“Porsche” kompaniyasının direktorlar şurasının sədri Oliver Blyum şirkətin avtopilotlu avtomobil istehsalını planlaşdırmadığını bildirib.
AzərTAc Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Blyumun sözlərinə görə, şirkət əksər avtomobil istehsalçılarından fərqli olaraq, pilotsuz texnologiyalar sahəsində rəqabətə qoşulmaq niyyətində deyil.
“Alman avtomobil markasının sahibləri maşınlarını özləri idarə etməyi üstün tuturlar”, - deyə o vurğulayıb.
“Boston Consulting Group” kompaniyasının proqnozuna əsasən, 2025-ci ilədək avtomobillərin 13 faizi sürücünün köməyi olmadan hərəkət edə biləcək.
Artıq “Volkswagen” konserni istehsal etdiyi avtomobillərə pilotsuz sistem quraşdırmaq barədə planlarını açıqlayıb.
Yaxın zamanlarda “Ford” kompaniyası da “Google” şirkəti ilə pilotsuz avtomobillər üzərində müştərək işə başlamaq niyyətindədir.
“Tesla Motors” avtomobil kompaniyasının baş direktoru Elon Maskın sözlərinə görə, tam “müstəqil” avtomobilin hazırlanması yalnız 2018-ci ildə reallaşa bilər.