(Əvvəli ötən sayımızda)
Şimali Qafqaz dəmir yolundan Bakıya eşalonla gətirilən minlərlə osmanlı əsir "Knyaz Borodanski" gəmisi ilə gecələr Nargin adasına daşınırdı. O vaxt Nəriman Nərimanovun rəhbərlik etdiyi "Hümmət" təşkilatında bundan xəbərdar olsa da, qadağan olunmuş zonaya heç kim buraxılmadığından orada nələr baş verdiyini heç kim bilmirdi.
Nərimanov Bakı şəhər Dumasına seçiləndən sonra onu çoxdan narahat edən Nargin adasında saxlanan türk əsirlərinin vəziyyəti ilə maraqlanır. O, həmfikirləri ilə Dumada bir komissiya seçib Nargin adasına göndərilməsi məsələsini tələb edir. "Hümmət" 1917-ci il 28 noyabr tarixli sayında yazır: "Duma komissiya seçdi. Həmən komissiyada bolşeviklər tərəfindən yoldaşımız Nərimanov bir neçə adamla Nargin cəzirəsinə gedib əsirlər barəsində mükəmməl məlumat toplayıbdır. Bu barədə Dumada bir məruzə oxuyacaqdır".
Beləliklə, Dumanın "Təhqiqat komissiyası"nın üzvləri-Nəriman bəy Nərimanov, Əbdülbağı Məmmədov, Ağa Məhəmməd İbrahimov, Mürsəlov, Almaniya, Danimarka və İsveçrə səfirliklərinin əməkdaşları Nargin adasına gedir, orada əsirlərin vəziyyətindən və saxlanma şəraitindən dəhşətə gəlirlər. "Açıq söz" qəzeti 1917-ci il 7 dekabr tarixli sayında "Təhqiqat komissiyası" üzvlərinin Nargin cəzirəsində gördüklərini belə şərh edir: "Cəzirədə yaşayan dəhşətli vəziyyətin izlərini görən komitə üzvləri hönkür-hönkür ağlamaqdan özlərini saxlaya bilmirdilər. 400 adam yerləşəcək xəstəxanada 1200 xəstə balıq kimi bir-birinin üstünə tökülmüşdü, bəzisi can verirdi, bəzisi "Əfəndim su", "Əfəndim yemək" deyə qışqırırdı. Bir tərəfdən isə o gün ölmüş 40 əsir bir-birinin üstünə yığılıb dururdu. Gündə 40-a qədər əsir acından susuzluqdan soyuqdan ölür. Əyinlərinə geyinməyə, bir də yandırmağa yanacaqları yox idi. Bir çoxları başlarının altına kərpic qoymuşdular.Quru taxta üstündə yatmaqdan bir çoxlarının yanlarında böyük yaralar əmələ gəlmişdi. Mülki əsirlər arasında 80 yaşında qocalarla yanaşı, 2 yaşından 15 yaşına qədər körpə uşaqlar da var idi..."
1917-ci il dekabrın 5-də Bakı şəhər Dumasının növbəti iclasında Nərimanov zalda oturanlara müraciətlə dedi: "Adanın halı hər tərəfdən fənadır. Buradakı evlər adamlar üçün tikilməyib. Bu evlər qaranlıq, üfunətli, soyuq daxmalardan ibarətdir. Burada heç vaxt soba yandırmazlar. Çünki odun yoxdur, bu daxmaların soyuqluğuna səbəb taxtaların aralarında olan deşiklər və damların üstəki şüşəsiz pəncərələridir. Mən əsirlər üçün bişən şorbanı gördüm: itini sevən kişi bunu itinə verməz", su da burada çox vaxt tapılmır. Burada insanlar susuzluqdan can verirlər". Nərimanovun məruzəsindən sonra çıxış edənlər əsirlərə yardım komitəsi yaradılmasını təklif edirlər. Komissiya Nəriman Nərimanovun təkidli tələbinə görə qərara alır ki, cəzirəyə bir daha əsir göndərilməsin, orada saxlanan qocalar, qadın və uşaqlar vətəninə göndərilsin, əsirlərin yemək-içməkləri artırılsın, alt-üst paltarlarına diqqət yetirilsin.
Nəriman Nərimanovun Dumadakı çıxışı təsirsiz qalmadı. Duma Nərimanovun rəhbərlik etdiyi komissiyanın Tiflisə, Qafqazın Mərkəzi İnzibati İdarəsinə göndərdiyi təcili teleqramın cavabında Nargin hərbi düşərgəsindən ən ağır xəstələrin çıxarılmasına və cəzirədə yaşayan əsirlərə xeyriyyə cəmiyyətlərinin köməyinə icazə verilirdi. Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Nargin hərbi düşərgəsində komissiyanın müəyyən etdiyi üç yüz xəstə- türk, alman, avstriyalı hərbi əsiri şəhərdə 16-cı lazaretdə yerləşdirdi. Nargində əsir sifəti ilə yaşamaqda olan 130 nəfər körpə türk balaları şəhərə gətirilib Çəmbərəkəndin qabağındakı mülkdə yerləşdirildi. Bunu "Möhtaclara yardım" Cəmiyyəti öz öhdəsinə alıb və hər bir məxarici boynuna götürdü. Türkiyənin müharibədə düçar olduğu faciə ümummüsəlman dərdinə çevrilmişdi. "Qardaş köməyi", "Türk əsirlərinə yardım komitəsi", "Möhtaclara kömək", "Bakı İslam Xeyriyyə Cəmiyyətləri", "Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyəti" və "Qırmızı Xaç Cəmiyyəti" cəbhə bölgələrində, hərbi düşərgələrdə köməksiz qalan uşaqlara, qadınlara, qocalara maddi, tibbi yardım etməklə və əsirləri həbsxanalardan qaçırıb vətənlərinə yola salmaqla məşğul olmağa başladılar. Bakıda məhəllə-məhəllə maddi yardım-pul, əşya, yorğan-döşək toplanırdı. Bu, ayrıca bir araşdırmanın mövzusudur.
Nargin adası təkcə Osmanlı türklərinə deyil, Azərbaycan türklərinə də cəhənnəm adası olub. Milli genefondumuzun məhvinə yönəlmiş mürtəce siyasət bəşəri cinayət idi. 1920-ci ildən başlayaraq xalqımızın bütün işıqlı insanları, oxumuşları, ziyalısı tək-tək məhv edilirdi. Stalinin qanlı repressiyası xalqın qüdrətini, milli-mənəvi sərvətini məhv etmək məqsədi güdürdü. 1918-1919-cu illərdə Azərbaycanda Milli Ordu quran 13 general, 27 polkovnik və podpolkovnik, 46 kapitan və ştabs kapitan, poruçik və podporuçik, 148 praporşik və podpraporşik, 266 digər rütbəli hərbi qulluqçu həbs edildi. Onlar 1920-ci il iyunun 16-da gecə ikən Nargin adasına aparılıb güllələndilər. Azərbaycanda Milli Ordu quruculuğu tarixinə şanlı səhifələr yazan hərbçilər-Azərbaycan Cümhuriyyətinin ilk hərbi naziri-general-mayor Həbib bəy Səlimov, general-mayor İbrahim ağa Usubov, general-mayor Əmir Kazım Qacar, general-mayor Məhəmməd bəy Sulkeviç, general-mayor Əbdülhəmid bəy Qaytabaşı, general-mayor Murad Tlexas (çərkəz), Əlyar bəy Haşımbəyov qırmızı ordunun bolşevik-daşnak terroruna tuş gəldilər.
Rəsmiyyə QARAYEVA
"Azərnəşr"in redaktoru