“Google” şirkətinin “iPhone” smartfonlarında standart axtarış sistemi kimi quraşdırılmaq üçün 2014-cü ildə “Apple” korporasiyasına 1 milyard dollar ödədiyi ortaya çıxıb.
İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, gizli saxlanılan bu sövdələşmə məhkəmə proseslərinin birində bəlli olub. Belə ki, “Oracle Corp.” tərəfindən müəllif hüquqlarının qorunması ilə bağlı “Google”a qarşı qaldırılan məhkəmə iddiası üzrə keçirilən iclasın stenoqramında bu barədə məlumat əksini tapıb. “Google”un “Apple”a gizli ödənişi barədə informasiyası “Oracle”ın vəkili Annet Herst açıqlayıb.
“Apple”ın cihazlarında standart axtarış sistemi olmaq üçün “Google”un bu korporasiyaya pul ödəməsi məsələsi uzun müddətdir söz-söhbət şəklində yayılır, lakin “Apple” heç vaxt bu haqda açıqlama verməyib. Vəkil A. Herst onu da deyib ki, iki tərəf arasındakı razılaşmaya əsasən “Google” “Apple” cihazları vasitəsilə əldə etdiyi gəlirdən bu şirkətə faiz də ödəyir.
“Google” “Apple” ilə sövdələşməsinə dair konfidensial informasiyanın ictimaiyyətə açıqlanmasına etiraz edib və məhkəmə stenoqramının redaktə olunmasını istəyib. Şirkətdən bildirilib ki, bu məlumatın yayılması gələcəkdə digər şirkətlərlə razılaşmalar əldə olunmasını ciddi şəkildə çətinləşdirə bilər. “Apple” bu məsələdə “Google”a dəstək verib.