Fevralın 12-də “Yay” qalereyasında abstrakt heykəltəraşlıq instalyasiyaları ilə tanınmış rəssam Rəşad Ələkbərovun “Yox yerdən təzahür etmiş” (“Something From Nothing”) adlı fərdi sərgisi açılacaq.
AZƏRTAC buro247.az saytına istinadla xəbər verir ki, rəssamın təqdim olunacaq sərgisi dünyada baş verənlərə cavab olaraq siyasətdən uzaq duran, hətta tam əksinə - bizi minilliklərin bu gün yenidən aktual olan aydın hikmətlərinə yönəldən bir reaksiyasıdır.
R.Ələkbərov artıq uzun müddətdir ki, öz yaradıcılığında işıqla kölgənin, simvolla mətnin, sözlə mənanın oyunu üzərində tədqiqatlar aparır.
Rəssam XXI əsrdə bəşəriyyəti informasiya xaosunda boğulan dünyaya gətirib-çıxarmış təkamül yolunu təhlil etməyə cəhd göstərir.
Onun yaradıcılığına xas olan metal instalyasiyalar da divardakı rəsmlərlə səsləşir. İşıqla kölgənin oyunundan doğan yazılar divarda təzahür edərək, bizi unutduğumuz dözümlüyə, təmkinliyə, həqiqi dəyərlərə qayıtmağa çağırır.
Sərgi martın 31-dək davam edəcək.