"Bakı-2015" birinci Avropa Oyunları böyük bir idman bayramına çevriləcək. Bu möhtəşəm tədbirə az müddət qalıb. İlk dəfə keçiriləcək Avropa Oyunlarına Azərbaycan dövlətinin ev sahibliyi etməsindən hər birimiz qürur duyuruq".
Bu fikirləri Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin (MM) deputatı Fəzail Ağamalı deyib. F.Ağamalı bildirib ki, uğurumuzu istəməyən bəzi qüvvələr Azərbaycana qarşı "qara piar" kampaniyası aparır. Onun sözlərinə görə, bütün bunların qarşısını almaq üçün cəmiyyətimizin ayrı-ayrı təbəqələrinin nümayəndələri öz mövqelərini bildirirlər.
Millət vəkili deyib ki, dövlətimizin ev sahibliyi edəcəyi bu böyük idman yarışı fəal şəkildə təbliğ olunur:
"Qara piar" aparan qüvvələrin əsas hədəfi ölkəmizdəki əmin-amanlıq və sabitlikdir. Dünyada Azərbaycanın imicini zədələmək, ölkəmizə qarşı mətbuatda şər və böhtan dolu məlumatlar yaymaq üçün fəaliyyət aparan məhz erməni lobbisi, həmçinin, onun nəzarətindəki qüvvələrdir.
Azərbaycanın daxilində olan bəzi qüvvələr də bu ermənipərəst dairələrə qoşulurlar. Onların arasında partiyalar, QHT-lər və hətta qəzetlər də var. Biz buna qarşı qətiyyətli mövqe nümayiş etdirməliyik. Onların bu fəaliyyəti bizim milli maraqlarımıza ziddir və biz buna qarşı öz iradəmizi ortaya qoymalıyıq. Sosial şəbəkələrdə müxtəlif dillərdə birinci Avropa Oyunlarını təbliğ etməli, dövlətimizin yanında olmalıyıq. Bütün imkan və potensialımızı bu istiqamətə cəmləyərək, dövlətimizə xidmət göstərməliyik, Prezidentimizin ətrafında sıx birləşməliyik".
MM-in İnsan hüquqları komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Yevda Abramov isə deyib ki, ilk Avropa Oyunları ilk növbədə Azərbaycanı dünyaya daha yaxşı tanıtdırmaq üçün ən gözəl vasitələrdən biridir:
"Bu Oyunlar keçirilən zaman bütün dünyanın diqqəti Azərbaycana yönələcək, hamı Azərbaycanın necə təhlükəsiz, humanist və qonaqpərvər olduğunu görəcək ki, bu da ölkəmizə inamı artıracaq, ölkəmizin dünyada nüfuzunu daha da gücləndirəcək, ölkəmizə turist axınını artıracaq".
Y.Abramov bildirib ki, Azərbaycan kimi müsəlman dövlətinin Avropa Oyunlarına ev sahibliyi etməsinin böyük əhəmiyyəti var: "Çünki Avropa ictimaiyyəti Azərbaycanın tolerant ölkə olduğunun şahidi olacaqlar".
Y. Abramovun sözlərinə görə, oyunlar çərçivəsində Azərbaycana gələn xarici qonaqların hər biri öz ölkəsi üçün burda səfirdi və onlar inkişafımızı öz ölkələrində təbliğ edəcəklər:
"Təəssüf ki, uğurlarımıza sevinməyənlər də var. Birinci Avropa Oyunları ərəfəsində qarayaxma kampaniyası aparanlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasından, güclənməsindən və regionda aparıcı dövlət olmasından qısqanclıq keçirən qüvvələrdir. Azərbaycanda həmişə belə böyük beynəlxalq tədbirlər keçiriləndə, bu qara qüvvələr öz çirkin əməllərinə başlayırlar. Onların məqsədi Azərbaycanı dünya ictimaiyyətinin gözündən salmaqdır. İlk Avropa Oyunlarına qarşı aparılan kampaniya da növbəti bu xarakterli addımlardan biridir. Ancaq onlar özlərini nahaq yerə yorurlar. "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində də belə bir qara təbliğat aparılmışdı, amma Azərbaycan bunların bu "fəaliyyət"ini heçə uğratdı və sübut etdi ki, qonaq qəbul etməyə, dünyanın ən mötəbər tədbirlərinə ev sahibliyi etməyə qadirdir və layiqdir".
"İlk Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı başladılan anti-Azərbaycan kampaniyası ölkəmizin inkişafını heç cür həzm edə bilməyən və onu gözügötürməyən ermənipərəst dairələrin, qüvvələrin növbəti təxribatından başqa bir şey deyil".
Bu sözləri isə deputat Kamilə Əliyeva dilə gətirib. K. Əliyevanın dediyinə görə, Azərbaycan, ümumiyyətlə, mütəmadi və sistemli olaraq bu cür təxribatlarla üzləşməli olur.
O, xatırladıb ki, "Eurovision-2012" mahnı yarışması ərəfəsində də məlum anti-Azərbaycan dairələri tərəfindən ölkəmizə qarşı təxribatçılıq əməlləri həyata keçirilmişdi. "Ancaq həmin dairələrin unutduğu bir məqam var-bu məqam da ondan ibarətdir ki, artıq Azərbaycanı bu cür kampaniyalarla, bu cür təxribatlarla, təzyiq, təhdid və şantajlarla öz yolundan geri göndərmək, sapındırmaq mümkün deyil.
Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərinin zəif, gücsüz, müdafiəsiz Azərbaycanı deyil. Azərbaycan artıq nəinki Cənubi Qafqaz regionunun lider dövlətidir, həm də dünyanın ən inkişaf etmiş, qabaqçıl, söz və nüfuz sahibi olan ölkələrindəndir. Dünya artıq Azərbaycanın, Azərbaycan prezidenti cənab İlham Əliyevin mövqeyi, nüfuzu ilə hesablaşır. Azərbaycan artıq onunla bərabərhüquqlu tərəfdaş kimi davranılmasını tələb edir və öz haqlı istəyini də həyata keçirə bilir. Ona görə gec də olsa, həmin anti-Azərbaycan dairələri bu gerçəkliyi, bu həqiqəti qəbul və dərk etməlidirlər.
Başa düşməlidirlər ki, bununla heç bir istəklərinə, məkrli niyyətlərinə nail ola bilməyəcəklər, necə ki, indiyə qədər də nail ola bilməyiblər. İstər Avropa Şurası olsun, istər ATƏT olsun, istər Avropa Parlamenti, istərsə də digər beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatları olsun, onların Azərbaycan əleyhinə yönələn addımları bundan sonra da bumeranq kimi qayıdıb özlərinə dəyəcək, onların anti-Azərbaycan davranışlarının heç bir effekti və səmərəsi olmayacaq, onlar hər zaman fiasko, xəyalqırıqlığı yaşayacaqlar.
Azərbaycan bundan sonra da öz titanik, sıçrayışlı inkişaf yolu ilə irəliyə doğru inamla addımlayacaq, müstəqil siyasət kursunu daha inamla həyata keçirəcək. Həmçinin, istər ilk Avropa Oyunlarına, istərsə də digər beynəlxalq əhəmiyyətli möhtəşəm yarışlara, tədbirlərə uğurlu ev sahibliyi edəcək. Buna hər kəs qəti əmin olsun, elə bədxahlarımız da"-deyə, K.Əliyeva daha sonra sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU