|
|
|
|
2016-cı il üçün Avropa gənclərinin paytaxtı seçilmiş Gəncəyə bu simvolik açar yekunlaşmaqda olan ildə həmin statusu daşımış, Rumıniyanın Kluj Napoka şəhərindən gətirilib.
Gəncə Beynəlxalq Hava Limanında şəhər ictimaiyyətinin nümayəndələri və gənclər simvolik açarın gətirilməsini coşqu ilə qarşılanandan sonra gənclər avtobus və avtomobillərlə Gəncə şəhərinin prospekt və küçələrini dolaşaraq onu şəhərin Baş Meydanına gətiriblər. Fəal gənclər milli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, onun önünə gül dəstələri qoyublar.
"Gəncə Avropa Gənclər Paytaxtı-2016 " İctimai Birliyinin sədri Elmir Vəliyev Kluj Napoka şəhərindən simvolik açarın saxlanılması estafetinin Gəncəyə yetişməsi münasibətilə gəncləri təbrik edərək bildirib ki, bu hadisə ölkəmizdə gənclərə olan dövlət qayğısının daha bir təzahürüdür.
Xatırladaq ki, Avropa Gənclər Paytaxtı "Avropa Gənclər Forumu"nun (AGF) həyata keçirdiyi beynəlxalq layihədir. AGF qitə ölkələrinin Milli Gənclər Şuralarının və beynəlxalq qeyri-hökumət gənclər təşkilatlarının beynəlxalq platformasıdır. AGF ilk dəfə Avropa Gənclər Paytaxtı (AGP) layihəsini 2009-cu ildə həyata keçirmişdir. Avropanın ilk seçilən gənclər paytaxtı Rotterdam (Niderland - 2009), daha sonra Turin (İtaliya - 2010), Antverpen (Belçika - 2011), Braqa (Portuqaliya - 2012), Maribor (Sloveniya - 2013), Saloniki (Yunanıstan- 2014) və Kluj Napoca (Rumıniya - 2015) olmuşdur.
Hər hansı şəhərin Avropa Gənclər Paytaxtı seçilməsi, orada fəal gənclər fəaliyyətinin həyata keçirilməsindən, gənclərin yüksək məlumatlılıq və inkişaf səviyyəsindən xəbər verir. Gənclər paytaxtı seçilən şəhər bir il ərzində gənclər sahəsində həyata keçirdiyi proqram və layihələr haqqında məlumatı Avropa ölkələrinə nümayiş etdirmək imkanı qazanır. Avropa Gənclər Paytaxtının seçimi münsiflər heyəti vasitəsilə həyata keçirilir.
Münsiflərin son heyəti Avropa Gənclər Foumunun, Avropa Şurasının, Avropa İttifaqının, bir sıra beynəlxalq qurumların, Rumıniya Milli Şurasının və Kluj Napoka bələdiyyəsinin nümayəndələrindən təşkil olunub.
Gəncə şəhəri 2016-cı ildə Avropa Gənclər Paytaxtı olmaq üçün 2014-cü ildən Avropa Gənclər Forumunun təşkil etdiyi müsabiqəyə qoşulub. Müsabiqədə Avropanın müxtəlif ölkələrindən olan 12 şəhərlə yarışan Gəncə hədəfinə yaxınlaşmağa nail olub. Müsabiqənin final mərhələsinə adlayan Gəncə digər 5 şəhərlə Badajoz (İspaniya), Galvay (Şimali İrlandiya), La Laguna (İspaniya), Varna (Bolqarıstan) və Vilnius (Litva) şəhərləri ilə yarışmalı olub və qalib gəlib.
Qeyd edək ki, 2012-ci ildə Gəncə şəhəri Azərbaycanın Gənclər Paytaxtı da olub.
Zakir MURADOV
Gəncə