|
|
|
|
"Azərbaycanda iqtidarla-müxalifət arasında bir neçə dəfə dialoq keçirilib. Dialoqun baş tutması isə çox əhəmiyyətlidir".
Belə bir açıqlama ilə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edib. Onun sözlərinə görə, bundan sonra da iqtidarla-müxalifət arasında dialoq davam etdiriləcək: "Sadəcə olaraq hələ ilin yekunudur. Növbəti ildən bu proseslər yeni mərhələdə, yeni baxışlarla, yeni məsələlərin gündəmə çıxması ilə davam edəcək. Azərbaycanda qeydiyyatdan keçmiş bütün partiyalar üçün bu dialoq açıqdır. Sadəcə olaraq bir-iki partiyanı çıxmaq şərtilə yerdə qalan bütün partiyalar bu dialoqda iştirak edirdi. Onların hər biri də öz təkliflərini təqdim edirdi. Beləcə bütün təkliflər toplanır, onun ardıcıllığı ilə də müzakirələr aparılırdı. Hesab edirəm ki, növbəti ildə də eyni proses davam etdiriləcək". Millət vəkili dekabrın sonunda gözlənilən əfv fərmanı barədə də danışıb: "Hesab edirəm ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə prezident İlham Əliyev tərəfindən əfv sərəncamı imzalana bilər".
YAP icra katibi müavininin sözlərinə görə, hər il ölkədə dövlət başçısı tərəfindən əfv sərəncamları imzalanır: "Ölkə başçısı hər zaman humanist siyasət yürüdüb. Hələ ümummilli lider Heydər Əliyev hakimiyyətdə olarkən Azərbaycanda ölüm hökmünün icrasını dayandırdı. Bundan sonra isə ölkəmizdə ölüm hökmü ləğv olundu. Vaxtilə ulu öndər tərəfindən də bir neçə əfv sərəncamları imzalanmışdı və amnistiya verilmişdi. Eləcə də cənab prezident İlham Əliyev tərəfindən də əfv sərəncamları olub və amnistiya haqqında sənədi imzalayıb. Bilirsiniz ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə də Azərbaycanda çox böyük Amnistiya Aktı qəbul olundu. Bu akt 9 minə yaxın insana şamil olundu".
S.Novruzov əlavə edib ki, Azərbaycanın həm milli bayramlarında, həmçinin də bəzi dini bayramlarda prezident İlham Əliyev tərəfindən əfvlə əlaqədar müraciət olunan, əfv komissiyası tərəfindən baxılıb göndərilən sənədlərə imza atılır və əfv sərəncamı verilir: "Hesab edirəm ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə də dövlət başçısı növbəti dəfə əfv sərəncamı imzalaya bilər. Amma bu məsələ həm əfv komissiyasının, həm də cənab prezidentin səlahiyyətinə daxil olan məsələdir".
Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə bağlı danışan millət vəkili deyib ki, vaxt keçdikcə, onun siyasi fəaliyyəti araşdırıldıqca Heydər Əliyevin dahiliyi, uzaqgörənliyi, əvəzolunmaz olduğu bir daha öz təsdiqini tapır:
"Azərbaycanda stabillik, vətəndaş müharibəsinin, etnik separatizmin, qardaş qırğının qarşısının alınması və ölkəmizin bugünkü inkişafı ümummilli liderimizin zəhmətinin, əziyyətinin, onun böyük siyasətinin nəticəsidir. Bu gün nəinki Azərbaycan xalqı, eləcə də bütün dünya azərbaycanlıları, türk xalqları və digər xalqlar bunu dərk edir. Ukraynada hadisələr baş verərkən Azərbaycan müxalifətinin böyük hissəsi qeyd etdi ki, Ukraynaya Heydər Əliyev lazımdır. Eləcə də ərəb dünyasında baş verən hadisələrdə də hamı ümummilli lideri xatırlayırdı. İşlədiyi bütün dövrlərdə ulu öndər Azərbaycan xalqı, milləti, türk dünyası üçün çalışıb.
Heydər Əliyev hansı vəzifədə işləməsindən, quruluşundan, dövründən, zamanından, məkanından asılı olmayaraq həmişə çalışıb ki, xalqına xidmət etsin. Beləcə, bugünkü çiçəklənən, inkişaf edən, stabil Azərbaycanı dünya ölkələri sırasında önə çıxardı. Təbii ki, bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hesab edirəm ki, bundan sonra da bu siyasət uğurla davam etdiriləcək. Bu gün Yeni Azərbaycan Partiyası regionun ən aparıcı partiyasıdır. Bu ilin noyabrın 1-də ölkəmizdə keçirilən parlament seçkilərində də Heydər Əliyev siyasəti yenidən qalib gəldi. Bütün dövr ərzində YAP-ın rayon və şəhər təşkilatlarında, həmçinin Mərkəzi Aparatında ümummilli lider anılır və müxtəlif səpkili tədbirlər, təqdimatlar keçirilir. Təbii ki, bu proses davam etdiriləcək. Bu gün Azərbaycan yeganə dövlətlərdən biridir ki, özü müstəqil siyasət yürüdür. Məhz o balanslaşdırılmış xarici siyasətin təməlini Heydər Əliyev qoyub. Azərbaycan hər bir dövlətlə bərabərhüquqlu şəkildə böyüklüyündən, kiçikliyindən asılı olmayaraq öz münasibətlərini qurur".
PƏRVANƏ