Niderlandın şimalında yerləşən kiçik Loppersum kəndi və onun ətrafı dünyanın “5G” mobil rabitə şəbəkəsində məlumatların ötürülməsi texnologiyasının keçiriləcəyi ilk kənd olacaq.
525.az RYTN-nin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə “RTV Noord” telekanalı məlumat verib.
Layihədə bir sıra aparıcı Niderland və beynəlxalq telekommunikasiya şirkətləri, o cümlədən "TNO”, “Ericsson”, “KPN” və “Huawei” iştirak edəcək. “Yaşayış məntəqəsini sınaq meydançasına çevirməklə bağlı qərar Qroningen əyalətinin İqtisadi Şurası tərəfindən sərmayədarların zəlzələyə meyilli yerə cəlb edilməsini artırmaq məqsədilə qəbul edilib”, - telekanal bildirib.
“Lakin Loppersum sakinləri yeni məlumat ötürmə texnologiyasından hələlik istifadə edə bilməyəcəklər. Sınaqlar regiona biznesi cəlb etmək məqsədi daşıyır. Dünyanın bütün şirkətləri burada “5G” texnologiyasından yararlanmaqla fəaliyyət göstərə biləcəklər”, - məlumatda qeyd olunur.
Sakinlər texnologiyadan yeni məlumat ötürmə standartına hər yerdə keçiləndən sonra istifadə edə biləcəklər. Ekspertlər bunun 2020-ci ildən tez baş verməyəcəyini proqnozlaşdırırlar, - “TASS” yazır.