|
|
|
|
Xəbər verdiyimiz kimi, dekabrın 9-da Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Hakim Vüqar Məmmədovun sədrlik etdiyi məhkəmə iclasında çıxarılan qərara əsasən, məhkəmənin Leyla və Arif Yunusların barəsində bəraət hökmü çıxarılmasına əsas görülmədiyi elan olunub. Lakin qeyd olunub ki, onlar barəsində hökm dəyişdirilməlidir. Leyla Yunusun ittiham olunduğu Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə bağlı müddət keçdiyindən həmin maddə üzrə təyin olunan cəzalar hökmdən xaric olunub. Onun barəsində təyin olunan 8 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab olunub. Onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib. Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmə hakimiyyətinin qanunvericilikdə nəzərdə tutulmuş bu qərarı Azərbaycan dövlətinin humanitar məsələlərə həssas münasibətinin göstəricisi kimi də qəbul olunmalıdır. Sözügedən məsələ ilə bağlı Azərbaycan parlamentariləri, yerli vətəndaş cəmiyyətləri, bir sıra beynəlxalq təşkilatlar öz münasibətini bildiriblər.
ABŞ-ın ATƏT-dəki nümayəndəsi Kris Smit Azərbaycanda insan haqları müdafiəçisi Leyla Yunus barədə müvafiq addımın atılmasını məmnunluqla qarşılayıb.
Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brassör Leyla Yunusun humanitar əsaslarla azadlığa buraxılmasını alqışladıqlarını bildirib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Maykl Corc Link də Leyla Yunusun səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxılmasını müsbət qarşılayıb.
M.Corc hesab edir ki, Leyla Yunusun azadlığa buraxılması müsbət və çox humanist jestdir: "ATƏT bürosu insan haqları ilə bağlı məsələlərdə Azərbaycan hakimiyyət nümayəndələri ilə konstruktiv müzakirələri davam etdirməyə hazırdır".
Avropa Şurasının Baş katibi Torbyorn Yaqland Leyla Yunusun azadlığa buraxılması haqda fikirlərini belə ifadə edib: "Leyla Yunusun həbsdən azad edilməsi məni yüngülləşdirdi. Ümid edirəm ki, o indi sağlamlığının tam bərpasına başlaya və bu çətin sınağı arxada qoya biləcək".
Avropa Parlamentinin vitse-prezidenti Ulrike Lunaçek "Leylanın azad edilməsi bu günü bayrama çevirib" deyib.
"Amnesty İnternational"ın Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Denis Krivoşeyev bildirib ki, bu, Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində atılan nümunəvi addımdır.
"Human Rights House" Şəbəkəsinin Şərqi Avropa və Qafqaz regionu üzrə rəhbəri Ane Tusvik Bonde də Leyla Yunusun azadlığa buraxılmasını xoş qarşılayıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi verdiyi bəyanatda Leyla Yunusun buraxılmasını alqışlayıb və Azərbaycan hökuməti və xalqı ilə təhlükəsizlik, enerji, demokratiya və insan hüquqları olmaqla, bütün sahələrdə əlaqələri inkişaf etdirməyə çalışacaqlarını deyib.
Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini və Almaniyanın xarici işlər naziri Frank-Valter Steynmeyer də bu qərarı "mühüm humanitar addım" kimi qiymətləndiriblər.
Avropa Genişləndirmə və Qonşuluq Siyasəti Komissarının sözçüsü Maja Kocijancicin sözlərinə görə, Avropa İttifaqı inanır ki, daha da çox addımlar atılacaq: "Biz Azərbaycan ilə münasibətlərimizi genişləndirməyə hazırıq".
Avropa Parlamentinin prezidenti Martin Şults bunun gözəl xəbər olduğunu deyib.
Birləşmiş Krallığın vətəndaş cəmiyyəti fəalları da Leyla və Arif Yunusun azadlığa buraxılmasını alqışlayıblar.
Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi və Avropa üzrə nazir David Lidinqton Leyla və Arif Yunusun azadlığa buraxılmasını müsbət qarşılayıblar. David Lidinqton qərara şərhini bildirərkən qeyd edib ki, Leyla Yunusun indi ona lazım olan əsas tibbi müalicəni ala biləcəyinə ümid edir: "Mən Azərbaycanı oxşar hallarla bağlı bu insani jesti bir daha təkrar etməyə və ölkədə insan hüquqları vəziyyətini inkişaf etdirmək üçün konkret addımlar atmağa ruhlandırıram".
Əfsuslar olsun ki, bəzi xarici dairələri dövlətçilik əleyhinə iş aparmaqda təqsirləndirilən şəxslərin azadlığa buraxılması sevindirdiyi, bununla bağlı çoxsaylı fikirlər səsləndirdiyi halda, Ermənistan tərəfindən girovluqda salxanılan, qondarma məhkəmə tərəfindən həbs olunan, qaçqın və məcburi köçkün həyatı yaşayan azərbaycanlılar barədə fikirlər səsləndirmək, işğalçı ölkəyə bununla bağlı iradlarını bildirmək onların yadına düşmədi. Halbuki, Azərbaycan dəfələrlə atdığı humanist addımları ilə diqqət mərkəzində olub. Bundan əvvəl rəsmi Bakı Ermənistan-Azərbaycan sərhəddini pozaraq ölkəmizə daxil olan mülki və hərbçi ermənilərin öz dövlətinə qaytarılması istiqamətində beynəlxalq konvensiyalar, hüquqi normalara rəhbər tutaraq müvafiq addımlar atıb. Lakin Ermənistan 20 ildən artıq müddətdir ki, torpaqlarımızı geri qaytarmadığı kimi, girov götürdüyü Dilqəm Əsgərovla Şahbaz Quliyevi azad etmək istəmir. Bütün bu hadisələr dünya ictimaiyyətini gözü qarşısında baş versə də, beynəlxalq dairələr məsələrə ikili standartlar prizmasından yanaşır, öz maraqlarına cavab verən situasiyalarda aktiv fazaya keçir, dərhal məsələlərə ən sərt formada münasibət bildirməkdən də çəkinmirlər. Bütün bunlar onu göstərir ki, bu dairələrin məqsədi heç də azərbaycanlıları müdafiə etmək, onların problemlərinin həllinə yardımçı olmaq deyil. Əks halda, bu gün həmin xarici çevrələrin hədəfinə Azərbaycan deyil, məhz Ermənistan tuş gələrdi.
Məsələyə münasibət bildirən millət vəkili Sahib Alıyev söyləyib ki, bir qadının, həm də azərbaycanlı bir qadının həbsdə olması yaxşı hal deyil. O deyib ki, həmin qadın Azərbaycan dəyərlərindən tam uzaq, ölkəsinin əleyhinə işləyən, hətta muzd qarşılığında düşmənlə əməkdaşlıq edəcək dərəcədə merkantildirsə, belə birisinin həbsdən buraxılmasına bu xalqın böyük əksəriyyətinin sevinəcəyini zənn etmir.
S.Alıyev bildirib ki, qərbdəkilər Leyla Yunusun humanitar əsaslarla azadlığa buraxılmasını alqışlayır, az qala toy-bayram edirlər: "Kimdir onlar? Avropa Parlamentinin sədri Martin Şults, AŞ PA prezidenti Ann Brassör, ABŞ Helsinki Komissiyasının başçısı Kris Smit, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Maykl Corc Link və digərləri. Bir sözlə, o adamlar ki, Azərbaycanla bağlı hələ indiyədək bir kəlmə belə xoş söz deməyiblər".
Deputat hesab edir ki, bu adamların hamının yaxşı tanıdığı bir xanımın həbsdən buraxılmasını alqışlamaları heç də yüksək dəyər daşıyıcısı olmalarından və təmsil etdikləri qurumların həqiqətən də böyük ideallara xidmət etməsindən irəli gəlmir: "Yoxsa onlar erməni girovluğunda olan Dilqəm Əsgərovla Şahbaz Quliyevin də buraxılmalarını istəyərdilər. Azadlığa hamıdan çox haqq edən, buraxılmaları tələb olunası dustaqlar onlardır. Ancaq bu gurultulu adlar daşıyan qurumların başında duran o adamlardan hər hansı birinin indiyədək Dilqəmlə Şahbazın buraxılmalarını tələb etdiklərini eşitmədik. Çünki Dilqəmlə Şahbaz bu ölkəni, bu xalqı, bu dövləti sevirlər, həqiqi azərbaycanlıdırlar. Onları Kəlbəcərə aparan da bu sevgi idi. Dilqəm Əsgərovla Şahbaz Quliyev bu hisslərinin girovlarıdırlar".
