|
|
|
|
Məlum olduğu kimi, Azərbaycanın hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatdan sonra Bakının Nardaran qəsəbəsi onu girovluqda saxlayan terror qruplaşmasından təmizlənib, öz dinc həyatına, ümumazərbaycan mühitinə qaytarılıb.
Hazırda qəsəbədə bərpa və quruculuq işlərinin sürətləndirilməsi, mədəni -sosial həyatın canlandırılması, sakinlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılmaqdadır. Bu mənada, kəndin nəqliyyat sistemi yenidən təşkil edilib, böyük miqdarda borclara baxmayaraq 1000-ə yaxın ailəyə işıq verilməsi bərpa olunub. Azərbaycan hökuməti “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və Azəravtoyolservis” Səhmdar Cəmiyyəti rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyub.
Bununla yanaşı, Prezident İlham Əliyevin sərəncamına əsasən Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial -mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılıb.
Qeyd edilməlidir ki, bu vəsait ilkin məbləğdir. Qəsəbənin problemlərinin həlli, abadlıq quruculuq işləri, mədəni həyatın inkişafı, sosial rifahın artırılması istiqamətində bundan sonra da müvafiq addımlar atılacaq.
Millət vəkili Zahid Oruc hesab edir ki, ölkə başçısı İlham Əliyev tərəfindən imzalanan sənəd dövlətin Nardaranda sosial-iqtisadi inkişafı bərqərar etməkdə maraqlı olduğunu sübut edir: “Bundan əvvəl həyata keçirilən əməliyyatlar orada din pərdəsi altında fəaliyyət göstərən ekstremist, kriminal ünsürlərə qarşı idi. Lakin Nardaranda guya bütün xalqla dava aparan dövlətdən bəhs edənlər indi qeyd etdiyimiz qərarla əks mənzərənin şahidi olurlar. Bundan sonra onlar cəfəng mövqelərini necə izah edəcəklər? Nardaranda İslam peyğəmbərinin dövründəki mübarizənin aparıldığını iddia edənlər, buna ictimai ədalət xarakteri verənlər, nardaranlıların bütün azərbaycanlıların əvəzinə döyüşdüyündən danışanlar qarşılarında gördükləri vəziyyətlə özlərinə necə bəraət qazandıracaqlar?”.
Millət vəkili qeyd edib ki, Daxili Qoşunlarının əməkdaşlarının qəsəbədə həyata keçirdiyi tədbirlər, silahların müsadirə edilməsi, cinayətkarların cəzalandırılması istiqamətində işlərin aparılması yerli sakinlər tərəfindən də müsbət qarşılanıb: “Bizdə olan məlumatlara görə, Nardaran sakinləri oradakı hüquq mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edirlər ki, nəhayət onlar əsarət silahlarından, müxtəlif dini idealoji təsirlərdən azad olublar. Əgər dövlət inzibati mexanizmlərlə məhdudlansaydı kənd sakinləri işsizlik, təminatsızlıq, təhsilsizlik və təhlükəsizlikdən əziyyət çəkərək əvvəlki vəziyyətə qayıdacaqdı. Qeyd etdiyimiz şər qüvvələr isə bundan istifadə edib guya dövlətin onların inanclarına qarşı mübarizə apardığını sübut etməyə çalışacaqdılar”.
Z.Orucun sözlərinə görə, Nardaran kəndi ilə bağlı dövlətin son qərarları sübut edir ki, Prezident İlham Əliyev yeni bir Nardaran inşa etməkdədir: “Bu gün Nardaranda dövlətimizin bərqərar olması prosesi gedir. Lakin bununla bərabər orada dövləti tanımamaq, öz qanunları ilə yaşamaq, ətraf aləmdən təcrid olunmaq kimi fikirlərin formalaşdırıldığı da heç kimə sirr deyil. Bu, mənfi tendensiyalardan istifadə edən bəzi xarici dövlətlər öz maraqları naminə qəsəbə və onun sakinlərindən istifadə etməyə çalışırdılar. İndi isə dövlət bütün gücü ilə qəsəbənin abadlaşdırılması, infrastrukturun bərpa olunması, işıq, qaz, su və digər kommunal təminatların verilməsi, şər, qaranlıq və dini fanatizmin əlindən camaatın alınması istiqamətində tədbirlər görməyə davam edir. Dövlət səviyyəsində atılan son addımlar Azərbaycanın digər bölgələrində də dini cəhalət silahına çevirənlərin hamısına zərbə olacaq. Bundan sonra biz qarşımızda fərqli bir məkan görəcəyik”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov qeyd edib ki, Bakı və Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı var: “Proqram çərçivəsində Bakıətrafı kənd və qəsəbələrin sağlamlaşdırılması və güzəştli kreditlərin verilməsi nəzərdə tutulub. Ardıcıl olaraq bu istiqamətdə işlər davam etdirilir”.
Mərkəz sədrinin sözlərinə görə, təəssüflər olsun ki, Nardaranda əvvəllər müşahidə olunan çətinliklərə görə kənd sakinlərinin dövlətin ayırdığı yardımlardan faydalanmasına maneə törədən qruplaşmalar var idi: “Digər qəsəbələr kimi, Nardaranın da hər zaman dövlət dəstəyi ilə əhatə olunmasına baxmayarq bəzi hallarda kənd sakinlərinin üzərinə düşən öhdəlikləri yerinə yetirmələrinə imkan verilmirdi. Bunu kommunal xidmətlərlə bağlı yığılan borclarda da görmək mümkündür. Bütün bunlar qəsəbəyə dövlət səviyyəsində ayrılan diqqətin tam formada həyata keçməsinə imkan vermirdi. Hazırda isə Nardaranda abadlıq və quruculuq işlərinin aparılması üçün 12 milyon vəsaitin ayrılması Prezident səviyyəsində orada yaşayan vətəndaşlarımıza siyasi dəstək göstərildiyini sübut edir. Söhbət kifayət qədər böyük məbləğdə vəsaitin Nardarana ayrılmasından gedir. Atılan addımlar Nardaranın sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq”.
V.Bayramov bildirib ki, Nardaranda bir qrup radikalyönümlü şəxslərin dövlətin əleyhinə iş aparmasına baxmayaraq, indi bütün bu, mənfi hallar arxada qalıb: “Hazırda da Nardaranın inkişafı dövlətin qarşısında duran prioritet məsələlərdəndir. Ayrılan ilkin vəsait Nardaranda iqtisadi və sosial şəraitin yenidən qurulmasına imkan verəcək. Əslində söhbət təkcə vəsaitin ayrılmasından getmir. Çünki ayrılan vəsaitlə yanaşı dövlət müvafiq qurumlar qarşısında tapşırıqlar da qoyub. Bundan sonra dövlət qurumları Nardaranın həm sosial, həm iqtisadi, həm də mədəni inkişafına yaxından dəstək verəcək”.
İqtisadçı alim vurğulayıb ki, Prezidentin imzaladığı son fərman Nardaranın inkişafında yeni mərhələnin əsasını qoyacaq: “Bununla qısa zamanda qəsəbənin infrastrukturu yenilənəcək, dövlət qurumları ilə kənd sakinləri arasında münasibətlər tənzimlənəcək və Nardaran Azərbaycanın sürətli inkişafına qoşulacaq”.
Ceyhun ABASOV