynatma yarışları olacaq. Qatılmadıqlarımı isə televiziya ekranlarından seyr edəcəyəm. Əminəm ki, yarışlarla bağlı qoyulan bəzi məhdudiyyətlərə narazılıq edənlər, oyunlar zamanı nəfəslərini çəkib həyəcanla idmançılarımızın qələbəsinin şahidi olub, qürur hissi keçirəcəklər. İnsan öz evində belə qonaq qəbul edəndə, özünün rahatlığını yox, qonaqların rahatlığını düşünür. Odur ki, ölkəmizə gələn qonaqlara diqqət göstərməli və mehriban davranmalı, qoyulan qayda və qanunlara isə hörmətlə riayət etməliyik. Bütün idmançılarımıza da dözüm, əzm və qələbə arzu edirəm".
Tanınmış ifaçı, Əməkdar artist Ruhəngiz Musəvi də hesab edir ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi hər birimizin uğurudur və bu, böyük hadisədir. "Avropanın idman tarixində ilk dəfədir ki, belə yarışlar keçirilir və çox əlamətdar, sevindirici haldır ki, bu nəhəng, möhtəşəm idman yarışmasının da ilk məkanı, ünvanı məhz bizim vətənimiz, bizim ölkəmiz, Azərbaycan seçilib"- deyən R. Musəvinin sözlərinə görə, bu, artıq o deməkdir ki, biz- vətənimiz Azərbaycan dünya miqyasında önəmli bir yer tuturuq: "Əgər belə olmasaydı, yəni, dünyanın lider dövlətləri sırasında inamla addımlamasaydıq, dünyanın və Avropanın söz və nüfuz sahiblərindən birinə çevrilməsəydik, təbii ki, bu yarışları bizə salmazdılar. Deməli, uğurlu inkişaf yolumuz, söz və nüfuz sahibi olmağımız sayəsində ilk Avropa Oyunlarının məkanı məhz bizim ölkə seçilib. Bu, hər birimizin uğurudur, bu, Azərbaycanımızın zəfəridir, bu ölkəmizin nüfuzunun və gücünün təsdiqidir. Bu baxımdan, əminəm ki, ölkəmiz bu oyunlara da uğurlu ev sahibliyi edə biləcək.
Eyni zamanda, əminəm ki, bizim idamançılar bu oyunlarda da yüksək nailiyyətlər əldə edəcəklər, birinci olacaqlar, ölkəmizə çoxlu sayda qızıl, gümüş, bürünc medallar qazandıracaqlar. Təbii ki, bunlar hamısı da dövlət başçımız cənab İlham Əliyev və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban Əliyevanın zəhməti sayəsindədir. Məhz onların zəhməti sayəsində Azərbaycan belə inkişafa nail olub, məhz onların zəhməti sayəsində Azərbaycan artıq dünyanın idman ölkəsinə çevrilib, məhz onların zəhməti, diqqəti, qayğısı sayəsində Azərbaycan idmançıları dünya miqyaslı yarışlarda böyük zəfərlərə nail olurlar və məhz onların gərgin zəhməti sayəsində- cəmi iki il yarım müddətində Azərbaycan Avropa Oyunlarına hazırlıq işlərini uğurla başa vurub..."
"İdmanın və musiqinin dünya miqyasında yeri, rolu, çəkisi və nüfuzu hər kəsə yaxşı bəllidir. O baxımdan ölkəmizdə keçiriləcək möhtəşəm Avropa Oyunlarının Azərbaycanımız üçün çox böyük əhəmiyyəti var". Bunu isə Xalq artisti Səkinə İsmayılova dilə gətirib. S.İsmayılovanın bildirdiyinə görə, ilk Avropa Oyunlarının Azərbaycana həvalə edilməsi ölkəmizin dünyada və Avropada nüfuzunun, çəkisinin göstəricisidir.O, qeyd edib ki, Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycan həm də bir tarix yazır.
"Odur ki, ilk Avropa Oyunları Azərbaycanımızın dünyada, onun mühüm tərkib hissəsi olan Avropada daha da çox tanınmasına və şöhrət tapmasına xidmət edəcək.Eyni zamanda, biz bu oyunlara yüksək səviyyədə ev sahibliyi etməklə bütün dünyaya, o cümlədən, inkişafımızı istəməyənlərə, bədxahlarımıza, boykot çağırışlarını tutuquşu kimi təkrarlamaqdan yorulmayanlara, Azərbaycandakı sabitlikdən, titanik inkişafdan xəbərsiz olub əsassız qətnamə çıxaranlara bir daha sübut edəcəyik ki, biz necə sülhsevər, sivil, mədəni, qonaqpərvər, inkişaf etmiş xalqıq, millətik, dövlətik. Hər kəs buna əmin olsun".
Kamil HƏMZƏOĞLU