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Əliməmməd Nuriyev hesab edir ki, Azərbaycanın məhkəmə hakimiyyəti humanitar əsaslara söykənərək, yəni, Leyla Yunusun ağır xəstəliyini nəzərə alaraq azadlıqdan məhrumetmə cəzasını şərti cəza ilə əvəz edib: "Belə bir qərarın qəbul olunması qanunvericilikdə nəzərdə tutulub. Əgər şəxsin ciddi xəstəliyi varsa, onun barəsində cəza növünün dəyişdirilməsi həyata keçirilə bilər".
Ə.Nuriyev bildirib ki, məhkəmə tərəfindən qərarı dəyişdirilərkən ictimaiyyət nümayəndələrinin çoxsaylı müraciətləri də nəzərə alınıb.
Hüquq müdafiəçisi qeyd edib ki, İnsan Hüquqları üzrə Birgə İşçi Qrup da bu məsələ ilə bağlı öz mevqeyini bildirmişdi: "Qrup üzvlərinin müzakirələri zamanı ilk toxunulan məsələlərdən biri şəxslərin humanitar əsaslarla azad edilməsi barədə idi. Eləcə də, beynəlxalq təşkilatların bu məsələ ilə bağlı müraciətləri olub".
Bəzi hallarda beynəlxalq dairələrin göstərdiyi təzyiqlərə toxunan Ə.Nuriyev deyib ki, iş məhkəmənin əlində olduğu müddətdə heç kəsin müdaxilə etmək ixtiyarı yoxdur: "Azərbaycan hakimiyyəti siyasi iradə nümayiş etdirərək, məhkəmənin işinə müdaxilə edilməsinə imkan verməyib. Nəticə etibari ilə məhkəmə hakimiyyəti qanunvericilikdə nəzərdə tutulan şərtlər daxilində Leyla Yunusun ağır xəstəliyini nəzərə alaraq onun barəsində çıxarılan hökmü şərti cəza ilə əvəz edib". Birgə İşçi Qrupun üzvü qeyd edib ki, şəxslə bağlı müvafiq qərar qəbul etmək məhkəmə orqanının səlahiyyəti daxilində olan bir məsələdir: "Leyla Yunusla bağlı işdə birinci instansiya məhkəməsi qərar qəbul edib. Daha sonra verilən apellyasiya şikayətinə uyğun olaraq məhkəmənin təqsirləndirilən şəxsin səhhətini və digər məsələləri nəzərə alaraq qərar qəbul etmək hüququ var. Bu hüquqdan istifadə olunaraq, Leyla Yunusla bağlı məhkəmə hökmü dəyişdirilib".
Bir müddət bundan öncə isə Leyla Yunusun həyat yoldaşı Arif Yunusun humanitar əsaslara söykənərək onun barəsində öncədən çıxarılan hökmün dəyişdirildiyini xatırladan hüquq müdafiəçisi çıxarılan qərarları alqışladığını və məsələyə müsbət, pozitiv yanaşdığını diqqətə çatdırıb.
Ə. Nuriyev əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev əfv sərəncamları imzalamaqla həmişə humanist yanaşma nümayiş etdirib. Onun sözlərinə görə, bundan sonra da bu tip qərarların qəbul olunması gözləniləndir.
Qeyd edək ki, Apellyasiya Məhkəməsinin noyabrın 12-də keçirilən prosesində Arif Yunus barəsində həbs-qətimkan tədbirini dəyişdirib və o məhkəmə zalından azadlığa buraxılıb. A. Yunus barəsində 7 il müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub.
Məhkəmə Leyla və Arif Yunusların övladı Dinara Yunusa məxsus evin müsadirə olunması barədə qərarı da ləğv edib.
Ceyhun ABASOV