"Bu gün Rusiyanın Ermənistanla bağlı heç bir məsələsi yoxdur. Rusiya Ermənistandan nə dəstək ala bilir, nə də ki rəsmi İrəvanın hansısa məsələlərdə rolu var".
Bu barədə millət vəkili, politoloq Rasim Musabəyov Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ortalıqda olan əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir: "Rusiya Azərbaycan və Türkiyə ilə münasibətlərində Qarabağ konfliktinin mənfi kölgəsini görməyə başlayıb. Hesab edirəm ki, münaqişənin həllinə doğru hansısa bir addımların atılması ilə bağlı müzakirələr gedir. Sergey Lavrov bu ilin sentyabrın əvvəllərində Azərbaycana da gəlmişdi. Bu gün heç kimə sirr deyil ki, Ermənistan Rusiyanın cibindədir. Rusiyanın Ermənistan üzərində təsir imkanları azalmayıb. Rəsmi İrəvan Rusiyanın dediklərindən bir addım da olsa kənara atmaq iqtidarında deyil".
Politoloq Elman Nəsirli isə bildirib ki, Rusiyada yaxşı başa düşürlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu vəziyyətdə davam edə bilməz və istənilən an atəşkəs rejimi genişmiqyaslı müharibəyə çevrilə bilər. Onun sözlərinə görə, Lavrovun İrəvan səfərində apardığı əsas müzakirələr içərisində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması diqqət mərkəzində olan məsələlərdən biri idi: "Moskva yaxşı anlayır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində aparılan danışıqlar artıq dalana dirənib. 2015-ci il münaqişənin nizamlanması istiqamətində ən uğursuz illərdən biri hesab oluna bilər. Əgər 2014-cü ildə prezidentlər səviyyəsində 3 görüş olmuşdusa, 2015-ci ildə heç bir görüş olmayıb. Atəşkəs rejiminə riayət olunmur və Ermənistan tərəfi artıq iriçaplı sılahlarla atəşkəsi pozur. Belə olan halda isə heç kim təminat verə bilməz ki, müharibə baş verə bilməz. Bunun üçün artıq zəmin var və bu, hər an başlaya bilər. Ona görə də Rusiya prosesdə müəyyən aktivlik nümayiş etdirməklə ilin sonuna kimi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə nail olmalıdır".
Millət vəkili Zahid Oruc isə bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı beynəlxalq təşkilatın qəbul etdiyi siyasi aktlar, sənədlər və ya qərarlar Azərbaycanın informasiya müharibəsində üstünlüyünü sübut etsə də, çox təəssüflər olsun ki, bunların problemin həllində real hüquqi gücü yoxdur. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli real olaraq hərbi və iqtisadi mexanizmləri tətbiq etməklə mümkündür: "Bunun üçün beynəlxalq təşkilatlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması üçün real təzyiq mexanizmini işə salmalıdır. Əks təqdirdə qəbul edilən sənədlərin Qarabağ münaqişəsinin həllinə elə də təsiri olmayacaq". Millət vəkili hesab edir ki, bunun üçün BMT-nın real mexanizmləri və hüquqi əsası var: "BMT Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in mandatı əsasında sülh aktını qəbul edir və lazım gələrsə hərbi qüvvələr də formalaşdırır və Ermənistan sülhə məcbur edilir. BMT Nizamnaməsinin 5-ci maddəsi buna əsas verir. Bu maddəyə əsasən zorən sülh planı işə düşür. Əks təqdirdə qəbul edilən qərarlar BMT TŞ-nin qəbul etdiyi 4 qətnamənin silsilə davamı olacaq". Z.Oruc onu da əlavə edib ki, Azərbaycanın hazırkı dönəmdə Rusiya ilə olan münasibətləri də buna nail olmağa imkan verir.
Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov noyabrın 9-da İrəvanda verdiyi bəyanatda Dağlıq Qarabağ münaqişəsi tərəflərinin nizamlanmanın qarşılıqlı faydalı konsensus əsaslarının hazırlanması üzrə səyləri davam etdirməsinin vacibliyinə əmin olduğunu bildirib. S.Lavrov həmçinin deyib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi, müsbət nəticə əldə olunması istiqamətində fəal rol oynamağı davam etdirəcək.
PƏRVANƏ